İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut 47 yaşında vəfat edib.
Azərbaycanın ictimai şəxsləri sosial şəbəkələrdə Qutun ölümüylə bağlı başsağlığı verib. Onlardan bir neçəsini təqdim edirik:
Millət vəkili Fazil Mustafa: “Arye Qut Azərbaycan üçün sevgisini fəda edən bir yəhudi balasıydı. Hər məkanda dövlətimizin və millətimizin effektli təbliğatını aparırdı. Ruhu şad olsun. Unutmayacağıq!”.
Millət vəkili Qənirə Paşayeva: “Dəyərli dostumuz, Azərbaycanla İsrail arasında mənəvi körpülərin sağlam tutulmasında özünəməxsus yeri, rolu olan Arye Qut haqqın rəhmətinə qovuşub. Məkanı cənnət olsun. Səni unutmayacağıq, əziz dost. Qəlbimizdəsən”.
Politoloq Turab Rzayev: “Azərbaycan-İsrail münasibətlərinin inkişafında xüsusi rolu olmuş, tanınmış politoloq, əziz dostumuz Arye Qut vəfat etdi. Allah rəhmət eləsin!”.
Tarixçi Zaur Əliyev: “Arye Gut... Dostum, tələbə yoldaşım Rəşid. Niyə... Allah sənə rəhmət eləsin, Vətənin layiqli oğlu!”
Politoloq Ramiyə Məmmədova: “Həyatımda yer alan ən önəmli və dəyərli insanlardan biri, universitet illərindən bir parta arxasında 4 il birlikdə oturduğumuz, hər şeyi birlikdə müzakirə etdiyimiz, bir-birimizə hər zaman dəstək olduğumuz can yoldaşım, dostum, qardaşım Arye Qutu itirdim. Şəkillərə baxdıqca göz yaşımı tuta bilmirəm. Yoldaşıyla danışdım, bu gün səhər haqq dünyasına qovuşub. Acımız böyükdü. Azərbaycan ən dəyərli və vətənpərvər oğlunu itirdi. Başımız sağolsun, Azərbaycan!”
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləm: “Arye Qut Azərbaycanın dünyadan, dünyanın Azərbaycandan nə istədiyini bilən azsaylı peşəkarlardan biri idi. O, yaxşı insan, həqiqi vətənpərvər və etibarlı dost olmaq kimi ağır yükləri eyni anda daşımağı bacaran, vətəndən uzaqda öz xalqına xidmət etməyin nümunəsini yaradan dəyərli bir şəxsiyyət kimi yaddaşımızda qalacaq. Allah rəhmət eləsin!”
“Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov: "Əziz dostum Arye Qutun vəfatına çox üzüldüm. Azərbaycan üçün çox qiymətli bir insan idi. Ürəyi Azərbaycan eşqi ilə döyünən bir vətən fədaisi... Azərbaycan sevdalısı. Yeri doldurula bilməyəcək bir şəxsiyyət. Azərbaycana təmənnasız xidmət edən bir vəfalı dost. Azərbaycan xalqının böyük oğlu! Məkanı cənnət olsun!"
“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk: “Azərbaycanın dostu, tanınmış yəhudi eksperti Arye Qut dünyasını dəyişdi. Arye Qut gözəl insan idi. Arye Qutla bizim tanışlığımız 2007-ci ildən başlayırdı. Dünya Azərbaycanlıları Konqresinin ofisində tanış olmuşduq. Azərbaycan diasporunun güclənməsi, Azərbaycan həqiqətlərinin təbliğatı, erməni yalanlarının ifşasında xüsusu rol oynayırdı. Xarici mətbuatda, xüsusilə “Yerusalem Post” qəzetinin siyasi şərhçisi kimi Qarabağla bağlı analitik yazılarla çıxış edirdi. Arye Azərbaycan-İsrail əlaqələrinin güclənməsinə çalışırdı. Türkiyə-İsrail münasibətləri gərginləşən vaxtlarda da vəziyyətin normallaşması üçün əlindən gələni edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidmətlərinə görə onu "Dostluq" ordeni ilə təltif etmişdir.
Ruhun şad olsun, əziz qardaş!” \\Axar