Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
"Bir oğul ki, əsgərliyə yaramır, mən onu neynirəm?" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"


Ağ xalatlı Aypəri.

Arzu həkimin ölümü və atamın ortalardan yox olmağı kənddə uzun müddət danışıldı. Çox güman ki, bu hadisəni siz də eşitdiz.Yəqin məni tanıdınız. Mənim adım Pəridir, Əzizin böyük qızıyam.

Anam öləndə mənim 8 yaşım vardı. Bacımın isə 5 yaşı. Anamın ölümündən, atamın gedişindən sonra biz ortalıqda qaldıq. Hamı bizə xalq düşməninin uşağı kimi baxırdı. Kimin əlindən nə pislik gəlirdisə edirdi. Ən yaxınlarımız, doğmalarımız belə bizi qapı dalında qoyurdu. Çox ağır illər yaşadıq.

O vaxtlar biz də hamı kimi atamı qınayırdıq, ona hər gün lənət oxuyurduq. Amma, böyüdükcə, həyatı dərk etməyə başladıqca atamın hərəkətinə bəraət qazandırmağa başladım. Bəzən haqqlı olduğunu da anladım.

İndi mən özün həkiməm. Həm də mama-ginekoloq. Heç həkim olmamışda başa düşdüm ki, o vaxtı Arzu həkim anamı xilas edə bilərmiş. Amma, etmiyib! Bilirsiz niyə?
Arzu həkimin bir xasiyyəti vardı. O istəyirdi ki, ona həmişə nəvazişlə yanaşsınlar. Heç kim onu incitməsin, xüsusən də kişilər. Atam onu acılamasaydı, anamın dediyi kimi həkimi dilə tutsaydı elə onun özü anamı abort edərdi. Anamın hadıx Cənnətin yanına getməyi, atamın onun tənhalığını üzünə çəkməsi həkimin damarına basmışdı. Qətiyyən anama kömək eləməzdi. Necə ki, eləmədi.

Arzu həkim yaxşı qadın həkimi idi, xəstələrinə qarşı çox tələbkar idi. Xəstələri də ondan çəkinərdilər. Düzdü əlində ölən olmamışdı, amma, doğuşda şikəst etdiyi uşaqlar olurdu. Heç yadımdan çıxmaz Cəmalə bibinin oğlu olanda uşağın qoluna nəsə eləmişdi. Vəziyyəti yumşaltmaq üçün "ay qız lap yaxşı əsgərliyə aparmayacaqlar!" deyirdi.

Cəmalə bibinin həkimə olan cavabı hələ də qulağımdadı.

- "Bir oğul ki, əsgərliyə yaramır, mən onu neynirəm?"

Mən onda anlamışdım oğlan uşağı ata-ana üçün nə deməkdi. Niyə ailələr oğlan uşaqlarına bu qədər dəyər verirlər. Axı onlar bir nəsilin davamçıları idilər.
Atam da məhs buna görə oğlunun olmağına can atırdı. Çünki, o atası üçün əsl oğul olmuşdu. İstiyirdi onun da adını tutan, nəslini davam etdirəm bir övrəti olsun. Olmadı!

Həmin gecə bütün kəndi polislər mühasirəyə almışdılar. Evbəev yoxlayırdılar. Kəndimizə giriş-çıxış bağlı idi. Meşə yolunda neçə atlı polis atamı axtarırdı. Hər tərəfdə ağlaşma, qışqırıq səsləri adamın bağrını yarırdı. O qədər ağlamışdım ki, anamın neşinin üstündə məni yuxu aparmışdı. Oyananda gördüm ki, camaat namaza hazırlaşır. Qışqırıb anamın kəcavəsindən yapışıb, ayırmırdım.
Arzu həkimi də həmin günü dəfn etdilər. Amma, onu anamdan daha hörmətli, daha təmtəraqlı apardılar. Rayon xəstəxanasından xeyli həkim yoldaşları gəlmişdi. Qəbristanlıq yolunda böyük izdiham var idi.

Anamın isə nə atası, nə qardaşı, nə də əri cənazəsində yox idi. Kəndin 5-3 nəfər yaşlı kişisi ayaqları bir birinə dolaşa-dolaşa cənazəni sürütlüyüb aparırdılar. Desəm ki, heç molla da fərli-başlı yasin oxumadı, məni qınamayın. Fatma nənəm də elə həmin gün gəldiyi oldu. Anamın nə 3-ündə nə də 7-sində qızının yasına gəlmədi. Hər kəsin içində anama qarşı bir qəzəb hissi vardı. Sanki, bütün günahlar onun qız uşağı üçün hamilə olması idi.

Bir günün içində evimiz bom-boş qaldı. Hər kəs öz evinə çəkildi. İki azyaşlı qız uşağı Allaha sığınmaqdan başqa çarəmiz yox idi. Evdə olan çörək də çoxdan qutarmışdı.

Anam ağzının loxmasını verdiyi qonşularımız belə bizi yox sayırdı. Gündüzlər bir təhər keçinirdik, amma, axşamları bizə cəhənnəm əzabı idi. Axşam olanda gecənin qaranlığından, çöldən gələn səslərin qorxusundan çarpayının altında yatırdıq. Səhərlərin doğan günəşi bizim üçün növbəti əzab gününü açırdı. Bir qarın çörək üçün yenə kiminsə tövləsini təmizləməli, ya da həyət bacasında zibillə əlləşməli idik. Hərdən babam 1-2 çörək gətirirdi. Gələndə də bizlə görüşmürdü. Gecə gətirib ya pilləkənə qoyurdu, ya da itin ağzı çatmasın deyə qapıdan asıb gedirdi. Biz onu çörəyindən tanıyırdıq. Babam çörəyi fərqli bişirirdi. Anam deyirdi ki, nənəm öləndən sonra babam onun təndirini boş qoymadı.

Beləcə günlər eyni cür təkrarlanırdı. Bir dəfə gecə yarı itimiz bərk hürməyə başladı. Tez qaçıb küncdəki sınıq şkafın arxasında gizləndik. İtin hürməyi dayandı. Mən eşitmədim amma bacım dedi ki, atın ayaq səslərini eşitdim. Qorxu içində pəncərəyə yaxınlaşıb çölə boylandım. Həyətdə itimizin qabağında heyvan leşi vardı.

Ürəklənib qapını açdıq. Pilləkənə qoyulmuş kisəni görüb üzümüz güldü. Atamın tənbəki qəlyanının iyi həyəti başına götürmüwdü. Bacım düz deyirdi gələn atlı atam imiş. Hərəmiz bir tərəfindən dartışdırıb kisəni açdıq. Hardan əlinə nə keçmişdisə meyvədən, tərəvəzdən doldurmuşdu kisəni.
Ömrüm boyu ana həsrətinin, ana nəvazişinin acısını çəkmişəm. Amma, anasızlığı ilk dəfə körpəcə Yasəmənin qabığı soyulmamış badımcanı çiy-çiy yeməyində, əlimdəki undan itə yal belə bişirə bilməyəndə hiss elədim....

Küçəmizin başında böyük yas çadırı qurulurdu. Axı sabah Arzu həkimin 40 mərasimi idi. Anamın isə adını da tutan yox idi. Görünür sovetlikdən babama belə tapşırıq veriblərmiş. Kim bilir bəlkə də qəbri üstə getməyə də qadağa qoymuşdular?!. Onsuz da biz onu harda basdırdıqlarını bilmirdik. Bəlkə hələ nişanə üçün qoyulmuş ağacı da çıxardıb atmışdılar. Nə bilim.

Arzu həkimin evinə rayondan gələn maşından çoxlu gül və əklil düşürdüb içəri apardılar. Yəqinki birazdan gedib məzarını bəzəyəcəkdilər. Özümü saxlaya bilmədim. Ağlıyıb evə keçdim. Döşəmənin üstə uzanıb oradaca yuxuya getmişəm. Oyanan da gördüm bacım həyətdə yoxdu. Səslədim cavab da vermədi. Yas mağarına getmiş olar yəqin. Gedib orada da axtardım. Yoxdu. Heç kim də görməyib. Bəs bu uşaq hanı? Ağlaya- ağlaya babamın üstə qaçdım.

- Ay baba Yasəmən yoxdu. İtib.
Babam üzümə də baxmadı. Kirli əllərini yelləyib donquldandı.

- Allah bilir hansı küllükdə eşələnir.
Bir söz deməyib ondan uzaqlaşdım. Tərslikdən havada toranlaşırdı. Yasəmən deyə-deyə küçələri dolaşmağa başladım.
Tapmadım.

***
Nəysə, durum gedim Sevda bacının qaynanasına sistem qoşacam. O da o qədər deyingən qadındır ki, saatından keçəndə elə bilir ömründən alıram.
Özünüzə yaxşı baxın, gəlib davamını danışacam.

(Ardı var) 



Müəllif: Vasif Ənvəroğlu

Gender.Az


Tarix: 07 iyun 2020
Baxış: 20615

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş