ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı sanksiyaların növbəti paketini açıqlayıb.
Rusiya hökumət rəsmilərinə və Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı bir sıra yeni maliyyə və diplomatik sanksiyalar tətbiq olunub.
Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən tətbiq edilən sanksiyalar Rusiyanın bir neçə tanınmış oliqarxlarının lüks aktivlərinə, o cümlədən Prezident Putinin tərəfdaşlarına məxsus bir neçə yaxtaya, təyyarəyə və ABŞ sanksiyalarından yayınmağa çalışan “lüks aktivlərin idarə edilməsi və xidmət şirkətlərinə” qarşı yönəlib.
Sanksiyalar siyahısına ABŞ Dövlət katibi Entoni Blinkenin “Avropanın ən zəngin adamlarından biri və bir neçə rus məmurunun yaxın adamı” adlandırdığı rusiyalı iş adamı Qod Nisanov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adı daxil edilib.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya bayrağı altında olan "Graceful" və Kayman adaları bayrağı altında üzən "Olympia" adlı iki yaxtaya blok qoyub.
Nazirliyin məlumatına görə, Prezident Putin ötən il də daxil olmaqla, yaxtalarda çoxlu səfərlər edib. Nazirlik, həmçinin yaxtalarla əlaqəli bir neçə idarəetmə şirkətlərinə və yaxta broker şirkətlərinə sanksiya tətbiq edib.
Sanksiyalar həmçinin, Rusiya şirkətlərinə məxsus olan "Shellest" və "Nega" adlı daha iki yaxtanı da hədəf alıb.
Prezident Putinin yaxın dostu olan Sergey Pavloviç Rolduginə, eləcə də Rolduginin həyat yoldaşı Yelena Yuryevna Mirtovaya qarşı sanksiyalar tətbiq olunub.
Rusiyanın dövlət hava yolları şirkətinin prezidenti Yuri Slyusar, nəqliyyat naziri Vitali Savelyev, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, tikinti, mənzil-kommunal təsərrüfat naziri İrek Envaroviç Fayzullin və Baş nazirin müavini Dmitriy Qriqorenkoya da sanksiyalar tətbiq olunub. \\APA