Danimarka və Avstraliyadan olan tədqiqatçılar əvvəllər məlum olmayan bir virus aşkar ediblər. Bu virusun inkişaf etmiş ölkələrdə ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olan kolorektal xərçəngin yaranması ilə əlaqəli ola biləcəyi bildirilir.
Araşdırmanın nəticələri “Communications Medicine” (ComMedicine) jurnalında dərc olunub.
Alimləri uzun müddətdir Bacteroides fragilis bakteriyası maraqlandırırdı. Bir tərəfdən bu bakteriya kolorektal xərçəng xəstələrində tez-tez aşkarlanır, digər tərəfdən isə sağlam insanların bağırsaqlarında da normal şəkildə mövcuddur.
Bu ziddiyyəti izah etmək üçün tədqiqatçılar Danimarkada aparılan geniş populyasiya araşdırmasının iştirakçılarından götürülən bağırsaq mikroflorasını genetik sekvensləmə üsulu ilə analiz ediblər. Nəticədə məlum olub ki, xərçəng xəstələrində B. fragilis bakteriyası çox vaxt içərisində xüsusi bir virus — bakteriofaq daşıyır. Bu viruslar bakteriyaları yoluxduraraq onların daxilində çoxalır.
Daha sonra bu müşahidə 877 nəfəri əhatə edən daha geniş qrup üzərində yoxlanılıb. Təhlillər göstərib ki, bağırsaq şişi olan xəstələrdə bu bakteriofaq təxminən iki dəfə daha çox rast gəlinir.
Alimlərin fikrincə, bu kəşf bağırsaq mikroflorasının öyrənilməsinə yeni bir qat əlavə edir. Əvvəllər əsasən bakteriyalar araşdırılırdısa, indi onların daxilindəki virusların da nəzərə alınması vacibdir.
Gələcəkdə aşkar edilən bakteriofaq praktikada da istifadə oluna bilər. Tədqiqatçılar onun kolorektal xərçəng riskinin erkən müəyyənləşdirilməsi üçün biomarker kimi tətbiq edilə biləcəyini düşünürlər. Məsələn, xüsusi nəcis analizləri simptomlar ortaya çıxmadan əvvəl bu virusun mövcudluğunu aşkar edə bilər. \\Demokrat.az