Xəbər lenti
Reklam
“Sonuncu Fateh”in müəllifi danışdı - Nadir Şah Tovuzludur?

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun fikirləri müzakirə predmetinə çevrilib. Belə ki, onun AMEA-da Nadir Şahla bağlı səsləndirdiyi fikirlər gündəmi zəbt edib:
“Əfşarlar imperiyasının qurucusu Nadir Şah gədəbəyli olub. Gədəbəydə Nadir şah tərəfindən inşa edilən Şahzadə bulağı da mövcuddur”.
Onun ardınca açıqlama verən “Nadir Şah” əsərinin müəllifi Yunis Oğuz isə Nadir Şahın Tovuz rayonunun Qırıqlı kəndindən olduğunu iddia edib.
Bu mövzu sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.
Gender.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı, “Sonuncu Fateh” əsərinin müəllifi, sabiq deputat Hüseynbala Mirələmov Nadir şahın gədəbəyli olması ilə bağlı məlumata ilk dəfədir rast gəldiyini deyib. O, böyük şəxsiyyətin haralı olmasının heç bir önəm kəsb etmədiyini bildirib:
“Mənim Nadir şah haqda “Sonuncu Fateh” adlı əsərim var, o, böyük şəxsiyyət, fateh olub. Türklərin sonuncu fatehi o olub, ondan sonra da İlham Əliyev oldu. Cəsarətlə bunu demək olar, çünki o, 30 ildən sonra işğalda olan torpaqlarımızı azad edib. Mən onu da fateh adlandırıram.
Amma düzünü deyim ki, Nadir şah Əfşarın gədəbəyli olmağını ilk dəfədir eşidirəm. Mən illərlə arxivlərdə eşələnmişəm, çünki roman yazmaq asan iş deyil. Mənim fikrimcə, bu müzakirələrin mənası yoxdur, biz hamımız bir millətik, Arazın kökü üzərində bitən millətik, Gədəbəy də, Lənkəran da, Naxçıvan da, Bakı da Azərbaycandır. Nadir şahın gədəbəyli olması nəyi dəyişir? Mən bu məlumatı birinci dəfədir eşidirəm, lakin mənim üçün onun haralı olmasının fərqi yoxdur. Mən bilirəm ki, o, böyük azərbaycanlı, böyük türkdür və onunla həmişə fəxr etmişəm”.
Onun sözlərinə görə, Nadir şah Əfşar hər zaman Azərbaycanı sevib və soykökü ilə fəxr edib:
“Nadir şah o vaxt İran hökmdarı idi. Amma Əfşarlar nəsli Azərbaycandan köçmədirlər, onlar Türkiyədə də, İranda da yaşayıblar. Nadir şah Əfşar türk olduğuna görə, həmişə Azərbaycanı sevib, şimali Azərbaycanla fəxr edib.
Onun ölümü də çox faciəvi, primitiv şəkildə olub. Öz yaxın adamları onu çadırında qətlə yetiriblər. Nadir Şahın ölümü çox ucuz oldu. Mənim Nadir şah Əfşar haqda yeganə heyfsləndiyim şey bu cür böyük şəxsiyyətin belə ucuz ölümə məhkum edilməsidir. Kaş belə olmayaydı, kaş Nadir şah müharibədə öləydi...”

Tarix: 17 noyabr 2023
Baxış: 120

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş