Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
“Təhsil əngəl tanımır” – “Əsas odur ki, məhdudiyyət bizim əqlimizdə, beynimizdə olmasın”

Gender.Az bildirir ki, AzEdu.az Təhsil Portalı olaraq "Təhsil əngəl tanımır" adlı rubrikaya başlayıb.
Burada əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin həyata və işinə olan bağlılığını nümunə kimi cəmiyyətə aşılamaqdır.
Layihəmizin ilk müsahibi 116 nömrəli məktəbin İngilis dili müəllimi Əhmədova Nərmin Nəriman qızıdır.
26 yaşında  Nərmin müəllimin ayağında xərçəng hüceyrəsi aşkarlanıb. Xərçəngin yayılmasının qarşısını almaq üçün sağ ayağı amputasiya olunub. Həmin ildən etibarən protez ayaqla təmin edilib.
Yaşadığı dövrün asan olmadığını vurğulayan müəllim keçirdiyi hisləri bizimlə bölüşüb...  
-  Asan dövr deyildi. İnsan yaşamadan öncə bu cür şeylər heç ağlına belə gəlmir. Bu dövrdə sadəcə olaraq özümdə güc tapdım. Sağ ayağımın amputasiyasına qədər 3 əməliyyat keçirdim. Axırıncı əməliyyatım 2009-cu ilin aprel ayına təsadüf etdi. 2 ay keçdikdən sonra ayağımda şişkinlik əmələ gəldi və Türkiyədəki həkimlər artıq amputasiyanın labüd olduğunu qeyd etdilər. Çünki amputasiya olmasa, xərçəng hüceyrələrinin bütün bədənimə yayılma ehtimalı böyük idi.
Çox qəribə haldır ki, Türkiyəyə gedənə qədər hər kəsə qəti sürətdə dedim ki, əməliyyat istəmirəm. Lakin bütün həkimlər mənə çox böyük dəstək olub, bu prosesə psixoloji olaraq hazırladılar. Çünki ailəm, övladım üçün yaşamaq istəyirdim. İnsan gərək xəstəliyini qəbul edib onunla savaşmağı bacarsın. Allaha şükür edirəm ki, qarşıma çıxan bütün çətinliklərə savaşa bildim. Bu müddət ərzində ətrafım, əzizlərim, yaxınlarım, qohumlarım və b. hər kəs mənə dəstək oldu. Lakin mənim tez bir zamanda ayağa qalxmağımın bir səbəbi yalnız oğlumdur.  Onu da qeyd edim ki, həmin dönəmdə onun 3 yaşı var idi.
Mən onun üçün ayağa qalxmalı idim. Əməliyyatdan 3 ay sonra protezlə təmin olundum. Həmin ilin may ayında işə qayıtdım. İşə döndüyüm vaxt  5-ci sinfim olan şagirdlərim son zəngi idi və mən onları gülə-gülə yola saldım.
-İngilis dili müəllimi olaraq şagirdlərinizin fənnə marağı necədir?
- İngilis dili beynəlxalq dildir və demək olar ki, bütün uşaqların adıçəkilən dilə marağı böyükdür. Bu dili mükəmməl şəkildə öyrənənlərin sayı həddindən artıq çoxdur. Həm xaricə çıxış üçün, həm də xaricdə təhsil almaq üçün şagirdlərimiz böyük maraq göstərirlər. Şagirdlər böyük maraqla bu fənni öyrənirlər və biz müəllimlərdə böyük məmnuniyyətlə tədris edirik. 
- Ayağınızın amputasiya olunandan sonra məktəbə dönmək sizə çətin olmadı? Narahatlığınız işinizə mane olmurduki?

 

-  Əsla. Nə əməliyyatdan əvvəl, nə də ki, sonra mənim üçün heç bir problem olmadı. Respublikamızda keçirilən müxtəlif seminarlarda iştirak etmişəm. 2015-ci ilin mart ayında British Council və Nazirliyin xətti ilə İngiltərədə  universitetə 1 həftəlik təlimə də getdim. Demək istədiyim odur ki, bu vəziyyətimlə beynəlxalq təlimlərdə də iştirak etmişəm. Əməliyyat dövrünə kimi məktəbə gəlmişəm. Daha sonra bülletenə çıxdım. 2010-cu ilin sentyabrından bu günə kimi fasiləsiz olaraq çox şükür ki, fəaliyyətimi davam etdirirəm.
-Bu il keçiriləcək sertifikasiya müsabiqəsində iştirak edəcəksiniz?
- Əlbəttə.
-Sizcə nəticələriniz necə olacaq? 
-İnanıram ki, nəticələrimdə yaxşı olacaq. Bunun üçün öz üzərimdə hazırlaşıram. Testlər edirəm, eyni zamanda müəyyən sınaqlarda iştirak edirəm. Həyəcan əlbəttə var. İnşAllah ki bu həyəcanında öhdəsindən gələrəm.
-  İlk dərs gününüz xatirənizdə necə qalıb?

 

- 2003- cü ildə ilk müəllim kimi fəaliyyətə başladığım zaman 20 yaşım var idi. Bəzi şagirdlərim var idi ki, onlarla aramda yalnız 6 yaş fərq var idi. Belə deyim, həmyaşıd sayılırdıq. Amma inan ki, heç bir həyəcanım yox idi. O gündən bəri öz peşəmi sevə-sevə tədris edirəm. 
-Hazırda sizin kimi fiziki məhdudiyyəti olan yüzlərlə müəllim, şagird, tələbə, eyni zamanda müxtəlif ixtisas sahibləri var. Onlara nə tövsiyə edərsiniz?
 - Əngəlli olmaq bizim seçimimiz deyil. Bəzi insanlarda anadangəlmə, bəzilərində isə sonradan qazanılmış travmalar nəticəsində fiziki məhdudiyyətli olur. Ona görə də vəziyyəti qəbullanmaq lazımdır. Əgər biz bu vəziyyəti  özümüz qəbullanırıqsa ətrafdakı əzizlərimizə, yaxınlarımıza da daha rahat olacaq. Özümüz ayaq üstə durmağı bacarırıqsa, ailəmiz də bizə görə fikir eləməz. Əsas odur ki, məhdudiyyət bizim əqlimizdə, beynimizdə olmasın. Çünki fiziki məhdudiyyətin öhdəsindən gəlmək çox asandır. Yetər ki, sən istəyəsən və cəhd edəsən. Özünə qapanmaq əsla lazım deyil. Çünki bu insanı daha geri salır. Lakin bu vəziyyətdə o qədər idmançılarımız, elm xadimlərimiz var ki, onlar ayaqda durmağı bacarır.

Tarix: 31 yanvar 2024
Baxış: 165

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş