
Bakı Biznes Universitetində YUNESKO-nun təşəbbüsü ilə təsis edilmiş “Qadınlar və qızlar elmdə” gününə həsr olunmuş beynəlxalq dəyirmi masa təşkil olunub.
"Gender.Az" “Cebheinfo.az”-a istinadla xəbər verir ki, tədbirin açılışını universitetin prorektoru h.ü.f.d. Məleykə Abbasova edib. O, çıxışında qadınların elm sahəsində rolunun gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, onların elmi fəaliyyətlərdə daha fəal təmsil olunması cəmiyyətin inkişafına mühüm töhfə verir.
Daha sonra “Ali riyaziyyat” kafedrasının müdiri, r.ü.f.d., dosent Könül Ömərova çıxış edərək qeyd edib ki, tədbirin əsas məqsədi elmdə qadınların rolunu ön plana çəkmək, onların nailiyyətlərini təşviq etmək və gənc qızları elmə maraq göstərməyə həvəsləndirməkdir.
Dəyirmi masada qonaqların məruzələri dinlənilib. Fil.ü.f.d. Rəfayət Əlimirzəyeva “Ailədən elmə uzanan yol: təhsil və elm qız uşaqlarının güc mənbəyi kimi” mövzusunda çıxış edib.
Türkiyədən professor Dr. Çərkəz Ağayeva “Süni intellektin müasir elmi araşdırmalarda və təhsildə rolu” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin, Prezident təqaüdçüsü, t.ü.f.d. İradə Əlili “Zərifliyin zərafəti elmə pöhrələr verər”, professor Könül Hüseynova “Azərbaycanın qadın pianoçularının musiqi sənətinə gətirdiyi yeniliklər”, t.e.d. Nigar Gözəlova “Təhsil və elm qız uşaqları üçün güc mənbəyidir”adlı mövzu ilə çıxış ediblər.
Psixoloq-psixoterapevt Gülnar Həbibova Doğan isə “Təhsildə və elmdə qadına psixoloji baxış və mənlik inşası” mövzusuna toxunub. F.ü.f.d. Kamalova Şahnaz Novruz qızı “Keçmişdə və bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elm və təhsil sahəsində Azərbaycan qadınlarının rolu” mövzusunda məruzə edib.
Tədbirdə həmçinin fil.ü.f.d. Reyhan Dadaşova, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai və Bakı Biznes Universitetinin tələbəsi Lalə Araz qızı Məsimova çıxış edərək fikirlərini bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, qadınların elmə cəlb olunması, onların innovativ sahələrdə fəaliyyət imkanlarının genişləndirilməsi və liderlik bacarıqlarının inkişafı dayanıqlı inkişafın əsas şərtlərindən biridir.
Əfsanə Rəcəb