Xəbər lenti
Reklam
Deputat üsyan etdi: “Ayda 300-500 manat...”

İllərdir ki, ölkədə geniş vüsət almış repetitorluq son zamanlar daha da çox yayılıb. Hazırda abituriyentlərin böyük əksəriyyəti ali məktəbə qəbul olmağın yeganə yolunu məhz repetitor hazırlıqlarında görürlər. Abituriyentlərin kütləvi şəkildə repetitor hazırlıqlarına yönəlmələri isə orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıyla bağlı fikirlərin yaranmasına səbəb olur.
Gender.Az xəbər verir ki,məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, aidiyyəti qurumlar mütləq orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılmasına çalışmalıdır:
"Orta məktəblərdə uşaqlar iki məkanın əlində qalıblar: məktəb və repetitor. Bu böyük gərginlik tələb edir. Həmişə demişəm, çalışıb uşaqlara biliyi məktəb divarları arasında vermək lazımdır. Çünki hazırda repetitorlara ödənən məbləğ valideynlərin büdcəsini dağıdır. Bu, çox ciddi məsələdir. Əgər məktəb öz funksiyasını yerinə yetirsəydi, bu vəsaiti valideyn övladının qidalanmasına, geyiminə sərf edərdi. 
Ayda 300-500 manat repetitora pul xərcləmək valideynin büdcəsini dağıdır. Məktəb öz funksiyasını yerinə yetirmədiyinə görə bu proses baş verir. Bu gün Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi hər şeyi kənara qoyub uşaqları məktəbə qaytarmalıdırlar. Məktəb təhsilinin keyfiyyəti yüksəldilməlidir, bu olmasa, uşaqların nə normal qidalanması, nə normal yaşayışı, nə də normal geyimi olacaq. Çünki repetitorlara verilən vəsait uşaqların sağlamlığına, qidalanmasına xərclənməlidir”.
Tələbə yataqxanalarının əhəmiyyətindən danışan E.Əliyev tezliklə tələbələrin yataqxanalarla təmin olunmasını təklif edib. Onun sözlərinə görə, yataqxana olarsa tələbələr arasında böyük kommunikasiya, dostluq qurulur, sosiallaşma prosesi daha sürətlə gedir:
“Tələbə həyatı hər bir insanın həyatında ən parlaq günlər kimi qalır. Bu dövrdə sosiallaşma çox mühüm əhəmiyyət kəsb edir. Bu gün yataqxanaların olmaması, tələbələrin yataqxanalarla təmin olunmaması sosiallaşma faktorunu aradan götürür. Yataqxanalarda yaşamaq tələbələrin səmərəli tələbəlik dövrü keçirməsinə səbəb olur. Ona görə də fikrimcə, ən qısa zamanda tələbə yataqxanaları inşa olunmalıdır”.

Tarix: 08 noyabr 2023
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş