Son dövrlər cəmiyyət arasında dini mövzularda qütbləşmə yaranıb. Bir qisim insan sosial şəbəkələr vasitəsilə İslam dinini, inanclıları lağ-lağı obyektinə çevirir, məsxərəyə qoyur. Bu isə inanclı kəsimdə qıcıq yaradır, mübahisələrə səbəb olur. Hətta bəzən bu cür mübahisələr qarşıdurmalara gətirib çıxarır. Sanki kimlərsə belə bir vəziyyətin yaranmasına rəvac verir. Hurriyyet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli "yeni müsavat"ın müxbiri ilə bu mövzularda söhbət aparıb.
- Sovetlərin dövründə belə, dinimiz, inanclılar heç bu qədər məsxərəyə qoyulmamışdı. Bəli, hökumət tərəfindən qadağalar var idi, amma insanlar bir-birlərinə hörmət edirdilər. İndi nə dəyişib?
- Dəyərləri aşağılamaq heç zaman məqbul addım sayıla bilməz. Quranda da qeyd olunur: "Bizim göndərdiyimiz bütün peyğəmbərləri ələ saldılar". Əslində bu tarix boyu bir mübarizə yolu olub. Hətta xurafatla mübarizə apararkən biz diqqətli olmalıyıq. İnsanları gülüş hədəfinə çevirməklə həqiqəti çatdıra bilmərik. Əksinə, yersiz qıcıq yarada bilərik. Əsrlərlə formalaşmış ənənələri bir günün içində dəyişmək olmur. Bəzən dinin özünü hədəfə alırlar. Bilmək olmur ki, kimin sifarişini yerinə yetirirlər. Bir çox ölkələrdə dini zəmində qarşıdurmalar yaradılır, din manipulyasiya vasitəsinə çevrilir. Belə bir şəraitdə dini mövzuda ehtiyatlı olmaq lazımdır. Azərbaycanda bu sahədə tarixən hər hansı qarşıdurma olmayıb. Ölkəmizdə məzhəblərarası münasibət nümunəvi səviyyədədir və bunu qorumalıyıq. Bəzi insanlar var ki, dinlərarası, məzhəblərarası mövzunu qabardır, yersiz gərginlik yaratmağa cəhd göstərir, sosial şəbəkələrdə lazımsız müzakirələr açılır.
- Sizə qarşı da zaman-zaman hücumları görürük. Bəziləri deyir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yerinə təyin olunacaqsız deyə sizə qarşı belə antikampaniya aparılır.
- Qafqaz Müsəlmanları İdarəsinin sədri seçki yolu ilə seçilir və Şeyxülislam da ömürlük olaraq da qurum üzvləri tərəfindən sədr seçilib. Tanınmış din xadimidir və dünyada da nüfuz sahibi olan insandır. Ümumiyyətlə, bu kimi mövzuları belə təqdim etmək qeyri-etikdir. Bir qrup insan var ki, mənim çıxışımı diqqətlə izləyir, kontekstdən çıxarıb təhrif edirlər. Müəyyən mənfi rəy yaratmağa çalışırlar. Tutaq ki, mənim texniki təhsil almağımı irad kimi bildirirlər. Halbuki bir din xadiminin iki dünyəvi təhsil alması onun üçün bir üstünlük sayılmalıdır. Bundan əlavə, ərəb-fars dillərinə, ilahiyyat təhsilinə yiyələnmişəm. Öz elmi fəaliyyətimi öz çıxışımla təsdiqləmişəm. Heç vaxt özümü tərifləmək istəmirəm. Amma görünür ki, bunlar məqsədli şəkildə edilir. Mən dini dəyərələrimizlə yanaşı, Azərbaycanın milli mənafeyini üstün tutmuşam. Xaricdə müəyyən dairələr var, gərginlik yaratmağa cəhd göstərirlər. Belə olan halda da bizi hədəfə alırlar, çünki bizi öz işlərində maneə kimi görürlər. Londonda olan hadisə də buna bir misaldır. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsi Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd idi. Məhz Aşura ərəfəsində bunların törədilməsi ondan xəbər verdi ki, Azərbaycanda dindarlarla dövlət arasında bu həssas dövrdə qarşıdurma yaratmaq istəyirlər. Hətta cəmiyyətdə belə bir fikir yaratmaq istəyirlər ki, dindarlar Azərbaycan bayrağına sayğısızlıq göstərir. Belə bir məqamda biz dərhal mövqe göstərdik. Azərbaycan bayraqlarının nümayiş olunması məhz Məhərrəm mərasimlərində bu planların alt-üst olmasına gətirib çıxardı. Çünki bu dindarların vahid mövqedən çıxış etməsini göstərdi. Bir flaşmob xarakteri daşıyırdı ki, media ilə dünyaya mesaj ötürülsün ki, Azərbaycan vətəndaşı bayrağına sadiqdir. Ümumiyyətlə, inanclı dindar vətənpərvər olmaya bilməz. Amma keçmiş Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş şəxs qəribə bir məsələ irəli sürdü. Guya ki, Londondan məsələlər istiqamətləndirilib, əvvəlcədən danışılmışdı ki, biz bayrağı təhqir edək, mən onu müdafiə edim və mənim nüfuzum artsın. Bu qədər gülünc iddialar irəli sürüldü.
- Xaricdən təsirlər ifadəsi tez-tez işlədilir, onlar konkret kimlərdir, bilinirmi?
- Onların başı bir görürsən Avropadan çıxır, ya da digər ölkələrdən. Bəzi radikal insanlar ziyarət məsələsini gündəmə gətirirlər. Bunlar olduqca təhlükəli məsələlərdir. Mən bu mövzuda polemikaya girməyin tərəfdarı deyiləm.
- Elə yaxın günlərdə Elşad Miri ilə ziyarətgah məsələsinə görə polemikanız oldu. Əvvəllər də belə mübahisələriniz olub. Aranızda nə isə baş verib?
- Heç vaxt mübahisəmiz olmayıb. İki dəfə efirdə olmuşuq, ciddi mübahisəmiz olmayıb. Mən, ümumiyyətlə, bu mövzuların şouya çevrilməsinin əleyhinəyəm. Sadəcə, bəzən bu mövzuların bəzilərinə reaksiya verməli oluruq. Çünki dəyərlərin özü islahatçılıq adı ilə hədəfə alınır. Xurafatla biz gənclik vaxtından mübarizə aparırıq. Amma bəzən xurafat adı ilə dini dəyərlərin özü hədəfə alınır. Misal üçün, deyir Allahdan başqa müqəddəs heç nə yoxdur. Quran da müqəddəs deyil və sairə. Quran Həzrəti Musaya buyurur: "Çarıqlarını çıxar, sən müqəddəs Tuva vadisinə qədəm qoymusan". Açıq şəkildə bildirilir ki, torpaq müqəddəsdir. Bu insanlar isə ziyarətgahlar müqəddəs deyil deyirlər, sabah Quran müqəddəs deyil deyəcəklər, sonra torpaq müqəddəs deyil, sonra şəhid müqəddəs deyil və sairə... Bu proseslər Yaxın Şərqdə də baş verirdi. Əvvəl burada ideoloji zəmin yaradırlar. Məhəbbəti, sevgini, dindən çıxarmaq istəyirlər, buna görə də övliyaları hədəfə alırlar. Yaxın Şərqdə də ziyarətgahları dağıtmağa başladılar. Bir xalqın mənəvi irsini darmadağın etdilər. Azərbaycanda da əsrlər boyu bu ziyarətgahlar mövcud olub, milli-mədəni xəzinəmizdir, irsimizdir. Bunlar dövlət səviyyəsində qorunur, təmir edilir. Bəli, ziyarətgahda ağaca əski parçası bağlayıb niyyət etməyi pisləyirik, biri də Quranla fala baxır. İndi biz buna görə Qurandan imtina etməli deyilik ki... İndi bu insan özünü elə göstərir ki, guya mütərəqqidir. Amma bütün bunların altında dövlətimiz üçün təhlükəli məqamlar, təhdidlər olur. Məzarların ziyarət olunması, sayğı göstərilməsi bütün məzhəblərdə var.
- Ara-sıra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini, Qafqaz Müsəlmanları İdarəsini bu məsələlərlə bağlı qınayırlar, bildirirlər ki, daha əhatəli iş görə bilərlər. Mövcud vəziyyətdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri artırılmalıdırmı?
- Bu məsələlərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olur. Bu gün Azərbaycanda İlahiyyat İnstitutu artıq fəaliyyət göstərir və o İnstitut da Dövlət Komitəsinin nəzdində yaradılıb. QMİ tərəfindən də ciddi şəkildə maarifləndirmə işləri aparılır. İlk növbədə din xadimlərinin təkmilləşdirmə institutları olmalıdır. Çünki din haqqında təsəvvürləri din xadimləri formalaşdırır. Ona görə də din xadimləri hazırlıqlı, peşəkar olmalıdır. Din təqdim olunarkən üsluba diqqət edilməlidir. İnsanların anlayacağı dildə onlarla danışmaq lazımdır. Məclislərdə Quran oxunursa, tərcümə edilməsi məqsədəuyğundur. İnsanlarla bu istiqamətdə işlər aparılmalıdır. Din artıq hamı üçün aktuallaşıb.
- Zaman-zaman "nurçu", "vəhhabi", İrandan yönləndirilən hansısa qruplara qarşı sərt addımlar atılır. Amma bunun o qədər də effektini görmürük. Olmazmı, onlara qarşı sərt addım atmaqdansa, əksinə, dövlət strukturlarında, ya da dini strukturlarda iş verilsin, onlar dinlənilsin. Bununla da həmin qrupları idarə etmək daha da asan olar...
- Bu məsələlərlə müvafiq qurumlar məşğul olur. Mənim dəqiq məlumatım yoxdur. Ola bilər ki, hansısa keçmişini ləkələmiş insanlar var. Bununla müvafiq qurumlar məşğul olur. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycanda dini mühitin zərərli yad təsirlərdən qorunması prosesi getməlidir. Biz elə bir dünyada yaşayırıq ki, təsirlənməmək mümkün deyil. İnternet vasitəsilə insanlar istənilən məlumatı əldə edə bilir. Kitablar tərcümə olunur. İnzibati metodlarla da nəzarət etmək çətinləşir. Ona görə də alternativ təqdim etməkdən başqa çıxış yolu yoxdur. Dinimizin çatdırılmasında Azərbaycan dəyərlərinə, milli, dini dəyərlərə bağlı ilahiyyatçılar formalaşdırmalıyıq. Heç də o iddiada olmamalıyıq ki, xaricdə təhsil alıbsa, kiməsə, hansısa ölkəyə xidmət edir. Bu doğru olmaz. O insanları hansısa proseslərə cəlb edilməsi mənim səlahiyyətimdə olan məsələ deyil. Əgər hansısa insanın potensialından yararlanmaq mümkündürsə, yəqin ki, bu istiqamətdə də addımlar atılar.
- Yaxınlarda sosial şəbəkələrdə bahalı maşından düşməyinizlə bağlı görüntülər yayıldı, tənqidlər edildi ki, möminin bahalı həyatı olmaz, var-dövlətini kasıblar arasında bölüşməlidir... Kasıblara kömək etmirsinizmi?
- İnanın, onların təqdim etdiyi qədər bahalı maşın deyil. Deyirlər, filan yerdə villa almışam... Heç bir yerdə villam, bağ evim yoxdur. Bunu deməyə də ehtiyac görmürəm. Əgər bu məsələlər müzakirə olunursa, tanıyan insanlardan soruşa bilərlər. Çox çalışıram ki, hər zaman sadə həyat yaşayım. Bu böyük bir fəzilət, üstünlük deyil mənim üçün. Bunları məqsədli şəkildə gündəmə gətirirlər. Mənim belə bir bahalı həyat tərzim yoxdur. O maşın da mənə hədiyyə olunub. Heç başım da çıxmır o hansı markadır. O dərəcə bu mövzulardan xəbərsizəm. Çünki maraq dairəmdə olmayıb. Hətta dindarlığımla da bağlı deyil. Təbiətim belə olub. Yardım məsələsinə gəldikdə isə ən çox yardım kampaniyası təşkil edən məscidlərdən, icmalardan biri bizik.
Ramazan ayı boyunca, müharibə dövründə də tanımadığımız insanlar, Rusiyada, Türkiyədə, Avropada yaşayan soydaşlarımız bizim hesabımıza yardımlar köçürürdülər ki, kömək edək. Bir dəfə də üzlərini görməmişdik. Bu, insanların inamı və etibarı deməkdir. Bir qəpik belə o yardımlardan götürülməyib. Deyirlər elədiyini deməzlər, amma bəzən yaxşılığı təbliğ etmək üçün bunu çatdırırıq. Biz çox sayda yardımlar etmişik. Bizi bu məsələdə ittiham etmək düzgün deyil. Uşaqlar təmənnasız, oruc-oruc uzaq məsafələrə yardımları çatdırırdılar. Bunları biz özümüz üçün şərəf hesab edirik. Mənim şəxsi imkanım yoxdur ki, yüzlərlə insana yardım edim. Bizə ünvanlanır, biz də ehtiyacı olanlara yönləndiririk. Ümumiyyətlə, insanları sərvətini təftiş etmək yanlışdır. Bir də görürsən deyirlər şirkəti var. Mənim heç bir şirkətim, maliyyə fəaliyyətim yoxdur. Dövlət məmuru deyiləm ki, bununla bağlı öhdəliyim olsun.
- Məscidlərdən söz düşmüşkən, belə bir deyim var ki, məscidlərin qapısı olmaz. Məscidə müraciət edən hər kəs- dilənçidən tutmuş, hətta əxlaqsız qadınlara qədər məscidə müraciət etsə, geri qaytarılmamalı, kömək edilməlidir. Sizcə, məscidlərimiz bu missiyanı yerinə yetirə bilirmi?
- Bununla bağlı vəziyyət qənaətbəxşdir. Gənclərin əsas müraciət etdiyi məscid Məşədi Dadaş məscididir. Buraya müxtəlif təbəqəyə məxsus insanlar zəngindən tutmuş yoxsula qədər gəlir. Biz insanları qəbul edərkən onları təftiş etmirik ki, sən hansı əməlin sahibisən. Məscidin qapısı, bəli, hər kəsin üzünə açıq olmalıdır. İki rükət namaz qılıb özünü kimdənsə üstün tutmaq yanlışdır. Hədislərdə qeyd olunur, gördüyün hər bir insanı özündən üstün saymalısan. Biz bilmirik, insan hansı şəraitdə bu vəziyyətə düşüb. Ən günahkar insanı belə özündən üstün tutmalıdır. Məscidlərdə hər kəsin dərdi dinlənməlidir.