Xəbər lenti
Reklam
Universitetlər Bakıda qalacaqsa: Paytaxt tıxacdan necə azad olacaq? - TƏKLİFLƏR

Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.
Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir. 
Eyni zamanda, qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib:
“Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil”. 
Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafının baş planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. 
Burada qeyd edilir ki, yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Maraq doğuran odur ki, əgər hesabata əsasən universitetlərin köçürülməsi nəzərdə tutulmursa, bəs mövcud tıxacların qarşısı necə alınacaq və yaxud universitetlər Bakının yaxınlığında yerləşəcəyi halda paytaxtda yaşayan tələbə-müəllim heyətinin gediş-gəlişi tıxac problemini daha da artırmayacaqmı? 
Memar Cahid Həsənov “Cebhe.info”-ya bildirib ki, şəhərsalma və memarlığın bütün dünya ölkələrində olduğu kimi qanunu, qaydası, xəritəsi şəhərin Baş Planıdır:
“Bu yaxınlarda bizdə də nəhayət ki, Baş Plan təsdiq edildi. Burada inzibati bina tikililər silsiləsindən, xüsusilə də burada təhsil ocaqları, universitetlər öz əksini tapıb. Paytaxtda kütləvi şəkildə olan ali təhsil ocaqlarının Bakıdan bir qədər kənara çıxarılması çox maraqlı təklifdir. Ancaq bu universitetlərinin uzaq rayonlarda olması da Bakı vətəndaşları olan tələbələr üçün çətinliklər yaradır. Burada tarazlıq pozulur. Məsələn, bir universitet Ağcabədiyə köçürülsə, nəzərə almaq lazımdır ki, rayondan gələn tələbə, cəlb olunan müəllimlərin sayı 10 faiz təşkil edirsə, Bakıdan olan tələbələr 90 faiz təşkil edir. Yəni onların buradan bölgəyə gedib oxuması da problem yaradır. Mən bir memar kimi onu təklif edərdim ki, ən yaxşı versiya universitetlərin Bakıdan bir qədər kənar zonada olmasıdır. Bu, həm Bakıdakı tələbələr, həm müəllim heyəti, həm də bölgələrdən gələnlər üçün uyğundur. Paytaxtın mərkəzinin seyrəlməsi üçün ən böyük amil bu zolağın yaradılmasıdır. Ali təhsil ocaqları dünya ölkələrinin reytinq səviyyəsində o zaman önə çıxır ki, onların özünün binasının genişmiqyaslı ərazisi, yataqxanaları olmalıdır. Tələbə günorta, dərsdən sonra “Fəvvarələr meydanı”nın qarşısında kafelər, restoranlar, dönərxanalarda əyləncələrlə məşğul olursa, o gün ərzində oxuduğu təhsili, vaxtı da itirir. Dünyanın universitet reytinqlərində ilk yerləri tutan universitetlərdə tələbələr həmin ali təhsil ocağının ərazisindən 4-5 il çıxmır. Onda dünyaya da “beyin” verə bilirlər. Eləcə də Bakıdakı müəllim 1000-1500 manat maaş alacaqsa, gedib rayonda kirayə haqqını ödəməyəcək. Ən real versiya ali təhsil ocaqlarının Bakıdan bir qədər kənar zolaqda olmasıdır.
Universitetlər Bakının mərkəzində olsa, yenə də o sıxlıq olacaq. Məsələn, “Həzi Aslanov”- “20 Yanvar”- “Memar Əcəmi”-“Elmlər Akademiyası” stansiyasınadək metro ağır vəziyyətdədir. Çünki “Elmlər Akademiyası”nda metro boşalır, orada universitet sayı çoxdur”. 
Memar bildirib ki, şəhərin mərkəzində olan bir neçə universitet bütün yeraltı nəqliyyata böyük problem yaradır: 
“Bu universitetlər şəhərdən çıxmalıdır. Məsələn, Mingəçevirdə energetika ilə bağlı universitet olarsa, texniki baxımdan uyğun olar. Ancaq Bakını boşaltmaq üçün hərəsini bir rayona səpələmək düzgün deyil. Əslində Bakıda yaşayan 70-80 faiz tələbə seçdiyi universitetdə yaxşı oxuyub mütəxəssis ola bilər, ancaq tələbə rayona getməyin dərdindən gedib Bakıda yerləşən hər hansı universiteti seçəcək”. 
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə bildirib ki, Bakıda sıxlığın və tıxacın yaranmasının tarixi səbəbləri var:
“Müasir Bakı “neft bumu”nun baş verdiyi XIX əsrin sonu - XX əsrin əvvəllərində salınıb. Əsasən tarixi tikililər olan mərkəzi küçələrin darlığı o zaman əsas topludaşıma nəqliyyat növünün faytonlar olması ilə bağlı idi. Sovet dönəmində Bakı sənaye şəhəri kimi böyüdü, genişləndi. Neft müəssisələri, müxtəlif zavod və fabriklər hətta şəhərin mərkəz hissələrində də yaradılmışdı. Keçmiş
Səttarxan adına (ondan öncə leytenant Şmidt) zavod Nəriman Nərimanov metrostansiyasının yanında idi. Halbuki həmin ərazi müasir Bakının mərkəzi yerlərindən biri hesab olunur. Sosialist ölkələrində adətən paytaxt təkcə siyasi yox, həm də mədəni, elmi, sənaye mərkəzi kimi formalaşırdı. Ali təhsil ocaqları, klinikalar, mədəniyyət və elm mərkəzləri baş şəhərdə yaradılırdı. SSRİ-nin bütün müttəfiq respublikalarında belə idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdi, Bakı da müstəqil dövlətin paytaxtı oldu. Səfirliklər, diplomatik nümayəndəlik açıldı, beynəlxalq tədbirlər keçirilməyə başladı. 90-cı illərdə baş verən hadisələr fonunda urbanizasiya gücləndi. Bir zamanlar böyük imperiyanın əyalət şəhəri olaraq sənaye şəhəri kimi tikilmiş Bakıda əhalinin sayı sürətlə artdı.
Hazırda Bakı həddindən artıq yüklənib. Şəhərin yükü azaldılmalıdır. Bunun üçün irəli sürülən təkliflərdən biri də şəhərdən kənarda təhsil kamplarının yaradılmasıdır. Mənim fikrimcə, BDU, Tibb Universiteti, ADA və Aviasiya akademiyası istisna olmaqla bütün ali məktəbləri Bakıdan bölgələrə köçürmək lazımdır. O kampı elə yenicə salınan Ağdamda, Füzulidə və ya Xankəndində, Hadrutda tikmək olar. Digər universitetləri Quba, Lənkəran, Şəki, Qazax kimi bölgələrə köçürmək olar. Məsələn, deyək ki, ADPU-nun Qubaya köçürülməsi şimal bölgəsində iqtisadiyyatın canlanmasına səbəb olacaq. Qubada mənzil bazarı dirçələcək, ziyalı təbəqəsi yaranacaq, şəhərin mədəni siması dəyişəcək. Universitetlər Bakıətrafı bölgələrə (Ələt, Qobu, Sahil, Sanqaçal və s.) köçürülsə də, paytaxtın yükü azalacaq. Bakıdan gedən tələbələrin tıxac yaratmasına gəlincə, əvvəla, həmin təhsil kamplarında yataqxanalar olacaq. Tələbələr həftənin 5 ya 6 günü orada qala bilər. İkincisi, kamp tikilməzdən öncə nəqliyyat infrastrukturu yaranmalıdıdır. Bakını həmin təhsil mərkəzləri ilə birləşdirən nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslansa yaxşı olar. Həmin əraziyə dəmiryol xətlərinin çəkilməsi, elektrik qatarlarının xəttə buraxılması ən uyğun variantdır”. 

Tarix: 07 mart 2024
Baxış: 1 260

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş