Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı ilin 1 yanvarınadək uzadılıb. Dünyanın əksər ölkələrində COVID-19 məhdudiyyətləri artıq ləğv olunsa da, Azərbaycanda hələ də qüvvədədir.
Milli Məclisin deputatı Razi Nurullayev Metbuat.az-a açıqlamasında bildirib ki, quru sərhədlərinin açılmasının təxirə salınması yəqin ki, dövlətin bildiyi, lakin ictimaiyyətə açıqlanmayan səbəblərlə bağlıdır:
“Mən də istəyirəm ki, mövcud təhdidlər və problemlər daha dərindən araşdırılsın, analiz edilsin və onların aradan qaldırılması üçün zəruri addımlar atılsın. Bu halda quru sərhədlərinin açılması istiqamətində konkret nəticələr əldə etmək mümkün olar. Vətəndaşların bu məsələdən ciddi narazılıqları var. Bu, həm insanların gediş-gəlişinə mane olur, həm də iqtisadiyyata mənfi təsir göstərir. Mən təhdidlərin mövcudluğunu qəbul edirəm və cənab Prezidentin də bu barədə dəfələrlə çıxış etdiyini xatırladıram. Ümid edirəm ki, hökumət bu istiqamətdə daha dərin araşdırmalar aparacaq, təhlükələri aradan qaldıracaq və quru sərhədlərinin açılması barədə müsbət qərar veriləcək”.
Deputat əlavə edib ki, Azərbaycan sərhədçiləri mümkün təhdidlərin qarşısını almağa tam qadirdir:
“Bunun üçün həm texniki imkanlarımız, həm insan resurslarımız, həm də zəngin bilik və təcrübəmiz var. Əminəm ki, bütün bu amillər nəzərə alınacaq və nəticədə quru sərhədlərinin açılması ilə bağlı gözlənilən qərarlar veriləcək”.
Sevinc İbrahimzadə