Redaktor seçimi
    Rusiya Hadruta ordu yeritmək istəyir – Lavrovun səfəri və Moskvanın SENSASİON 2 HƏDƏFİ
Xəbər lenti
Reklam
Ekspert də razıdır:“Məktəblərdə din tədris olunsun, amma…”

“Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək”

Bu gün Milli Məclisin növbəti plenar iclasında millət vəkili Etibar Əliyev maraqlı təkliflə çıxış edib. O, bildirib ki, ölkəmizdə orta məktəblərdə dinin tədris edilməsi müzakirə olunur: 
“Təhsil sistemi güclü olan Finlandiyada isə din dərsi məcburidir. Türkiyədə din dərsi dövlət və özəl məktəblərdə keçirilir. Ölkədə daha çox dominant din olan islam dini ilə bağlı məlumatlar verilir. Ölkəmizdə bu sahədə ciddi boşluqlar mövcuddur. Bölgələrdə dini düşüncələr yalnız erkən nikah, məktəblərdən uşaqların alınması şəklindədir. Ciddi mütəxəssislər tərəfindən dinlər tarixi və ixlas bilgisi adlı kitab hazırlamaq lazımdır. Əks təqdirdə bu boşluq daha da genişlənəcək və gənclərimiz zərərli dini düşüncələrə gedəcəklər”.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında parlamentarinin səsləndirdiyi fikirlərə münasibət bildirdi: 

“Məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə, cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli anlayışlar olduğunu anlatmaq deməkdir. Bir çox ölkələrdə, o cümlədən qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanılıb.

Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlılara və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir.

Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də, ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaları, təhsil aldıqları ölkələrin dini mühiti ölkəmizdə kor-təbii şəkildə yaratmaq cəhdləridir».

K.Əsədov, həmçinin sözügedən fənnin tədrisinə verilən tələblərdən söz açdı:

 “Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fənnini şagirdlərin yaxşı mənimsəməsini təmin edən əsas amillərdən biri müəlliminin özünün dinin əmr və qadağalarına riayət etməsi, əxlaq və davranışı, həyat tərzi ilə onlara nümunə olmasıdır.

Bununla yanaşı, din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq durmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir.

Əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır.

İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Habelə din dərsi insanlarda mənəvi və dini boşluğun doldurulmasına da böyük töhfə verəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edirlər. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək.

Amma vacib bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil haqqında Qanunun tələblərinə görə, din dövlətdən ayrıdır. Qanunvericilik aktlarına görə, orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir».




Tarix: 23 aprel 2021
Baxış: 55

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]