21 iyul tarixində “Crystall Hall”da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına iki həftədən bir qədər çox vaxt qalıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub.
Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.
Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan edilib.
Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da festival könüllülərinin “Ulduz səfirləri” elan olunub. Onlar festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.
Atletlər Kəndi yarışa tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq.
Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər kəs şəxsiyyət vəsiqəsi ilə dörd ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə çox sayda bilet ala bilər. \\Publika.az