Rəsmi Bakı Ermənistanı necə və nə ilə QORXUYA SALIB? – İrəvan himayədar axtarır - İLGİNC DETALLAR
“Conson və Baydenin “Ukraynaya dəstək” ifadələri Ermənistan vətəndaşları üçün boş sözdür. Biz öz təhlükəsizliyimizi düşünməliyik”.
Bu fikirləri öz məqaləsində “ArmenianReport”un analitiki Razmik Akopjanyan səsləndirib. Müəllifin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Boris Conson “G7” sammitində çıxışı zamanı bildirib ki, dünya liderləri Ukraynaya dəstəyin enerji və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olduğunu anlamalıdır. Eyni zamanda Rusiyanın qalib gəlməsinə icazə veriləcəyi təqdirdə bu bahalaşmanın daha da yüksək olacağı qəbul edilməlidir.
Conson həmçinin bildirib ki, Qərb Moskvanın təcavüzü qarşısında öz birliyini qoruyub-saxlamalıdır: “Bu birliyi qorumaq, ayrı-ayrı dostların və tərəfdaşların məruz qaldığı təzyiqlər haqqında çox müzakirələr aparmalısınız”, – deyə Conson vurğulayıb.
Erməni analitik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən də danışıb. Eyni zamanda məqalədə intriqa toxumunun səpildiyi də diqqətdən yayınmır. Belə ki, Razmik Akopjanyan Azərbaycanın Rusiyaya məxsus “MiQ” və “Su” tipli təyyarələrdən imtina etdiyini və Hərbi Hava Qüvvələrini NATO standartlarına uyğunlaşdırdığını kinayə ilə xatırladır. Azərbaycan Hərbi Hava Qüvvələrinin bütün donanmasını, döyüş strategiyası və taktikasını dəyişdiyini, 5-ci nəsil təyyarələrə keçdiyini təşviş və qorxu ilə vurğulayır.
Daha sonra erməni müəllif 5-ci nəsil “JF-17 Thunder Block 3” qırıcılarının 2023-cü ilin ortalarında istifadəyə veriləcəyini yazır: “Bildiyiniz kimi, “JF-17 Thunder Block 3” eyni vaxtda 15 hava hədəfini izləyir və 4 hədəfin eyni vaxtda tutulmasını təmin edir. Bu, Rusiyanın “Su-34 MKI”, “Su-35S”, “MiG” tipli qırıcılarından daha yüksək imkanlara malikdir.
Razmik Akopjanyan əlavə edir: “Mən Azərbaycanın aldığı hər şeyi bilərəkdən təfərrüatlı şəkildə təsvir etdim. Çünki bütün bunlardan Ermənistana qarşı istifadə edilə bilər. Belə çıxır ki, Qərb Bakının bu planlarını dəstəkləyir. Buna görə də Consonun və ya Baydenin Ukraynaya dəstək tipli fikirləri Ermənistan vətəndaşları üçün boş ifadədir. Təhlükəsizliyimizi düşünməliyik. Bu, Rusiyadan və onun Ukraynada Qərbə qarşı apardığı müharibədəki uğurundan asılıdır” – deyə erməni müəllif fikirlərini tamamlayır.
Görünən isə odur ki, ermənilər Azərbaycanın sahib olduğu müasir silahlardan, ordusunu modern sistemlərlə təchiz etməsindən və İrəvanın yanlış addımında “dəmir yumruğu” yenidən işə salmasından narahatdır. Elə buna görə də Akopjanyan ölkəsinin təhlükəsizliyi haqda düşünməyə və bunu Paşinyan administrasiyasına çatdırmağa ciddi cəhdlə çalışır. \\KONKRET.az