Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Şanlı Zəfər qazanan Ordu


Bir əsrə yaxın bir dövr ərzində çar Rusiyasının müstəmləkəsi altında qalan Azərbaycan xalqı düşünülmüş şəkildə silahdan uzaq saxlanılmışdı. Bununla da müstəmləkəçilər  gələcəkdə başlarına gələcək təhlükələrdən sığortalanmış  olurdular. Daha başa düşmürdülər ki, türk xalqını uzun müddət buxovda saxlamaq daha güclü rəqib yetişdirmək deməkdir. Bu xalq silahsız da mübarizə əzmlidir və vaxtı gələndə bütün buxovlarından azad olmağı bacarır.
Birinci Dünya müharibəsi dövründə əsgər qıtlığı çəkən çar hökuməti azərbaycanlılara müraciət etməli oldu. Dövlətin 400 nəfər əsgər istəyinə 2000 azərbaycanlı türk oğlunun vuruşmaq istəyi bir daha sübut etdi ki, bu xalqın mübarizə əzmini heç bir qüvvə  ram etmək qudrətinə malik deyil. Qısa bir vaxt ərzində azərbaycanlılardan ibarət “Tatar Süvari Alayı” yaradıldı və bu diviziya müharibədə inanılmaz bir hünər nümayiş etdirdi.
Çar hakimiyyəti devrildikdən sonra  görkəmli general Əliağa Şıxlinski “Tatar Süvari Alayı”əsasında Müsəlman Milli Korpusunu yaratdı.
Azərbaycan dövlətçiliyi dirçəldikdən - Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra ən mühüm vəzifə ordu quruculuğu idi. Dövlətin var olması, möhkəm təməl üzərində qurulması üçün əsas şərtlərdən biri ordunun olmasıdır. Hökumət hərbi vəziyyət elan etdikdən sonra 1918-ci il iyunun 26-da Milli Ordunun yaradılması haqqında fərman verildi. Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılan Müsəlman Milli Korpusu “Azərbaycan Korpusu” adı ilə ordu yaradıldı. Ümumi səfərbərlik və ümumi hərbi mükəlləfiyyət tətbiq edildi. Hərbi nazir Fətəli xan Xoyskinin başçılığı ilə Hərbi Nazirlik yaradıldı və ordu quruculuğu  Səməd bəy Mehmandarova tapşırıldı. Görkəmli generallarımız S. Mehmandarov və Ə. Şıxlinski əl-ələ verərək qısa bir zamanda ana dilimizdə təlimlər keçən 40 minlik orduya baxış keçirdilər. Yaradılan ordu hissələri müxtəlif istiqamətlərdə xalqımıza qənim kəsilmiş bədnam düşmənlərinə qarşı uğurlu hərbi əməliyyatlar aparmışdır. Qısa vaxt ərzində xalqın əmin-amanlığını qorumaq məqsədi ilə Xəzər Hərbi Donanması da yaradıldı. Təəssüflər olsun ki, bu qədər görülən işlər yeni bir işğalın qurbanı oldu. Amma xalqımız yıxılmadı, mübarizə əzmini itirmədi, əldə edilən fürsətləri düzgün dəyərləndirdi. Mərkəzi Komitənin Sədri seçilən Heydər Əliyev hərb işini daim diqqət mərkəzində  saxlayır, gəncləri SSRİ-nin müxtəlif hərbi məktəblərinə istiqamətləndirirdi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılaraq hərb tarixinə yeni tövhə verildi. Bu liseyin kursantları müstəqillik dövründə xalqımıza etdiyi xidmətlərlə görülən işin nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Azərbaycan əsgəri müasir dövrün hərb tarixinə adını qızıl hərflərlə yazdı. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər əzmli, fədakar, vətənsevər olduğunu nümayiş etdirdi. Azərbaycanın igid oğulları Cavanşir, Babək, Şah İsmayıl, Şıxlinskilərin qanını  layiqincə daşıdığını və lazım gələrsə vətən uğrunda düşünmədən canını qurban  verməyə hazır olduqlarını göstərdilər.


Cavid Əliyev, 
Xətai rayon M. Nəcəfov adına 86 saylı  məktəbin direktoru

Gender.az
Tarix: 23 iyun 2022
Baxış: 9602

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş