Əgər gəlir 200 manatdan çoxdursa... - Vətəndaşların nəzərinə!
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə vətəndaşların əmanətlərindən əldə edilən gəlirlərindən güzəştlər nəzərdə tutulur.
Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən azad olacaq.
Gender.Az-ın məlumatına görə, məsələyə aydınlıq gətirən Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib ki, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək.
"Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, 200 manata qədər olan hissəsi gəlir vergisindən azad olunacaq.
Misal üçün əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur", - deyə deputat əlavə edib.
Qeyd edək ki, Vergi Məcəlləsində təklif edilən dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 6-da keçirilən iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.