"Gəlinimi gətirmişəm, bu gün müayinəsinin vaxtıdır" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"
-Yasəmən. Yasəmən hardasan axı? İndi bu toranlıqda səni hardan tapım mən?
Dolaşdığım küçələrin birində günorta həkimgilə gələn maşın yanımdan keçib dayandı. Lopabığ bir kişi başını maşının şüşəsindən çıxardıb məni səslədi. Üz-gözündən yaxşı adama oxşayırdı. Guya pis olsa nə edəcəkdi ki? Ovcumu biri-birinə vura-vura maşına yaxınlaşdım.
- Adın nədi sənin?
- Aypəri.
- Nə qəşəng adın var. Kim qoyub adını?
- Bilmirəm.
- Hmm. Yaxşı bu axşam vaxtı nə axtarırsan?
- Başı batmış Yasəməni. Bacımı.
- Balacadı?
- Hə 5 yaşı var.
Kişi cavabımdan rahatlandı.
- Gəl otur aparım səni bacının yanına.
- Sən oğurlamısan onu?
Adam sözümdən tutuldu. Ani durğunluqdan sonra üzündə təbəssüm əmələ gəldi. Gülümsədi. Gözlərinin ətrafı qırışlandı.
- Heç mən adam oğurlayana oxşayıram?
- Bəs bacım hardadı ki, məni ora aparırsan?
- Mən qəbiristanlıqdan gəlirəm. Gördüm bir uşaq baş daşlarının üzündə şəkillərə baxa-baxa ortalıqda fırlanır. Soruşdum ki, nə axtarırsan? Dedi anamı. İstədim tutub maşına gətirəm. Ehtiyat elədim ki, qorxub özünü kola zada soxar. Ayağında da cırıq sandal vardı.
Kişinin dediklərini eşidən kimi maşından uzaqlaşıb yenə babamın yanına qaçdım.
Babam at arabası ilə harasa gedirdi. Qabağına qaçıb arabanı saxlatdım.
- Tapmışam. Yasəməni qəbiristanlıqda görüblər.
Babam dillənmədən atı qamçıladı. Yüyənini çəkib qəbiristanlığa tərəf sürdü. Zalımın balası məni də arabaya götürmədi. O atlı, mən piyada gəlib ünvana çatdıq. Yasəmən təzə bir qəbrin yanında oturub ağlaya-ağlaya nəsə danışırdı. Özümü çatdırıb bacımı bərk-bərk qucaqladım. Babam at qamçısının ağac tərəfi ilə Yasəmənin yumşaq yerindən bir toxat vurdu.
Gəlib arabada oturduq. Yol boyu babamın qorxusundan səsimizi çıxartmadıq. Amma, bacım eləcə yumşaq yerini ovuşdurub səssiz ağlayırdı.
Bacımın üstündə ağladığı torpaq topası anamın qəbri imiş. Necə tapıb, kim göstərib, onu heç vaxt bilmədik.
Babam bizi gətirib qapının önündə düşürdü. Sakitcə evə keçdik. Yemək üçün bir şeylər axtarmağa başladıq. Əvvəl istədim gedib Arzunun ehsanıyla qarnımızı doyuraq, amma, qorxdum ki, babam orda olar bizi qamçılayar. Evdə olandan, olmazdan yeyib yatağımıza uzandıq. Gündüz o qədər hərəkətdə olurduq ki, yerimizə uzanan kimi yuxu bizi aparırdı.
Yasəmən yatdı. Mənsə gözümü tavana zilləyib onun qəbirstanlığa necə getdiyini, anamın yatdığı yeri necə tapdığını, nə danışıb ağladığını beynimdə analiz edirdim. Beləcə mən də yuxuya keçdim.
Gecənin səssizliyində itimizin hürməyinə gözlərimi açdım. Bu dəfə daha möhkəm hürürdü. Bacım da oyandı. Atamın gəlişinə sanki üzümüzdə təbəssüm, içimizdə bir güvən yarandı. Amma, itin səsi kəsmirdi, heç azalmırdı da. Dizi üstə yeriyib pəncərəyə yaxınlaşdım. İşığın altında heçnə görünmürdü. Köpək eləcə həyətdə hürə-hürə dolaşırdı. Qapının cəftəsini açıb araladım. Başımı arasından çıxardıb it hürən tərəfə baxdım. Çardağın altında bir qaraltı vardı. Ya at idi, ya da inək. Aydın görmək üçün pilləkənə çıxdım. Gördüyüm qaraltı dirəyə bağlanmış bir dana idi. Yəqin babam gətirib. O biri inəkləri vurmasın deyə gətirib bura bağlayıb.
İçəri keçib yerimə uzandım.
- Atam yemək gətirməyib?
- Ata deyil, babam inək gətirib bağlayıb. Yat yuxun dağılmasın.
Bacımdan əvvəl mən yuxuya keçdim. Bu dəfə oyanmağım isə daha qorxulu oldu. Küçədən gələn qışqırıq, ağlaşma səsinə yerimdən dik atıldım. Qapıya qaçıb cəld evdən çıxdım. İtimizin də səsi kəsmirdi. Həyətdəki çardağa tərəf boylandım. Babamın gətirdiyi dana yerində yox idi. Özümdən böyük bir paya götürüb küçəyə çıxdım. Küçənin lap başında, Arzu həkimin evinin qabağında böyük bir tonqal yanırdı. Kənd camaatı hərə bir tərəfdən odu söndürməyə çalışırdı. Alov o qədər böyük idi ki, yaxına getmək olmurdu.
Əlimdəki payanı qapıya söykəyib tələsik oların yanına getdim. Yaxınlaşdıqca məni alovun istisi vururdu. Bu yanan ocaq Arzu həkimin yas çadırı idi. Alovun isığında parıldayan tanış sifətlərin arasında babamı da gördüm. Gözünə görünməmək üçün qismən qaranlıq bir yerə çəkilib hadisələri izləməyə başladım.
Ətrafdakıların hərəsi bir söz danışırdı. Qəfl eşitdiyim xəbərdən bədənim üyüşdü. Kimsə dedi ki, "bir atlı kişi çadırı yandırıb, sonra, atını meşəyə tərəf çapmağa başlıyıb. Bəlkə də Əzizin işidir!"
Bunu eşidincə tapdığım ilk fürsətdə ordan uzaqlaşdım. Evə tərəf qaçmağa başladım. Həyətin qapısını bağlıyıb, özümü evə soxdum. Heç köpək də gözümə dəymədi. Bacım yerin ortasında oturub qarpız qabığının içini eşələyirdi. Qorxudan az qalırdım gedib itin yuvasında gizlənim. Amma, tək deyildim axı.
Yaxınlaşıb içinin ağı da yeyilmiş qabığı bacımın əlindən aldım.
- Yasəmən, dur ayaqqabını geyin gedirik.
- Hara gedirik?
- Babamın yanına. Bax mənə qulaq as. Yuxulu deyilsənki?
Yasəmən başını yellədi.
- Yolda mənim adımı çəkmə. Heçnə soruşma. Ümumiyyətlə səsini çıxartma. Eşitdin?
Yasəmən bu dəfə də başıyla "hə" deyib, yerindən qalxdı. Ayaqqablarımızı geyinib evdən çıxdıq. Tövlədən taqqıltı gəlsə də əhəmiyyət vermədim.
Bir baş həyətdən çıxmağa can atdım. Küçəyə çıxdıq. Camaat hələ də yanğının ətrafında idi. Qapıdan azca aralanmışdıq ki, polis geyimində iki kişi qabağımızı kəsdi.
Qorxum biraz da artdı.
- Hara gedirsiz?
Dinmədim. Bacım da əlimi bərk sıxdığından qorxduğunu bildim.
- Eşitmirsən?
Polis üstümə qışqıran da Yasəmən ağlamağa başladı. Yanındakı polis tez aşağı əyilib bacımı sakitləşdirdi. Bu dəfə o əli ilə "hara?" işarə elədi.
- Babamın yanına gedirik.
- Atan gəlməyib?
- Yox! Biz 2 aydır tək qalırıq.
- Bəs, Asya deyir hər axşam atan sizə yemək gətirir.
- Onu özüm yalandan demişəm ona.
- Niyə? Asya nə deyir ki?
- Olar mənə lağ edirlər ki, atanı meşədə heyvanlar yeyib. Yetimsiz. Mən də dedim ki, atam sağdı, hər axşam yanımıza gəlir, bizə yemək gətirir. Biz yatandan sonra gedir.
Polis dediklərimə inanmasa da Asya ilə söz davamız həqiqətən belə olmuşdu.
Arxamı ona tərəf çevirib sönməkdə olan yas çadırına baxdım.
- Əmi, doğurdan onu atam yandırıb?
Sualımdan polislərin ikisi də şoka düşdü. Bayaq üstümə qışqıran polis tez gəlib qolumdan yapışdı.
- Kim dedi bunu sənə?
- Heç kim demədi.
Güclə qolumu polisin əlindən dartıb çıxartdım.
- Orada eşitdim. Bir arvad belə danışırdı.
Daha dillənmədilər. Görünür bizim hər şeydən həqiqətən xəbərsiz olduğumuza əmin idilər. Hətta, yolumuza davam etmək üçün qabağımızdan da çəkilmişdilər. Amma, mən yenə ortalığı qarışdırdım.
- Əmi, bəs siz niyə burda durmusuz?
- Atanı gözləyirik.
Mülayim polis sakit səslə cavab verdi.
- Atam gəlib ki?
- Hə, yəqin hardasa gizlənib.
Polisin cavabına elə bil bacım yuxudan dik atıldı. Var gücü ilə atamı çağırmağa başladı. Mən də ona qoşuldum.
- Ataaa.
- Ata qaaaaç. Polislər səni tutmağa gəlib!
Olar ağzımızı yummağa çalışsalar da olmadı. Əllərindən çıxıb çağıra-çağıra həyətə keçdim. Bir baş tövləyə qaçdım. Polislər də arxamca içəri soxuldular. Bayaq dirəyə bağlanmış dana tövlənin tavanından asılmışdı. Dərisi yarıya qədər soyulmuş heyvanın kəsilmiş başından qan hələ də dammaqda idi.
Bizimlə mülayim davranan, yaşca da o birindən böyük görsənən polis istehza ilə gülümsədi.
- Görünür Əziz bu dananı doğrayıb, arvadı üçün ehsah paylayacaqmış. Sən bundakı ürəyə bax ee.
Bayaqdan bəri hirsini heçnədən çıxara bilmiyən dəlisov polis əlinin arxasilə ağzımın üstündən bərk ilişdirdi. Zərbənin təsirindən səndələyib yıxıldım. Başım qapının çərçivəsinə dəyib yarıldı. Yaramı bərk-bərk sıxıb qanı saxlamağa çalışdım. Qan barmaqlarımın arasından fısqırmağa başladı. Ayağa qalxmaq istəsəm də huşumu itirib təzədən yıxıldım.
***
-Həkim, gəlmək olar?
- Əlbəttdə buyurun.
- Gəlinimi gətirmişəm, bu gün müayinəsinin vaxtıdır.
- Lap yaxşı. Keçsin hazırlaşsın, gəlirəm.
Yenə söhbətimiz yarımçıq qaldı.
Özünüzə yaxşı baxın, gəlib davamını danışacam.
(Ardı var) Müəllif: Vasif ƏnvəroğluGender.Az