Ermənistanda silahlar işə düşdü. Əslində çoxdan gözlənilirdi, hələ Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi ilk vaxtlardan. Axı, ondan əvvəl də "silahlı tamaşa"ları seyr etmişdik. Necə deyərlər, fasilə bir az da uzun çəkdi. Neçə vaxt idi ki, İrəvanda daşnakların rəhbərlik etdiyi başıpozuqlar küçə süpürür, cilov gəmirirdilər. Silaha əl atılması an məsələsiydi...
Nəhayət, atəş açıldı, özü də bir-birinin ardınca. Rəsmi məlumata görə, ötən gün ermənilərin "Araqatsotn" kimi əcaib ad qoyduqları qədim türk yurdu Alagözdaban vilayətinin Abaran şəhərindəki silah qarşıdurma zamanı ölən şəxslərdən biri şəhər meri Karen Yeqiazaryanın qohumu Tiqran Arutyunyanındır. Məlumatı Ermənistanın Abaran şəhər administrasiyası da təsdiqləyib.
İyunun 19-da isə Araqatsotnın Niqavan kəndində də hakim "Vətəndaş sazişi" partiyasının üzvlərinin qohumları Ermənistanın baş naziri Nikol Paşinyanı söydükləri üçün bir qrup gənci güllələyiblər. Hakim partiyadan olan deputat Matevos Asatryanın və vilayət qubernatorunun müavini Edqar Pırvanyanın yaxınları gənclərlə mübahisə edib və onlara "Kalaşnikov" avtomatı ilə atəş açıblar.
Həkimlər yaralılardan birinin dünyasını dəyişdiyini, digərlərinin isə "Ermənistan" və "Astqik" tibb mərkəzlərinə yerləşdirildiyini bildiriblər.
Sonradan açıqlandı ki, öldürülənlərdən biri hərbçidir...
Bu haqda daha təfsilatlı bir az sonra...
İndiki məqamda isə zəruri xatırlatmaları diqqətinizə çatdırmaq istərdim. Düz 102 il əvvəl, 1920-ci ilin 19 iyununda erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə bir nəfəri qətlə yetirdi. Bu şəxs Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradıcılarından biri və Cümhuriyyətin Xarici İşlər naziri olmuş Fətəli xan Xoyski idi. Eyni gündə ermənilər bir-birini hədəfə aldılar. Vampirlərsayağı bu tayfa qansız yaşaya bilmir, fərqi yoxdur, özününkülərin, ya özgələrin qanı olsun. Ötən onilliklərdə o qədər günahsızın qanını töküblər ki...Andranikin, Dronun, Njdenin sələflərindən və xələflərindən başqa nə gözləyəsən ki? On minlərlə azərbaycanlını soyqırıma məruz qoyanlar 70-ci illərdən başlayaraq, dünya ölkələrində 31 türk diplomatını qətlə yetirdilər. "ASALA" (Erməni gizli ordusu), "Erməni Soyqırımı Ədalət Komandoları", "Erməni İnqilab Ordusu", "MAQ", "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" terror təşkilatlarının əməlləri bəs edərdi ki, bu adları yaşatmağa cəhd edənlərə ümumiyyətlə, Yer planeti haram edilsin. Amma dünyada ədalət hardaydı?
Elə erməni terrorizminə və faşizminə adekvat münasibətin olmaması səbəbindəndir ki, Ermənistanın özü də vaxtaşırı qan gölünə dönür. Necə ki, 1999-cu ilin 27 oktyabrında Nairi Hunanyanın rəhbərlik etdiyi 5 silahlı terrorçu ölkə parlamentinə soxularaq baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçyan daxil, 8 nəfəri qətlə yetirmişdi.
Erməni diasporu bir qayda olaraq terrorçu "ixracı" və "istehsalı" ilə məşğul olub fəaliyyəti boyu. Bir sıra hallarda ermənilərdən "maşa" kimi istifadə edənlər anlamayıblar ki, günün birində çatdıqları ocaq onların öz başına da bəlalar gətirəcək...Hətta ermənilərin özləri belə alışıb-yanacaq bu ocaqda. Necə ki, vaxtaşırı müşahidə edirik.
Ermənistanda sadəcə silah tutan əllər və ya rollar dəyişir, mahiyyət yerində qalır onillərdir. Məsələn, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirildi və Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sərkisyanın 52,8 faiz səs topladığını, qalib gəldiyini elan etdi. Əsas iddiaçılardan biri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu əsas götürərək elan nəticələri tanımaqdan imtina etdi, martın 1-2-də ölkədə geniş aksiyalar keçirildi. Ordu və polisin silahları işə salması nəticəsində azı 10 nəfər öldü, 230 nəfər yaralandı. Heyrətamiz olanı budur ki, indiyədək günahkarlar cəzasız gəzir. Düzdür, Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra mart hadisələrinə görə cinayət işi təzələndi, Robert Köçəryan və digərləri məhkəmələrdə süründürüldü, dəfələrlə həbs edildi, buraxıldı. Amma bu gün qatil Köçəryan yenə də küçələrdə sülənir...Belə görünür terrorçunu cəzalandırmaq bu toplumun xislətinə yaddır.
Necə ki, 2016-cı ildə Serj Sərkisyana qarşı qiyam qaldıran "Sasna Tser" terrorçu təşkilatı polis alayını ələ keçirdi, zabitləri qətlə yetirdi, amma sonradan fəalları deputat mandatı ilə mükafatlandırıldı...Ermənistanın yaxın keçmişində onlarla siyasi kriminal qarşıdurmalar baş verib. Köçəryana "salam Rob" dediyinə görə vətəndaşın döyülərək öldürülməsindən tutmuş, 2020-ci ildə Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan parlamentinə daxil olmuş, spikeri döymüş, Paşinyanın kabinetinə soxularaq onun pasportunu oğurlamış etirazçılardan birinin sonradan İrəvan körpüsünün altında asılmış vəziyyətdə tapılması kimi "nümunə"lər var erməniçiliyin tarixində.
Erməni terrorizmi dünya "şöhrəti" də qazanıb, himayədarlarının sayəsində. 1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyan 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunub Ermənistana sığınmadımı? Yaxud ABŞ-da türk diplomatını qətlə yetirən erməni terrorçunu aç-burax edib İrəvana yola salmadılarmı? Ermənistan terrorçu yuvasıdır, qorxulu vadidir, təhlükəli ünvandır. Ona görədir ki, ağlı başında olan və imkanı çatan şəxslər ölkəni tərk edirlər, əhali sayının artması Azərbaycan və ya Türkiyə qorxusu ilə bağlı deyil ki...Haylar daxildəki terrorçulardan usanıblar, beziblər...Təsəvvür edin ki, 1988-ci ildə Azərbaycan Ermənistandakı zəlzələ qurbanlarına kömək əlini uzatdı, bu ölkədəki terrorçular İl 76 təyyarəmizi vurub 80-dək insanımızı qətlə yetirdilər. Bu qədər şərəfsizlərin toplandığı üvnadır ora...
Yenə də sonuncu hadisəyə qayıdaq. Ermənistan polisi var gücü ilə hadisənin siyasi çalarının olmadığını "sübuta yetirməyə" çalışır. Çünki Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə "məsələlər artıq silahla həll olunmayacaq"- demişdi. Elə neçə müddət idi ki, "Türk agenti", "Xain" adlandırdıqları Paşinyana qarşı aksiyaları polis dəyənəksiz belə, dağıtmağa cəhd göstərirdi. Amma sonda dəyənəksiz - silahsız keçinmək mümkün olmadı. Ermənistanda 2022-ci ildə baş verən sonuncu hadisələr də göstərir ki, artıq məsələlərin məhz silahla həll olunması müstəvisinə keçilib. Bu mənada Paşinyanın cinayətkar sələfləri Köçəryan və Sərkisyanla müqayisədə heç də uğur qazana bilmədiyini söyləmək olar. Ermənistanın siyasi kriminala qayıtdığı faktdır. Çətini ilk atəşib açılması idi, davamı mütləqdir. Necə deyərlər, tamaşanın əvvəlində səhnənin divarından tüfəng asılıbsa, sonda mütləq atəş açılacaq.
İndi Ermənistanda davam edən tamaşadakı səhnədə nəinki tüfənglər, hətta avtomatları müşahidə edirik, özü də əllərdə. 44 günlük müharibədən sonra əllərdən xeyli silah-sursat yığıldı, amma kim bilir daha nə qədər qalır. Nəzərə alaq ki, Köçəryan-Sərkisyan-Ohanyan "trio"sunun orduda və ordudan kənar xeyli qüvvəsi var, hamısı da silahlı. Heç şübhəm yoxdur ki, Qarabağdakı terrorçu dəstələrin çıxarılmasını Paşinyan özü üçün təhlükə hesab etdiyi üçün bu məsələ ilə bağlı öhdəliyə əməl etmir. Bir anlıq təsəvvür edin, 5-10 min erməni silahlısı üz tutur İrəvana, o halda Paşinyan hakimiyyətinin taleyi necə olacaq. Bu mənada əminəm ki, Nikol Paşinyan gecə-gündüz Allaha dua edir, Azərbaycan ordusu qəfil antiterror əməliyyatı keçirib Qarabağdakı erməni quldurlarını məhv etsin, o da sakitcə hakimiyyətini sürdürsün.
Əks halda...Abaran şəhərində baş verən silahlı hadisə "toya getməli" olacaq. 2 ölü, 5 yaralı ilə iş bitsəydi, nə vardı ki... İrəvanda əllər tətikdədir. Nikolun komandası artıq anlayır ki, atəş açmasalar, qarşıdan güllələr açılacaq...
Ermənistanın "Yerkirmedia"sı xəbər yayıb ki, Paşinyanın tərəfdarları onu təhqir edən müxalifətçi gənclərə atəş açıblar. Atəş açanlar isə Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatın qardaşı Matevos Asatryan və Araqatsotn vilayətinin vitse-qubernatoru Edqar Parvanyanın əmisi oğlanları olub. Erməni polisi tələsik şəkildə atəşin "ov tüfəngindən açılması" barədə məlumat yayıb. Lakin Ermənistanda heç kim 5 nəfərin yaralanması və 2 nəfərin ölməsinin "ov tüfəngindən açılan atəş" nəticəsində baş verməsi versiyasına inanmayıb. Necə ki, hüquq müdafiəçisi Ruben Melikyan "polisin yalnız bir biabırçı məlumatı bütün istintaqı şübhə altına almaq üçün kifayətdir"-deyib. Silahlı toqquşma zamanı ölənlərdən biri Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin əməkdaşı AmikMikaelyan, digəri isə qeyd olunduğu kimi, Abaran şəhərinin merinin qardaşı oğludur. Bu faktlar yetərlidir ki, qarşıdurmanın "adi kəndlilərarası" məcradan kənara çıxdığı qənaətinə gələsən...Erməni polisi isə hələlik ssenari düzüb-qoşa bilməyib. Deyrlər indiyədək bir nəfər şübhəli şəxs qismində saxlanılıb, lakin adı açıqlanmır.
Bəli, bu gün Azərbaycanla sülhə imza atmaq həm də o liderin öz ölümünə qol çəkməsi deməkdir, Paşinyan da bunu anlayır. Dəfələrlə onu edamla təhdid etməyiblərmi? Elə Qarabağda da bir çox ermənilər Azərbaycana doğru addım atmağa qorxurlar, Azərbaycandan yox, erməni faşizmindən çəkinirlər. Hələ 1991-ci ildə bu iş bitərdi, o zaman Xankəndidən bir qrup erməni vətəndaşımız rəsmi Bakıya müraciət etmişdi, Azərbaycan qanunları altında yaşamağa hazır olmaları barədə. Amma Bakıya gəlib, prezident Ayaz Mütəllibovla görüşən həmin erməni nümayəndə heyətinin 2 üzvünü qayıdan kimi Xankəndinin mərkəzində güllələdilər.
Belə nümunələr çoxdur... Erməni vandalizmi, faşizmi təkcə ekoloji terror törətməklə işini bitirmir ki...Elə bilirsiniz Kəlbəcər və Laçınla sərhəddəki təxribatlar təsadüfidir? Ermənistandakı siyasi kriminal qrupların diqqətini "düşmən Azərbaycana" yönəltmək istəyir hakimiyyət...
Bu gün Qarabağ erməniləri üçün seçim anıdır. İki yol var: terrorun hakim olduğu Ermənistanda yaşamaq istəyirlər, yoxsa stabil, firavan Azərbaycanda?.. Seçsinlər, son şanslarıdır! \\Musavat.com