Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Şuşada yenidən musiqi səslənəcək və uşaqlar dəftərlərini notlarla bəzəyəcəklər – Fərhad Bədəlbəyli
                                           
Keçmiş SSRi-nin və Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli çoxəzablı şəhərin dirçəldilməsi planlarından danışdı

Hər bir insanın qəlbində xüsusi yeri olan məkanlar var. Rus insanı üçün bu, dahi Lev Tolstoyun yazıb yaratdığı Yasnaya Polyana, Pyotr İliç Çaykovskinin şah əsərlərinin meydana gəldiyi Klin və ya Aleksandr Serqeyevişç Puşkinin dünya poeziyasına ən gözəl şeirlərini bəxş etdiyi Boldinodur.

Azərbaycanlılar üçün isə bu, Qarabağın incisi, nağıllar diyarı, tanınmış Azərbaycan şairlərinin, musiqiçilərinin və görkəmlisiyasi xadimlərinin yurdu olan Şuşadır.
 
Xan qızı, şairə Natəvanın gözəlliyinə və zəkasına heyran qalan Aleksandr Düma, öz əsərlərində daşlarına belə musiqi və poeziya hopmuş Şuşanın mənəvi həyatını təsvir edirdi. 1752-ci ildə Pənah Xan tərəfindən əsası qoyulan Şuşa şəhəri, 1805-ci ildə Rusiya İmperiyasının protektoratına keçdi. Tarixi sənəd Qarabağın hakimi İbrahim xan tərəfindən imzalandı. Rus mədəniyyətinin, musiqisinin, ədəbiyyatının təsiri, şübhəsiz ki, Şuşanın həyatına xüsusi rəng qatdı. Təsadüfi deyil ki, böyük Üzeyir bəy Hacıbəylinin müəllifi olduğu Şərqin ilk operası "Leyli və Məcnun" məhz burada yarandı. Şair və musiqiçilərin öz məharətlərini nümayiş etdirdikləri ədəbi-musiqili məclislərin keçirilməsi Şuşada gözəl bir ənənə halını aldı.
 
 
Bizim Bədəlbəylilər nəslinin bu nadir şəhərlə qırılmaz bağları var.

 
Babam, görkəmli maarifçi Bədəl bəy Bədəlbəyli məktəb direktoru olduğu illərdə şagirdləri ilə Şekspir və Çexovun pyeslərindən parçalar səhnələşdirirdi, əmim Əfrasiyab Bədəlbəyli isə Şərqdə ilk balet olan "Qız qalası" nın müəllifidir.

 
David Oystrah, Aram Xaçaturyan, Lev Oborin, Yakov Zak, Mstislav Rostropoviç kimi görkəmli şəxsiyyətlər tez-tez atamın evində qonaq olurdu. Bir dəfə, mən qastrolda olduğum zaman, bənzərsiz musiqiçilər Vladimir Spivakov və Viktoriya Postnikova Bakıda konsert verirdi. Ailəm onları Qarabağ aşına qonaq etmişdi. Zənnimcə, qonaqlar çox razı qalmışdı.
 
 
Şuşa uzun əsrlər boyu Azərbaycan musiqi sənətinin, xalq yaradıcılığının, bəstəkar və vokal məktəblərinin beşiyi olub. Xüsusilə də yayda, Bakının qızmar istisindən qaçaraq, buz bulaqlı, əsrarəngiz təbiətli Şuşaya sığınırdıq. Dahi Bülbülün, bəstəkar Süleyman Ələsgərovun evlərində ziyafətlər təşkil edilirdi, şeirlər səsləndirilirdi, xanəndələr vokal sənətinin möcüzələrini nümayiş etdirirdi. Mən hələ hamımızın sevimlisi olan maestro Niyazinin simfonik orkestrlə birgə məşhur Cıdır düzündə verdiyi təkrarsız konsertləri demirəm! Səmada məğrur qartallar uçuşurdu, uzaqlarda isə yaşıl meşələr göz işlədikcə uzanıb gedirdi.
 
 
Dostum Polad Azərbaycanın mədəniyyət naziri oiduğu dönəmdə dünyanın hər yerindən ən yaxşı folklor ansambllarının qatıldığı bənzərsiz "Xarı Bülbül" festivalı təşkil etmişdi. Sevimli şəhərimiz Şuşada xoşbəxtlik, əmin-amanlıq və dinclik hökm sürürdü. Sonra isə qara günlər başladı- işğal, qaçqınlar, Xocalı soyqırımı. Uzun illər mehriban dost bildiyimiz, duz-çörək kəsdiyimiz dünənki qonşularımızın qorxunc milliyyətçiliyi torpaqlarımıza ölüm və əzab gətirdi. Uzaq Parisdə Fransa kommunistlərinin qəzetinə müsahibə verən və xalqlar arasında ədavət toxumu səpərək, Qarabağın Ermənistana birləşdirilməsi çağırışı ilə çıxış edən üzdəniraq iqtisadçı gələcək fəlakətləri-dinc əhalinin qətlini, günahsız insanların qanı ilə suvarılan torpaqları təsəvvür edə bilərdimi?! Görəsən mİnlərlə günahsız qurban- azərbaycanlı və erməni qocalar, qadınlar, uşaqlar həmin adamın yuxusuna gəlirmi?

 
Şuşa təhqir edildi, dağıdıldı. Muzeylər, abidələr, musiqi məktəbləri, mədəniyyət mərkəzləri gözünü qan örtmüş azğınquldurlar tərəfindən amansızcasına məhv edilirdi. Dahi şuşalıların xatirəsinə ucaldılmış abidələr - şairə Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin, müğənni Bülbülün heykəlləri talançı əsgərlərin əyləncəsi üçün atəş hədəflərinə çevrilmişdi. Güllələnmiş heykəlləri çətinliklə satın ala bildik. Bu günədək İncəsənət Muzeyinin həyətində duran həmin hekəllər, vətənləri Şuşaya qayıdacaqları günü həsrətlə gözləyirlər!

 
Bu 28 ildə, bu gün UNESCO-ya məktub yazaraq, Qarabağın xristian abidələrini qorumağı tələb edən rusiyalı mədəniyyət xadimləri sözügedən vandallığa heç bir reaksiya vermədi. Cənablar, demək müsəlman abidələri sizin maraq dairəniz xaricindədir? Bunlar bir növ ikinci dərəcəli abidələrdir? Azərbaycan bütün dini abidələrə qayğıkeş münasibəti ilə tanınır. Bizdə katolik məbədi inşa edilib, sinaqoq kilsəsi isə Bakının mərkəzində yerləşir. Tanrıdan qorxun, cənablar!
 
Birinci, yaxud ikinci dərəcəli əzab yoxdur. Maraqlıdır, Xocalıda 613 nəfər günahsız insan- qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetiriləndə, böyük Azərbaycan şairi Nizaminin vətəni, cəbhə xəttindən yüzlərlə kilometr məsafədə yerləşən qədim Gəncə şəhəri gecə bombardman ediləndə niyə səsinizi çıxarmadınız?

 
Heç bir hərbi obyektin olmadığı dinc Tərtər və Bərdə şəhərləri raket zərbələrinə məruz qaldı. Sözügedən vəhşiliyin dəhşətli statistikasına görə, 94 nəfər mülki vətəndaş həlak oldu, 414 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı. 3410 fərdi evə, 120 çoxmənzilli yaşayış binasına, 512 mülki obyektə ziyan dəydi, siz isə heç nə olmamış kimi susdunuz.

 
Mən həmin vaxt orada idim və xarabazara çevrilmiş şəhərləri öz gözlərimlə gördüm. Bir musiqiçi kimi məni yırtılmış uşaq not dəftəri dərindən sarsıtdı. Hansısa uşağın musiqi təhsili yarımçıq qaldı...

 
Bəlkə iki xalqı bir-birinə düşmən etməyə, heç bir günahı olmayan dinc insanların onsuz da qaysaq bağlamayan dərin yaralarına düz tökməyə son qoyasınız?
 
Biz Şuşaya qayıtdıq və tezliklə onu əski halına qaytaracağıq. Şuşada yenidən qədim muğamımız səslənəcək, şairlər yenidən bu gözəl diyarın şəninə şeirlər yazacaq, burada musiqi təhsili alan uşaqlar dünyaya sülh, əmin-amanlıq və sevinc bəxş edən notları öz dəftərlərinə köçürəcəklər.

 
Müəllif: Fərhad Bədəlbəyli, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq Artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Mənbə: "Literaturnaya Rossiya” nəşri/Sfera.az
Tarix: 08 dekabr 2020
Baxış: 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş