Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
“Böyük qayıdış” başlayır: “Qaçqınkom” nə vaxt ləğv ediləcək?

Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin statusuna yenidən baxılacağı gözlənilir.
Qeyd edilən məsələ ilə bağlı müvafiq qanun layihəsi də hazırlanıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov açıqlama verib.
“Məcburi köçkünlərin qayıdışının effektiv təşkili və hüquqi bazanın yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi baxımından Dövlət Komitəsi tərəfindən artıq həmin şəxslərin statusu haqqında qanun layihəsinin ilkin variantı Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, rəy bildirmək üçün müvafiq nazirlik və komitələrə təqdim olunub. Həmçinin əhali arasında məlumatlılığın təmin olunması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin əhatəliliyinin şaxələndirilməsi ediləcək işlərə daxildir. Eyni zamanda, əhalinin repatriasiyası ilə bağlı məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili, müvafiq məlumatların əlçatanlığının təmin olunması üçün elektron məlumat bazasının yaradılması da qabaqcıl işlər sırasındadır”,-deyə F.Hüseynov bildirib.
Qeyd edək ki, 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlindən məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinə başlanılacaq. İlkin olaraq, Zəngilan sakinlərinin ata-baba yurdlarına dönməsi planlaşdırılır. İkinci mərhələdə Şuşa şəhəri, sonra isə başqa rayonlarda bu proses həyata keçiriləcək. Məcburi köçkünlərin statusunun ləğvindən sonra adıçəkilən komitənin də ləğvi gözlənilir. Ancaq vaxt məlum deyil.
Sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tezliklə ləğv ediləcəyi gözlənilmir.
 

Mütəxəssis hesab edir ki, məcburi kökünlərin statusu ləğv edilsə də, bu, qaçqınlara şamil edilməməlidir:
“Məcburi köçkünlərin qaytarılması xeyli zaman tələb edir. İşğal dövründə məcburi köçkünlərin işləri və hüquqi məsələlərlə bağlı “Qaçqınkom”un müəyyən fəaliyyəti olub. Doğrudur, bu komitənin fəaliyyəti tənqid edilib. Baş vermiş korrupsiya hallarına görə komitənin ünvanına haqlı tənqidlər səsləndirilib. İndi komitənin səlahiyyətlərini yerli icra strukturarına ötürmək üçün bu proses sona çatmalıdır. Bir müddətdən sonra Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin başqa məqsədlə yenidən təsis olunmasına ehtiyac var. Ermənistandan qovulmuş, deportasiya edilmiş azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı gələcəkdə yenidən qurulmuş bir dövlət orqanına ehtiyac olacaq. Onun adı fərqli ola bilər. Bu qurum tamamilə ləğv edilib yenisi də yaradıla bilər. Hər halda, bu məsələ yaddan çıxmamalıdır. Dövlət səviyyəsində aparılan danışıqlarda, müəyyən məsələlərin müzakirəsində Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızın gələcək hüquqi statusu ilə bağlı məsələlər qaldırılmalıdır. Bunu da həyata keçirəcək çevik, mobil quruma ehtiyac var. Ona görə də məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi bitdikdən sonra komitənin ləğvi, yaxud səlahiyyətlərinin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Ancaq bu prosesin qısa zaman ərzində olacağını düşünmürəm. Bunun üçün bir neçə il lazım olacaq”.
Qeyd edək ki, işğal dövründə ermənilər tərəfindən əmlakı məhv edilmiş məcburi köçkünlərin bir çoxu mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.
Onların iddiasının təmin olunması üçün məcburi köçkün status saxlanılmalıdırmı?
Natiq Cəfərli bildirdi ki, məcburi köçkün statusunun ləğvi beynəlxalq hüquqi prosedur baxımından məhkəməyə müraciət etməyə mane olmur. Çünki həmin şəxslər mülkiyyətlərindən məhrum olublar. Bu isə işğal faktı ilə bağlıdır.

Tarix: 07 dekabr 2021
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş