2026-cı ilin ilk yarısında həm Azərbaycana gələn xarici vətəndaşların, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. Eyni zamanda, həmin dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 5,1 faiz azalaraq 937,4 min nəfər təşkil edib.
Azərbaycana turist axınının azalmasının əsas səbəbləri nədir? Turistlərin sayının azalması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Məsələ ilə bağlı turizm eksperti Cəfər Qarayev Sfera.az-a açıqlama verib. O, bu prosesin baş vermə səbəblərini izah edib:

“Cənub qonşumuz olan İran İslam Respublikasına edilən hücumlar və qarşı tərəfin atdığı hərbi addımlar, hava limanlarının, hətta mülki hava limanlarının da hədəfə alınması nəticəsində hava limanları bağlandı. Müntəzəm reyslər ləğv olundu, sonradan isə onların bir hissəsi qismən bərpa edildi. Lakin bu reyslər artıq İranın hava məkanından istifadə etmədən, ölkənin qərb və şərq istiqamətlərindən dolanmaqla Azərbaycana uçuşları davam etdirirdilər. Bu vəziyyət rəqəmlərə də ciddi təsir göstərdi. Məsafə uzandığı üçün yanacaq sərfiyyatı və digər xərclər artdı. Məsələn, əvvəllər Dubay-Bakı reysi təxminən 2 saat 40 dəqiqə davam edirdisə, indi bu uçuş təxminən 5 saat çəkir. Yəni uçuş müddəti demək olar ki, iki dəfə artıb. Yolun uzanması, yanacaq sərfiyyatının və xərclərin artması nəticəsində təyyarə biletlərinin qiyməti də yüksəlib. Bütün bunların nəticəsində ölkəyə gələn xarici turistlərin sayında azalma gözlənilən idi və statistikada da gördüyümüz kimi, ilk altı ayda Azərbaycana gələn xarici turistlərin sayında təxminən 10 faiz azalma qeydə alınıb”.
Ekspert bunun iqtisadiyyata da çox böyük təsir göstərdiyini vurğulayıb:
“Məsələyə daha dərindən baxsaq, görərik ki, turizm sektoru çoxşaxəlidir və zəncirvari şəkildə bir-biri ilə əlaqəlidir. Nəqliyyat vasitələri yanacaqla təmin olunur, amortizasiya səbəbindən servis xidmətlərindən istifadə edir, ehtiyat hissələri alır. Restoranlar kənd təsərrüfatı məhsulları, ərzaq və digər qida məhsulları alırlar. Otellər çamaşırxana, təmizlik xidməti və əməkdaşların təminatı üçün müxtəlif məhsul və xidmətlərdən istifadə edirlər. Yəni bütün bu sahələr bir-biri ilə sıx bağlıdır və bu mövzunu daha da detallı şəkildə izah etmək mümkündür. Turizm sektoru çox həssas sahədir. Regionda və ya dünyada baş verən hərbi münaqişələr, pandemiyalar, təbii fəlakətlər, devalvasiyalar, valyuta məzənnələrindəki dəyişikliklər və digər iqtisadi hadisələr bu sektora dərhal və mənfi təsir göstərir. İndi isə bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Cənubi Qafqaz ölkələrinin ilk altı ay üzrə göstəricilərini müqayisə etmək istərdim. Bildiyiniz kimi, yanvar-iyun aylarında Azərbaycana 1 milyon 92 min 600 nəfər xarici vətəndaş gəlib. Burada “turist” ifadəsini işlətməmək daha doğru olar. Çünki bu statistikanın içərisinə xarici ölkələrdə yaşayan, əslən azərbaycanlı olan və xarici pasportla ölkəyə daxil olan şəxslər də daxildir. Onlar statistikada xarici vətəndaş və turist kimi qeydə alınsalar da, əslində turist hesab olunmurlar və əsasən öz evlərində qalırlar. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda bu göstərici 10,3 faiz azalıb. Gürcüstanda isə ilk altı ayda ölkəyə gələn xarici vətəndaşların sayı 3 milyon 50 min 173 nəfər olub. Bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz azalma deməkdir. Rəqəmlərə baxdıqda görünür ki, Gürcüstana gələn xarici vətəndaşların sayı Azərbaycanın göstəricisindən təxminən üç dəfə çoxdur. Ermənistanda isə ilk altı ay ərzində ölkəyə gələn xarici vətəndaşların sayı 1 milyon 41 min 598 nəfər olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir”.
Mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədriAkif Nəsirli isə bildirib ki, turistlərin sayının azalması ilk növbədə xidmət sektoruna təsir göstərir:

“Otellər, restoranlar, kafelər, nəqliyyat, turizm şirkətləri, ticarət mərkəzləri və əyləncə obyektlərinin gəlirləri azala bilər. Xarici turistlər ölkəyə valyuta gətirdiyi üçün onların sayının azalması turizm gəlirlərinin və xidmət ixracının həcminə də mənfi təsir göstərir. Bununla yanaşı, turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarların dövriyyəsi zəifləyə, bəzi bölgələrdə mövsümi məşğulluq azala bilər. Xüsusilə turizmdən daha çox gəlir əldə edən regionlarda bu təsir daha çox hiss oluna bilər. Lakin azalma uzunmüddətli xarakter daşımadığı halda bunun ümumi iqtisadiyyata təsiri məhdud ola bilər. Turizmin yenidən canlanması üçün ölkənin tanıtımı, beynəlxalq aviareyslərin artırılması, sırhədlərin açılması, xidmət keyfiyyətinin yüksəldilməsi və turistlər üçün cəlbedici qiymət siyasətinin tətbiqi mühüm əhəmiyyət daşıyır”.
Bəsti Rəfizadə