Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"İlkin Nərmini Altay Ələkbərovun öldürdüyünü deyib"

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada saxlanılmış məhkum Baxşəli Qəhrəmanov ifadə verib.

Təqsirləndirilən şəxsin dediyinə görə, İlkin Süleymanov Nərmin Quliyevanı öldürməsi ilə bağlı ona etiraf edib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov şahidin istintaq zamanı verdiyi ifadələrlə hazırkı ifadəsi arasında çoxsaylı ziddiyyətlər yarandığı üçün ona əlavə suallar verib.

Məlum olub ki, şahid istintaqda İlkinin 2020-ci ilin fevralın sonunda ona etiraf etdiyini deyib. Bugünkü ifadəsində isə bildirib ki, İlkinin etirafı ilə bağlı 2020-ci ilin fevralın əvvəlində məsul şəxslərə məlumat verib.

Vəkil isə İlkinin fevralın sonunda dediyi sözlər haqda fevralın əvvəlində necə məlumat verdiyini soruşub.

Məhkəmədə məlum olub ki, şahid istintaqa verdiyi ifadələrinin birində İlkinin Nərmini Altay Ələkbərovun öldürdüyünü deyib, digər ifadəsində isə Nərmini onun qohumu ilə birgə qətlə yetirdiyini etiraf edib.

Vəkilin suallını cavablandıran şahid digər suallara da ziddiyyətli cavablar verib.

O, ifadəsi zamanı həbsxanada nüfuzlu bir məhkum kimi tanındığını qeyd edib. Vəkilin “Hansı maddə ilə cəza çəkirsiniz” sualını cavablandıranda məlum olub ki, Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə təqsirli bilinərək həbs olunub.

Proses mayın 4-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. \\Pravda az 

Tarix: 22 aprel 2022
Baxış: 274

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş