2024-cü ilin əvvəlindən etibarən dünyada 360-dan çox aviasiya hadisəsi baş verib. Bunların üçdə biri hava gəmilərinin qəzaya uğraması ilə nəticələnib.
Hurriyyet.Az xəbər verir ki, bu insidentlər zamanı təxminən 400 nəfər həyatını itirib.
İlin diqqət çəkən aviaqəzalarından biri mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması olub.
Hadisə Tehrandan 600 kilometr şimal-qərbdə baş verib. İslam Respublikasının rəhbəri Azərbaycandan bəndin açılışı mərasimindən geri qayıdarkən qəzaya uğrayıb.
Onunla birlikdə helikopterdə 8 nəfər, o cümlədən ölkənin xarici işlər naziri və Şərqi Azərbaycan vilayətinin rəhbəri də var idi. Onların hamısı həyatını itirib.
11 iyunda Malavidə baş verən aviasiya qəzası nəticəsində ölkənin vitse-prezidenti həlak olub.
Xilasedicilər təyyarənin qalıqlarını ölkənin şimalındakı meşəlik ərazidə aşkar edib. Hadisədən bir qədər əvvəl təyyarə paytaxtdan Mzuzu şəhərinə uçmuşdu. Pis hava şəraiti səbəbindən təyyarə təyinat yerinə enə bilməyib, geri dönüb və radarlardan itib.
Təyyarədə vitse-prezident və onu müşayiət edən doqquz nəfər, o cümlədən keçmiş birinci xanım da var idi. Onların heç biri sağ qalmayıb.
24 iyulda Nepalin paytaxtında, Katmandu hava limanında "Saurya Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq alovlanıb. Hadisə nəticəsində 18 nəfər həlak olub. Təyyarədə iki ekipaj üzvü və 17 texniki işçi var idi.
Onlar müntəzəm texniki baxış üçün Nepalin yeni Pokhara hava limanına yola düşmüşdülər. Təyyarə qəzasından yalnız hava gəmisinin kapitanı xilas ola bilib.
2024-cü ilin avqustda Braziliyanın San Paulo şəhərində böyük aviasiya qəzası baş verib.
Laynerin göyərtəsində 62 nəfər olub. Ekipaj üzvləri və sərnişinlərdən heç biri sağ qalmayıb. Avialaynerlə uçuşdan bir saat sonra əlaqəni kəsilib və o, bir dəqiqə ərzində radarlardan yox olub. Təyyarə San Paulonun Vinyedo yaşayış məhəlləsində yerə çırpılıb.
Yerli sakinlərdən heç kim xəsarət almayıb. Hadisədən sonra ölkə üzrə üç günlük matəm elan edilib.
Noyabr ayında isə Almaniyanın Leyptsiq şəhərindən uçan Boeing 737 yük təyyarəsi Litvanın paytaxtı Vilnüs hava limanına eniş edən zaman qəzaya uğrayıb.
Təyyarə yaşayış evinin yaxınlığında yerə çırpılıb və güclü yanğın baş verib. 12 nəfər təxliyə edilib. DHL loqistika şirkətinə məxsus Boeing 737 təyyarəsinin qəzası texniki nasazlıqlarla əlaqələndirilib.Ümumilikdə, təyyarənin göyərtəsində 4 nəfər olub, 1 nəfər həyatını itirib. \\BakuPost