Lent.az-ın müsahibi psixoloq Samirə Bağırovadı. Onunla qadın kişi münasibətlərinin gizlinləri, uşaqların niyə cinsi istismara məruz qalması, psixoloji travmaları barədə söhbət etdik
- Samirə xanım, psixoloq kimi fəaliyyətinizdən danışaq. Neçə ildir bu sahədəsiz?
- Bir neçə istiqamətdə təhsil almışam. İlk təhsilim Bakı Qızlar Universitetinin filologiya fakültəsi üzrə idi. Sonra Milli Aviasiya Akademiyasına qəbul oldum. Valideynlərim o istiqamət üzrə təhsil almağımı istədilər. Daha sonra təsadüfən Azərbaycan Turizm və Menecment Universitetinə daxil oldum. Rəfiqəm sənəd verirdi. Dedi, mənlə gedək. Mən də onunla bir yerdə sənəd verdim, xəbər gəldi ki, qəbul olmuşam. Müxtəlif sahələrdə çalışmışam. Bunların hamısı mənim üçün böyük bir təcrübə oldu. Düşünürəm ki, psixoloq olmaqdan ötrü həyat təcrübəsi mütləqdir. Nə yaxşı ki, onları keçmişəm. Baxın, aviasiya sahəsində çalışmağımın özü ayrıca böyük bir məktəb oldu. Təyyarə bələdçisi kimi xarici ölkələrə uçurdum. Yüksək dövlət məmurları ilə, hətta cənab prezidentin özü ilə də uçmaq nəsib olub.
- Neçə il fəaliyyət göstərdiniz?
- Bələdçi kimi 10 il. İmtahan vermək üçün London, Litva, Latviyaya gedirdik. Biz imtahanı onlara verirdik. İndi bir az başqa sistemdi. Müəyyən müddətdən sonra qərar verdim ki, artıq bəsdi, uçmaq istəmirəm. Təyyarə bələdçisi olanda insanlarla işləyirsən, bədən dilini bilməlisən. Burada həm psixoloqsan, həm təhlükəsizlik xidməti, həm həkim, hərtərəfli olursan. Sərnişinin artıq baxışından, oturuşundan bilməlisən ki, necə insandı. İşdən ayrılandan sonra klinikaların birində sağlıq turizmində çalışdım.
Belə deyək, insanın fərdi inkişafı deyilən bir şey var. Hər dəfə nədəsə özünü axtarırsan. Bəzən deyirlər ki, bir sahəni tut, axıra qədər get. Bu fikirlə razı deyiləm. Olur ki, bir də görürsən ki, pik həddə çatırsan. Amma sən özünü daha üstün görürsən. Standart bir şey mənə görə deyil. Xoşlayıram ünsiyyətdə olum, problemləri çözüm. Qərar verdim ki, sahəmi dəyişim. Hamı onsuz da deyirdi ki, psixoloqluq sənə yaraşar. İlk olaraq uşaq psixologiyasından başladım. Sonra böyüklərlə işləmək mənə maraqlı gəldi. Ankaraya getdim. Burda müxtəlif konfranslara, kurslara qatılırdım. Ankarada məşhur psixatirik xəstəxanada professor Ertoğrul Koroğlunun yanında təcrübə keçdim. Bakıya gəlib işə başlayanda gördüm cinsi tərbiyədə böyük bir boşluq var. Heç kim bu haqda danışmır. Hamıda bir kompleks var və çox qəribə bir psixologiyada yaşayırıq. Psixoloqsansa eynək, köynəkdə olmalısan, ciddi bir görkəm almalısan. Dedim ki, mən danışacam. Cinsi tərbiyə üzərindən başladım. Bu boşluğu insanların nəzərinə çatdırmaqdan ötrü keçdim ər-arvad münasibətlərinə. Və belə-belə video çıxışlarım yayıldı. Psixologiyaya bu cür gəldim, tanındım.
- Son illər statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı artır. Burada qadınlar kişiləri günahlandırır, kişilər də qadınları. Yaşlı nəsil texnologiyanı. Boşanmanın səbəbi qadın, kişi, ya sosial şəbəkələrdi?
- Ömrü boyu qadınlar kişiləri günahlandırır, kişilər də qadınları. Texniki inkişaf çox sürətlə gedir. Onun da təsiri var, çünki əvvəllər müqayisələr, seçimlər az idi, nəyə görə? İnternet yox idi. Hamı işi ilə məşğul idi. Xəyanətlər olsa belə, ortaya çıxmırdı, gizli qalırdı. Xəyanət həmişə olub. Sadəcə, bu dərəcədə şişirdilmirdi. Niyə? Çünki müqayisə ediləcək biri yox idi. Hamı başını aşağı salıb öz işi ilə məşğul olurdu, əlində olanla kifayətlənirdi. Amma indi müqayisələr çoxalıb. Əsasən qadınlar daha çox müqayisə edir. Kişinin xoşbəxt olması üçün nə lazımdı? İş, işdən qazandığı pul, dostu və sevdiyi qadın. Amma qadının xoşbəxt olmaq üçün sevdiyi oğlanla görüşür, bir müddətdən sonra evlilik istəyir. Evlilikdən sonra uşaq, uşaqdan sonra filankəsin uşağı filan məktəbə gedir, bizimki niyə getmir, filankəs arvadına filan şey aldı, niyə məndə də yoxdu. Müqayisə o qədər olur ki… Üstəlik, bizdə müdaxilələr çoxdu. Qayınana, qayınata, qızın anası, atası, baldız, qayın… Sonda yenə də gələcəyik cinsi tərbiyənin üzərinə. Pandemiya dövründən boşanmaya ən çox cinsi uyğunsuzluq səbəb kimi göstərildi.
- Uzun müddətli evliliklərdə də boşanmalar müşahidə olundu.
- Hətta mən sizə deyim ki, əvvəllər cavanların boşanmağı çox idi. Sərt karantində özüm də təəccüb etdim. 20 ilin evlilikləri dağılırdı, deyirdilər dözə bilmirik. Və cinsi uyğunsuzluq. Yəni, sən indiyə qədər bilmirdin? Bu vaxta qədər başı qarışıq idi, yorğunluq, yola vermələr, pərdələr var idi. Artıq evdə oturanda diqqətə varır ki, sən demə, indiyə kimi normal yaşamayıb. Qadınla kişinin arasında hər şey açıq danışılsa, söz-söhbət olsa da, inanın müdaxilələr, müqayisələr, onların heç biri, ərlə-arvadın özünə qalsa, boşanma səbəbi olmayacaq. Çünki hara hərləsən də, fırlasan da gəlib həyat yoldaşı ilə bir yataqda yatmalıdır. Orada onlar bir-birilərini başa düşürlərsə, istər qaynana, qayınata gəlsin, özləri küsüb özləri də barışacaqlar. Ailələrdə o qədər böyük pərdələr, sərhədlər var ki.... Ona görə də həmişə bir-birlərini günahlandırırlar.
- Pandemiya vaxtı həm də xəyanətlərin üstü açıldı. Xəyanəti bağışlamaq olar? Müasirləşən cəmiyyətdə qadınlar, ya kişilər daha çox xəyanətə məruz qalır?
- Yenə də kişilər daha çoxdur. Biz də ümumiyyətlə, qızı ərə verəndə “dözməlisən” sözü var. “Mən necə dözmüşəm, sən də dözüb oturmalısan”. Xəyanəti bağışlamaq individual, fərdi yanaşmadı. Mən ola bilər ki, elə bir, psixologiyada, ailə ortamında böyümüşəm ki, bağışlayaram, amma sizin tərbiyə aldığınız mühit tamamilə başqadı və bağışlamazsınız. Sizin bağışlaya biləcəyinizi mən bağışlaya bilmirəm. Ailə burda böyük rol oynayır. Məsələn, ərəblərdə necədi, kişinin bir neçə həyat yoldaşı olmasına normal baxırlar. Onlar artıq elə bir psixologiyada böyüyüblər. Mən durum deyim ki, bağışlamaq olar, ya olmaz, bu, qürur məsələsidi. Kimsə nəyəsə görə “uşaqlarım var” deyib dözəcək. Amma bir şey deyim də, xəyanət sözünün özü də ağırdı axı. Bir qadın kişi tərəfindən xəyanətə uğrayırsa, orda da bir şeylər sınıb artıq. Özünü bir qadın kimi basdırıb. Nəyəsə rəğmən yaşamağa davam edir.
- Uşağa görə ailəni sənəd üzərində davam etdirmək doğrudur?
- Ona görə deyirəm, fərdi bir yanaşmadı. İnsan var ki, özü deyir ki, ayaqlarım üstə duracam və xəyanəti bağışlamır. Bu bunun psixologiyasıdı. Bu bu cür böyüyüb, bu cür görüb. Artıq formalaşmış bir şəxsiyyət, xarakteri var. Amma qadın da var ki, məsələn, uşağı bəhanə edir, öz maddi tələbatını ödəyə bilmir. Məsələn, gəlirlər, ərim mənə xəyanət edir, amma mən ayrıla bilmərəm, uşağımın təhsili var, bahalı məktəbdə oxuyur, işləyə bilmərəm, illərlə işləməmişəm, nəyəsə rəğmən dözür. Qurbana çevrilir.
- Hansı həddə qədər bağışlanandı?
- Deyirlər ki, bir dəfə edibsə, bir də edəcək. Yox, belə olmur çox vaxt. O qədər bura gələn insanlar var ki, bir dəfə xəyanət edib və peşman olub. Kişi xəyanəti çox vaxt təsadüfi olur. Ya içkili olur, acıqdan və yaxud da elə bir məclisə düşə bilər ki, təsadüfdən olur. Belə hallar olur. Bu kimi xəyanətlər çox az halda təkrarlanır. Amma qadın xəyanəti dərk edərək, bilə-bilə edir. Necə? Yoldaşının xəyanətini bilir və acığa edir. Çünki bir qadın xəyanətə məruz qalanda həmən öz güvən aşağı düşür, özünü digər xanımlarla müqayisəyə edir. Görəsən, mən də nə elə deyil, ya da özünü qiymətləndirmə səviyyəsi sıfıra düşür. Və xəyanətlə bir növ qisas alır, açıq verir. Daha sonra qadınlarda 40 yaş sindromu var. Əslində bu kişilərdə də var. Ki, əvvəlki kimi deyiləm, əvvəlki cavanlığım, enerjim yoxdu. Özünə nəyisə sübut eləməkdən ötrü nəsə addım ata bilər ki, sonu peşmanlıqla nəticələnə bilər. Qadın xəyanətlərinin çoxu peşmanlıqla bitir.
- Samirə xanım, qadınının xəyanətini bağışlayan kişi hər zaman qınanılır. Praktikanızda bu kimi halla rastlaşmısınız və bağışlayan kişini qınamaq doğrudurmu?
- Birini mühakimə etmə, özün də mühakimə olunacaqsan, məsəli var. Burada insan faktorudu, kişi-qadın məsələsi deyil. Gözə görünməyən tellər var. Həmişə deyirəm, bu tellər ən güclü tellərdir. Bir kişinin qadını xəyanət edirsə, mütləq şəkildə orada bir kişi boşluğu var. Ya həddindən artıq özünü işə verib, ya həddindən artıq xəyanətlər edib və qadın bilir. Bundan əlavə, qadağalar, sıxma-boğmalar, olmazlar, fikrini önəmsəməmək də qadını xəyanətə vadar edə bilər. Həmişə gələn kişilərə deyirəm ki, xanımınızın qulağını boş saxlamayın. Qadının qulağı gözəl sözlərlə, əzizlənmələrlə dolu olmalıdır. Hər bir qadın xoş söz eşitmək istəyir. Ev işi nə nədər görəcək. Gördü qurtardı, vəssalam da, axı nələrsə istəyir. Zəng edir ki, nəsə xoş jest hiss etsin. Cavab, “məşğulam”. Dəfələrlə mənim yanımda ailələr olub ki, qadın kişiyə xəyanət edib. Qınamaq da olmaz, hər ikisi insandır. Hətta mən sizə deyim ki, ola bilər cəmiyyət içində günahı qadında görələr, amma özləri deyirlər ki, “bilirəm ki, mənim günahımdan olub.” Məsələn, biri hətta boynuna alırdı ki, mən çox döymüşəm, həddindən artıq şiddət göstərmişəm, hicaba keçməsinə məcbur etmişəm. Birini tanımaq istəyirsənsə, boş burax və kənardan izlə. Sən nə qədər onu sıxsan, əksinə, neqativ vəziyyətlər görəcəksən. Mən maksimum dərəcədə çalışıram barışdırım. Bakıdakı iş fəaliyyətimdə bircə dəfə olub ki, heç bir şəkildə barışığa razı olmayıblar. İkinci şans hamıya lazımdı. İnsan səhv edər, biz başqa səhvlər edirik və deyirik ki, təkrar etməyəcəm. Özümüz özümüzə şans veririk axı. Bir qadın xəyanət edirsə, bir kişi düşünsün ki, mənim qadınım niyə xəyanət edir.
- Bölgələrdə vəziyyət necədi?
- Həftədə bir dəfə bir bölgə seçirik. Şamaxıda olduq, Şəkidə olmalıyam, sonra Masallıda olacağıq. Maarifləndirici, ödənişsiz şəkildə seminarlar təşkil edirəm. Qohum, dost evə gələrkən, nələrdə ehtiyatlı olmalısan, uşağa necə nəzarət olunmalıdır, valideynlər azyaşlılarda, uşaqlarda, yeniyetmələrdə nəyi bilməlidi. Bölgələrdə cinsi istismarlar, təcavüzlər, bilirsiz, o qədərdir… Orta yaşa gəlib çatıblar, danışırlar uşaq vaxtı dayım, əmim məni istismar elədi, əmim elədi. Demək olar ki, hər gün belələrini qəbul edirəm. Çıxdım ki, cinsi tərbiyədən danışmağa və sanki onların dərdini yenidən tərpətdim.
Uşağı adicə marketə göndərmisiz, içəri girəndə uşaqla göz kontaktı qurun, bu mütləqdir. Hansı abı-havada içəri girir.
- Daha çox qohum tərəfindən cinsi istismara məruz qalırlar?
- Bəli, uşaqlar ən çox qohum, ailə dostları tərəfindən istismara məruz qalırlar. Özüm belə depressiyaya düşmüşdüm. Bir gündə nə qədər neqativ götürə bilərsən? Artıq bunu özümdə zamanla bloklamağı bacardım. Keçən dəfə bir xanım başına gələni danışdı və yenə də təsirə düşdüm. Baba 6-7 yaşından öz nəvəsinə həmişə cinsi istismar edib. Xanım ailə qurub. Bu gün vaginizm sindromu yaşayır, üstəlik cinsi soyuqluq. Uşaq vaxtı yaşadığı o istismar, bugünkü gün onun ailəsindəki cinsi münasibətə mənfi təsir edir. Yataqlar ayrıdı, yoldaşı ilə yola getmir və boşanma dərəcəsindədir.
- Hansı bölgədə qadınlar uşaqkən daha çox istismara məruz qalırlar?
- Ən çox Qərb və Cənub regionundan bu tip müraciətlər olur.
- Bu regionla həm də erkən nikahla bağlı ən kritik bölgələrimizdi
- Təsəvvür edin, insanlar indi insanlar anlayırlar ki, danışım bunu, gizlətməyim. Yadıma bir hadisə düşdü. Xanım ərdədi. Uşaq vaxtı dayısı tərəfindən cinsi istismara məruz qalıb. Deyir, indi ərdəyəm: “Dayım elə bilir yadımdan çıxıb, bizə qonaq gəlir. Mən onun qarşısına çıxa bilmirəm, əsəbiləşirəm və hirsimi uşaqlarımın üzərinə, həyat yoldaşıma tökürəm. Dərdimi heç kimə deyə bilmirəm”.
Uşaqlıq travmaları müxtəlif yaşda özünü göstərəcək. 40, 50 yaşda danışır ki, 6 yaşında mənim başıma bu hadisə gəlib və bir ömür boyu özü ilə bunu daşıyır. Təbii ki, bu aqressiyasını kiməsə çökəcək. Yəni, cinsi tərbiyə çox önəmlidi. Valideyn yeniyetmə övladına necə yanaşmalı, gizli dövr deyilən bir vaxt var, o zamanki tərbiyə necə olmalıdır haqqında bilgiləri olmalıdır.
- Adətən hansı tip uşaqlar istismara məruz qalırlar?
- Belə adamlar həmişə problemli ailənin uşağını seçirlər. Yaxud da, həddindən artıq dəcəl, sakit uşaqları. Məsələn, onlar bilirlər ki, ər-arvad arasında problem var, kişi xəyanət edir, ailədə söz-söhbət, dava var və uşaq yaddan çıxıb. Qadının bütün diqqəti kişidə qalır, ay getdi, yenə də görəsən işə getdi, gec gəldi, niyə zəng elədim götürmədi. Evə gəlib-gedən ailə adamıdırsa, dostudursa, təbii ki, vəziyyətdən xəbərdardır. Artıq o uşağı qaralayır. Bilir ki, nəzarət azdı.
- İstismarlar hansı yaş aralığında olur?
- Adətən 6 yaşından yeniyetməlik çağına və kiçik yeniyetmə vaxtına qədər olur. Bəzən, böyük yeniyetməlik vaxtında da müşahidə edilir. 14 yaş artıq bədənin oyanma yaşıdır. Bu vaxt uşağa diqqət yetirməli, hansısa narahatçılıq hiss edəndə psixoloqlara müraciət etməlidir. Ən çox kiçik yeniyetmə və böyük yeniyetmə dövrlərində bu kimi hadisələrə rast gəlinir.
- Son illər yeniyetmələrin intihar halları artıb. Psixoloq olaraq hadisələri izləyəndə cinsi istismar kimi hallar hiss etdiniz?
- Var idi. Eynicinsli münasibət yaşayan qızlardan biri xəyanətə məruz qaldığına görə intihar etmişdi. Tələbə qızlar görüşürdü. Eşitmişdi ki, artıq başqa bir qızla münasibəti var. Ona görə intihar etmişdi. Hətta uşaq vaxtı cinsi istismara məruz qalıb. 20 yaşında xatırlayıb, dostunun danışıb. Artıq özünə qəbul edə bilmir. Buna özündən utanmaq deyirlər. İntihar nə deməkdi? Gizli şəkildə mənə diqqət edin, mənim diqqətə, sevgiyə, dinlənməyə ehtiyacım var, deməkdir. Utancaqlıq, özündən utanma, istismarlar, ağır depressiyalara səbəb olur.
- Bakıda, hələ paytaxtda, eyni cinslər hər zaman təzyiqlərə məruz qalırlar. Bölgədə eyni cinslərlə bağlı nə müşahidə edirsiniz?
Sabah oxuyacaqsınız:
- Yanıma gəldilər ki, 31 yaşlı kişi evdə qadın paltarı geyinir…
- Yadlarla evlənin, üz, simalar dəyişsin;
- Qadınlar anlamalıdır ki, ömür boyu bir insana özünü həsr eləmək, çox çətindir;
- Arada ayrı qalın, bir-biriniz üçün darıxın...