Xəbər lenti
Reklam
“Vətən müharibəsinin növbəti ilinə qədər Qarabağda erməni separatçı qalmayacaq” – Açıqlama

Bakı mart ayında başlamadığı anti-terror əməliyyatını daha təxirə salmaya bilər. Ölkə başçısı İlham Əliyevin dünənki çıxışının motivləri belə qənaətə gəlməyə əsas verir. Prezidentin çıxışından belə məlum olub ki, Moskva Qarabağdakı erməni ordusunun qalıqlarının iyun ayına qədər çıxarılacağına dair Bakıya söz verib. Ancaq üzərindən xeyli vaxt keçməsinə baxmayaraq heç bir müsbət nəticə hasil olmayıb. Əliyevin sözlərindən razılaşmaların icrası üçün “məcburetmə əməliyyatı”nın masada olduğu aydın hiss olunur.
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, son hadisələr Azərbaycanın 44 günlük müharibənin növbəti ildönümünə qədər cəbhədə vəziyyəti tamamilə dəyişmək istədiyini sübuta yetirir: “Azərbaycan oradakı qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarını tamamilə çıxartmaq istəyir. Bu barədə Rusiya ilə müntəzəm danışıqlar aparılıb. Proses indi də davam etdirilir. Prezident İlham Əliyevin Rusiyanın erməni silahlılarının Qarabağdan çıxarılmasına dair Azərbaycana söz verib vaxt istəməsi məsələsini mətbuata çıxartması onu göstərir ki, rəsmi Kreml bu məsələdə müəyyən ləngimələr edir. Hələ mart ayında erməni separatçılar oradan çıxarılmalı olsa da, indiyədək heç bir müsbət nəticə yoxdur. Azərbaycan artıq sözügedən məsələdə dözümsüzlük göstərir və bunu kifayət qədər əhatəli şəkildə əsaslandırır. Çünki Qarabağda qeyri-qanuni qalan erməni silahlı birləşmələri Azərbaycan üçün təhlükəlidir. Onlar hətta öz qüvvələrini həmin ərazilərdə daha da möhkəmləndirmək istəyirlər. Üstəlik Ermənistan tərəfi də həmin silahlıların Qarabağdan çıxarılmasında maraqlı deyil. Paşinyan hökuməti Rusiya ilə müəyyən sazişlərə gedir ki, erməni silahlıları Qarabağdan çıxarılmasın. Çünki oradan çıxarılan silahlılar Ermənistana gedəcəklər və Paşinyana qarşı təxribatlar törətməyə cəhd göstərəcəklər”.


Müzəffər Ali Baş Komandanın gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində tarixi hadisələrin, Qələbənin şahidi olduq - AZƏRTAC

Əlimusa İbrahimov əlavə edib ki, Qarabağda antiterror əməliyyatlarına başlamaq Azərbaycanın haqqıdır və rəsmi Bakı bu məsələdə israrlıdır: “Cəbhə xəttində və ölkə daxilində atılan addımlar Azərbaycanın antiterror əməliyyatlarını keçirəcəyinə işarədir. Sadəcə bütün bu məsələlər Rusiya ilə danışıqlardan və Ermənistanın özünü necə aparacağından asılıdır. İstənilən halda Azərbaycan tərəfi 44 günlük müharibənin növbəti ilinə qədər bu məsələni bitirmək fikrindədir. Düşünürəm ki, əgər Rusiya tərəfi Azərbaycana verdiyi sözü tutmasa, rəsmi Bakı antiterror əməliyyatını həyata keçirəcək”.

Müşviq Tofiqoğlu


Tarix: 16 iyul 2022
Baxış: 360

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş