Xəbər lenti
Reklam
Xankəndiyə qəfil hücüm? – “Azərbaycan məhz buna hazırlaşır”

Son zamanlar Ermənistanla Azərbaycan arasında sülh anlaşması, regional əməkdaşlıq mövzusunda tanınmış analitiklərin proqnoz və gözləntiləri müsbət deyil. Çoxluq hesab edir ki, rəsmi İrəvan Bakı ilə sülh razılaşmasının əldə edilməsi prosesinə məhəl qoymayacaq və Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaranacaq.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması daha aydın nəzərə çarpmağa başlayıb və bu ölkə yenidən 30 il geri qayıdaraq əvvəllər olduğu kimi danışıq aparmaq xatirinə müzakirə taktikası sərgiləyir:
“Digər tərəfdən Avropa İttifaqı rəsmiləri, Rusiya hakimiyyət orqanları, Türkiyə və Azərbaycan dövlət rəhbərləri ilə danışıqlar masası arxasında oturaraq müzakirə aparmaq fonu yaradır, danışıqlar masası arxasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əngəllər yaradır. Nümunə olaraq, Paşinyanın Türkiyə və Azərbaycanla quru sərhədlərinin açılmasına hazır olmaları haqda bəyanat verdiyi halda, Kəlbəcərdə ordumuzun mövqelərinin atəşə tutulmasını göstərə bilərik. Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivinə gəldikdə isə Ermənistan bütün vasitələrlə ona mane olmağa çalışır. Hadisələr və erməni tərəfinin indi tutduğu mövqe onların sülh müqaviləsi imzalanmasında maraqlı olmadığını sübut edir. Belə olan halda İrəvandan xoş məram haqqında mütəmadi verilən bəyanatların əksinə olaraq onların digər məsələlərdə də destruktiv rol oynadıqlarını görürük”.
Müsahibimiz bildirib ki, ermənilər delimitasiya və demarkasiya, nəqliyyat dəhlizinin açılması və nəhayət sülh müaviləsinin imzalanmasını maksimum uzatmağa çalışırlar:
“Onların düşüncələrinə görə, zaman xeyirləyinə işləyir və yaxın gələcəkdə özləri üçün daha əlverişli şərait əldə edəcəklər. Bu taktika məlum olduğu kimi, erməni siyasətçilərinin son 30 ildə yeritdikləri danışıqların aparılması taktikası ilə üst-üstə düşür. Əvvəllər də onlar özləri üçün daha əlverişli zaman gözləntisində idilər. 44 günlük müharibəyə rəğmən, hələ də nəticə çıxarmayıblar. Heç şübhəsiz, Azərbaycan Ermənistanın hər danışıq prosesindən sonra ortaya atdığı hoqqabazlıqlara daha 30 il vaxt sərf etmək niyyətində deyil. Son hadisələr və aparılan danışıqlar isə Bakının qısa vaxtda Xankəndini qanunsuz erməni silahlı birləşmələrindən təmizləməsi istiqamətində tədbirləri həyata keçirmək fikrində olduğundan xəbər verir. Azərbaycan dünya liderləri ilə ermənilərin danışıqlar prosesini pozmaları haqqında müzakirələr aparır. Bu müzakirələrin sonunda hərbi əməliyyatların başlanması gözləniləndir. Amma düşünürəm ki, bu əməliyyatlar genişmiqyaslı Azərbaycan-Ermənistan müharibəsi şəklində olmayacaq. Böyük ehtimalla Ermənistan Azərbaycanın həyata keçirəcəyi anti-terror əməliyyatlarına ciddi müqavimət göstərməyə cəhd etməyəcək. Çünki əvvəlki müharibədə olduğu kim biz öz təhlükəsizliyimizə təhdid yaradan və torpağımızda yuva qurmuş terrorçulara qarşı mübarizə aparacağıq”.
Tarix: 08 iyul 2022
Baxış: 427

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş