Xəbər lenti
Reklam
Bahalaşan mənzil bazarı: “Soydaşlarımızın Rusiyada aldıqları...”

2022-ci ilin yanvar-iyul aylarında (7 ayda) azərbaycanlılar Türkiyədə 767 mənzil (ev) alıblar.
Azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131, iyulda isə 65 mənzil alıblar. Beləliklə, iyun ayı ilə müqayisədə iyulda azərbaycanlıların aldığı mənzillərin sayı 2 dəfədən çox azalıb. 
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-iyul aylarında Türkiyədə 720, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164, iyulunda 127 mənzil almışdılar. Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279, 2021-ci ildə isə 1517 mənzilə sahib olublar.
Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 13-cü yeri tutublar.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə ev satışları iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,9% azalaraq 93 min 902 olub.
Bu, 2021-ci ilin avqustundan bəri ilk illik azalmadır. Xaricilərə mənzil satışı iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,4% azalaraq 3 min 939 olub. Xaricilərə ev satışında ilk yeri 1421 ev satışı ilə Antalya tutub. Antalyanın ardınca 1154 ev satışı ilə İstanbul və 289 ev satışı ilə Mersin gəlir. İyulda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 1288 ev alıblar.
Son aylar Türkiyədə evlər kəskin bahalaşıb. Qeyd edək ki, son illər azərbaycanlıların daşınmaz əmlak aldıqları ölkələr sırasında Türkiyə də üstünlük təşkil edib. Lakin cari ilin son aylarında azərbaycanlıların aldığı evlərin sayında baş verən azalmanın səbəbi də maraq doğurur.
Bu azərbaycanlıların gəlirlərinin azalması, yoxsa digər ölkələrə üstünlük verməsi ilə bağlıdır?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirdi ki, Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Rusiya vətəndaşları Türkiyədə 5 mindən artıq daşınmaz əmlak alıblar:


“Azərbaycan vətəndaşları hər ay 60-100 mənzil alırdılar ki, əslində bu yaxşı deyil. Yəni yaxşı olardı ki, vətəndaşlarımız öz yatırımlarını Azərbaycanda gerçəkləşdirsinlər. Çünki hər xarici ölkədə daşınmaz əmlak alan azərbaycanlı Azərbaycandan pul çıxarır, o pulun ölkəmizdə qalması daha səmərəlidir. Pandemiyadan sonrakı dövrə baxsaq ümumiyyətlə, dünya üzrə daşınmaz əmlaka yatırım edənlərin sayı azalıb”.
Türkiyədə mənzil alan azərbaycanlıların sayının azalmasına gəldikdə isə ekspert deyr ki, Azərbaycan əhalisinin sayı 10 milyondan bir qədər artıqdır və bu, elə də çox rəqəm deyil:
“Rusiya və digər ölkələrin əhalisinin sayından daha azdır. Hazırkı əhali sayı ilə Türkiyədən ev alanları müqayisə etdikdə çox böyük rəqəmdir. Azərbaycanlılar Türkiyə ilə yanaşı başqa ölkələrə, Avropa və Rusiyaya da yatırımlar edirlər. Nəzərə alaq ki, hazırda Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır.
Onların əksəriyyəti uzun illərdir ki, Rusiyada yaşayır və mənzil də alırlar. Ancaq onların aldıqları əmlakların statistikası Azərbaycana gəlmir və statistika baxımından Türkiyədən dəfələrlə çoxdur. Türkiyədə yaşayan azərbaycanlıların sayı və gəlirləri ilə Rusiyada yaşayanları müqayisə etsək təbii ki, Rusiyada daha çox qazanırlar. Həm Rusiyada, həm da Azərbaycanda ev alırlar”.
Ekspert onu da vurğuladı ki, Rusiya və Ukrayna müharibəsinə nəzər salsaq, dəmir məmulatlarının əksəriyyəti dünyanın bütün ölkələrinə adıçəkilən ölkələrdən paylanılırdı: 
“Eləcə də tikinti materiallarını həm Azərbaycan, həm Türkiyə Rusiyadan alırdılar ki, müharibə səbəbilə qiymətlər qalxıb. Türkiyədə inflyasiya gedir və şirkətlər məcburdurlar ki, qiymətləri artırsınlar. Axın da çox olduğuna görə tələbat da çoxdur. Ümumilikdə daşınmaz əmlakların qiymətlərində də artım müşahidə edilir”.  

Nigar Abdullayeva

Cebhe.info

Tarix: 17 avqust 2022
Baxış: 288

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş