Hazırda Bakı ətrafı qəsəbələrdə yerləşən fərdi yaşayış evlərinin qiymətlərində təxminən 10 min manata yaxın artım müşahidə olunur. Qiymət artımı əsasən, Suraxanı, Binə, Maştağa və s. qəsəbələrdə özünü göstərir. Hazırda bu cür qiymət artımının olması, ev qiymətlərinin havaların isinməsinə doğru daha da artacağından xəbər verir. Qiymət artımına səbəb nədir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur FərzəliyevReferans.Az-a açıqlamasında bildirib ki, qiymətlərdəki artım daha çox Nazirlər Kabinetinin sənədsiz evlərin tikilməsi ilə bağlı 1 oktyabrdan tətbiq olunan qərarı ilə bağlıdır.
“2023-cü il oktyabr ayının birindən etibarən yeni qərara əsasən, çıxarışı olmayan fərdi həyət evlərinə kommunikasiya xəttlərinin çəkilməsi qadağan edilib. Yəni, oktyabr ayının 1-nə qədər tikilmiş sənədsiz evlərlə bağlı heç bir problem yoxdur, amma oktyabrın 1-dən sonra tikiləcək və tikilmiş evlərin kommunikasiya xəttləri ilə bağlı artıq qadağa tətbiq olundu. Satılan torpaqların böyük əksəriyyətinin çıxarışı yoxdur. Çıxarış olmadığına görə insanlar torpaqları alıb, ev tikirdilər. Lakin hazırda onlar belə evlər tiksələr belə, evə kommunikasiya xəttləri çəkə bilməyəcəklərinə görə, artıq hazır evlərə üstünlük verirlər, xüsusən də çıxarışlı torpaqlara. Bu baxımdan, bu, bazarda alıcıların böyük bir qismini həmin sənədli həyət evinə yönəldir. Bu da öz növbəsində fərdi yaşayış evlərinin qiymətlərinə təsir edir”.
Ekspert qeyd edib ki, mümkün bahalaşma yay aylarında daha çox hiss olunacaq. Səbəb isə yay aylarında fərdi yaşayış evlərinə tələbatın artmasıdır. Tələbat artdıqca təklif azalacaq ki, bu da qiymətlərə ciddi təsir edəcək.
Fidan Vəlisoy