Azərbaycanın digər turistik kəndlərində biz Sım kəndində olduğu kimi daha yaxşı, daha geniş və ətraflı şəkildə infrastrukturun artırılması ilə bağlı işlər görürük. Bunu da biz Dövlət Turizm Agentliyi olaraq Dövlət Proqramı — Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində edirik.
Gender.Az xəbər verir ki, bunu Astaranın Sım kəndinə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov deyib.
Qurum rəsmisi bildirib ki, proqrama əsasən turistik kənd konsepsiyasına uyğun kəndlər seçilməli və həmin kəndlərdə infrastrukturun yaradılması tapşırığı qoyulub:
"Bu günə qədər bir neçə kənd artıq seçilmiş və onlarla bağlı layihələndirmə işləri həyata keçirilib. Hazırda layihələndirilməsi gedən kəndlərimiz də var.
Bunlara misal olaraq Qusarda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca, Qaxda İlisu, Sarıbaş, həmçinin Cənub regionunda isə Sım və Bibiyoni kimi kəndləri göstərmək olar.
Burada əsas məqsədimiz nədir? Turizm baxımından cəlbedici olan, icması yaşayan və əhali tərəfindən maraq göstərilən kəndləri seçib orada abadlaşdırma işlərini həyata keçirməkdir. Bu da gələcəkdə digər kəndlərə — yəni dövlətin vəsaiti nəzərdə tutulmayan, öz imkanları ilə bu işləri görə bilməyən kəndlərə stimul verəcək ki, buradan əldə olunan nəticələr əsasında onlar da öz təşəbbüslərini reallaşdırsınlar".