Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
“Əmini söy” deyə böyüdülən uşaqlar: Qanunvericilikdə bu cür valideynlər barədə maddə olmalıdır - RƏY

“Əmini söy, əmini söy”
“Səni vurdular, sən də vur. Birin söyəndə sən beşini söy, öyrətmişəm axı”

“Yekə oğlansan, döyülüb gəlmə evə”
“Gördün gücün çatmır, yerdən daş götür, çırp təpəsinə”…
Təəccüblü gəlsə də, ölkəmiz nadir ölkələrdəndir ki, uşaq dil açan kimi ona söyüş öyrətməyə çalışırıq. Daha dəhşətlisi bunu “mizah” anlayışı kimi qələmə veririk.
Xüsusən böyüklər uşaqların söyüş söyməsinə ürəkdən gülərək, həzz alırlar. Lakin düşünülmür ki, bu kəlmələr uşaqların psixologiyasına ciddi ziyan verir. Müəyyən yaşdan sonra isə uşaqlar bir məclisdə həmin söyüşləri işlədəndə aşağı-yuxarı bütün valideynlər deyirlər ki, “evdə də elə söz işlənmir ki, deyim bizdən öyrənib. Hardan öyrənib bu uşaq bu söyüşləri, vallah bilmirik”. Belə də olur, lakin əksər hallarda uşaq evdə gördüyünü, eşitdiyini daha tez yadında saxlayır. Bu məsələnin başqa tərəfi.
Bir müddət sonra valideynlər “mizah” kimi yanaşıb uşağa öyrətdikləri söyüşləri, vulqar ifadələri tərgitməsi üçün əllərindən gələni etməyə çalışırlar. Lakin nəticə verirmi? Xeyir, alınmır. Bu zaman isə uşağa şiddət başlayır. “Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm” və s. ifadələrlə uşaqları qorxutmaq cəhdləri onların psixologiyasında travma yaradır.
Tez-tez sosial platformalarda da blogerlərin, fenomenlərin övladları ilə canlı yayım açaraq onların yanında söyüş söymələri, uşaqların yaşına uyğun olmayan davranışlara yol verdiklərinin şahidi oluruq.
Görünən odur ki, valideyn olmaq üçün ailə qurub, övlad dünyaya gətirmək kifayət etmir…
Bəs valideyn necə olmalıdır? Bununla bağlı valideynlər nə üçün zəruri təlimlərə cəlb olunmur? Bu məsələdə yol verilən ən böyük səhv nədir?
Məsələ ilə bağlı Oxu.Az-a danışan psixoloq Təranə Kazımlı bildirib ki, təəssüf ki, uşaqlar valideynlərini seçə bilmirlər:
“Valideyn olmaq uşaqları yedizdirmək, əyin-baş almaq demək deyil. Onlar uşaqları psixoloji baxımdan qorumalı, təlim-tərbiyəsi ilə məşğul olsun, mənəvi baxımdan yanında olsun. Son dövrlərdə övladları vasitəsilə asan yolla pul qazanmaq, reytinq toplamağa çalışan valideyn obrazlarının sayı artıb. İnsanların təfəkkürü çox təəssüf ki, “Tik-Tok”, “İnstagram” kimi platformalarda məhz bu istiqamətdə hər hansı bir fəaliyyətə yönəlib. Bir çox bloger, fenomen analar öz uşaqlarından pul qazanmaq üçün istifadə edirlər. Buna dövrün tələbi deyirlər və mən bu ifadədən utanıram. Pandemiya dövrünün ən pis cəhətlərindən biri bu oldu ki, insanlar sosial şəbəkələrə çox bağlandı və hər şeyi, həyatlarını belə sosial şəbəkə üzərindən idarə etməyə başladılar. Valideynlər var ki, uşaqlarına görə, sosial platformalarda izləyici toplayır, reytinq arxasınca qaçırlar. Əlavə təəssüf doğuran məqam isə bu məsələnin daha da artması, həmin şəxslər arasında rəqabətin yaranmasıdır”.
Psixoloq onu da qeyd edir ki, 40-50 il bundan qabaq bir ailədə uşaq dünyaya gələndə, valideynlər uşaqla daha çox zaman keçirməyə cəhd edirdilər:
“İşləyən ailələr uşağının təlim-tərbiyəsini dövlət müəssisələrinə həvalə edirdilərsə, bu gün bu məqamlar da aradan qaldırılıb. Çünki, uşaq dünyaya gəlməmişdən onun barədə sosial şəbəkədə məlumatlar paylaşılır, dünyaya gəldikdən sonra uşağın demək olar ki, bütün dövrünü ictimailəşdirirlər. Uşaqların yanında səhv hərəkətlərə, vulqar ifadələrə yol verən “valideynlər” uşaqların gələcəkdəki reputasiyasını düşünmürlər. Sosial şəbəkələrdə paylaşılan məlumatlar dövr edir və itmir. Homosapienslər indiki sivilizasiya ilə müqayisə etsək “homovidies” şəklində dəyişir. Yəni düşünən insan artıq vizuallığa - telefonlar, sosial şəbəkələr, videolar, görüntü əsasında yaradılan bütün platformalar və s. yönəlir. Cəmiyyət qavramı, mentalitet dəyərləri ilə yanaşsaq uşaqlarda düşüncə kirliliyi yaranır. Bunun mütləq qaydada idarə olunması lazımdır. Dövlət, cəmiyyətdən öncə ailələr bunu etməlidir.
0-3 yaş qrupuna ümumiyyətlə sosial şəbəkələr qadağandır. 3-6 yaşında uşaqlar daha çox oyun fəaliyyətində olmalıdır, lakin bu gün uşaqlar oyunu da telefonda oynayırlar. Bu da onların akademik biliklərin mənimsənməsi dövründə passivlik yaradır. Uşaqlarda kitaba, qələmə, maraq qalmır. Hazırda bu mühitə məruz qalan uşaqların 30 il sonra formalaşdıracağı cəmiyyəti düşünməyə qorxuram. Uşaqların inkişaf mərhələləri nəzərə alınmalıdır. Qanunvericilikdə bu cür hərəkətə yol verən valideynlərin məsuliyyətə cəlb olunması ilə bağlı maddə hazırlanmalıdır. Bu kimi “analar”, “valideynlər” uşaqları zəhərləyir. Çıxış yolu ilk növbədə maariflənməkdən keçir. Internet resurslarının əlçatan olması o demək deyil ki, biz onu təyinatından kənar istifadə etməliyik. Gənc ailələrə tövsiyə edirəm ki, uşaqlarla sosial şəbəkələrdə deyil, əyani sürətdə birlikdə zaman keçirsinlər, uşaqların yanında istifadə etdikləri sözlərə, yol verdikləri davranışlara diqqət etsinlər. Düşünmürəm ki valideynlər uşaqlarına bu ziyanı bilərəkdən edirlər, məncə bu düşünmədən atılan addımlardır. Amma diqqətli olmaq lazımdır”.

Tarix: 27 iyun 2022
Baxış: 311

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş