“Azərbaycan Naxçıvanla, Ermənistan isə İran və Rusiya ilə dəmir və avtomobil yolu əlaqəsi əldə edəcək. Bu, Ermənistanın maraqlarına tam uyğundur”.
“Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan parlamentdə çıxışı zamanı 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndindən sitat gətirib:
“Ermənistan vətəndaşların, avtomobillərin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Sərhəd Xidmətinin əməkdaşları həyata keçirir. İndi sual yaranır: Bir neçə kilometr uzunan bu yol dəhliz deyilsə, bəs nədir?” – deyə deputat vurğulayıb.
Baş nazir Nikol Paşinyan isə sual ünvanlayan deputatın təmsil olunduğu siyasi qüvvənin məsələni müəyyənləşdirməsinin vacibliyini qeyd edib. Deputat özü sual verir və başqasının şərhini özününki kimi təqdim edir – Paşinyan əlavə edib:
“Yazılanları diqqətlə oxuyun: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. İkincisi, kommunikasiyalara nəzarət Rusiya Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Cavab istəyirsiniz ki, bizim dəhlizlə bağlı müqaviləmiz var, ya yox?. Yoxsa bizim dəhlizlə bağlı razılaşmamızın olmasını istəyirsiniz? Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz hazırıq və maraqlıyıq ki, Azərbaycanın qərb rayonları Naxçıvanla dəmir və avtomobil yolu əldə etsin. Ermənistan isə Azərbaycan ərazisindən keçməklə, İran və Rusiya ilə əlaqə qazansın” – Paşinyan bildirib. Baş nazirin sözlərinə görə, onun təklif etdikləri Ermənistanın maraqlarına tam cavab verir.
Anna Mkrtçyan isə öz növbəsində bildirib ki, Paşinyan parlamentdə oturan deputatlara məktub yazır, lakin onunla bu hiylə alınmayacaq:
“Suallarıma cavab vermədiniz. Əvvəlki yanaşmalarınız sizin üçün daha faydalı idi. Çünki indi heç bir siyasi, hüquqi və diplomatik reaksiyanız olmadı. Əvvəlki hallarda sizdə sənətkarlıq üstünlük təşkil edirdi. İndi həm artistlik, həm də cavab texnikası sıfırdır” – deyə deputat bildirib.
Paşinyan isə məktub yazdığını və ona da cavab verdiklərini etiraf edib:
“Problem ondadır ki, sizə məktub yazanları tanımırsınız və onlarla ünsiyyət qurmursunuz. Rəhbərinizə konkret tapşırıqlar olan məktublar yazılır, siz nə dediyinizi belə bilmirsiniz. Sənə bir vərəq verirlər və oxu deyirlər. Sən nə oxuduğunu belə başa düşmürsən” – deyə Paşinyan deputata irad bildirib. / Konkret.az