Hacı Təyyar “siğə” açıqlamasına aydınlıq gətirdi: “Bunu niyə cinsi tərəfə çəkirlər?!”
İlahiyyatçı Hacı Təyyar Hüseynlinin “Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” açıqlaması müzakirələrə səbəb olub. Onun haqqında bu fikirlərinə görə sosial şəbəkələrdə tənqid və təhqirlər səsləndirilir.
Gender.az bildirir ki, Hacı Təyyar Hüseynli “Yeni Sabah”a açıqlama verərək həmin mövzudakı fikirlərini yenidən izah edib:
“Öncəliklə bildirmək istəyirəm ki, mən din xadimiyəm. Bütün dini mövzularda münasibət bildirmək üçün dünyagörüşüm və dini təhsilim yetərli səviyyədədir.
Həmin açıqlamada ərəb-fars dili üzrə mütəxəssis və ilahiyyatçı olaraq bildirmişəm ki, bizim cəmiyyətimizdə siğə anlayışına münasibət birmənalı deyil. Çünki Cəlil Məmmədquluzadə dövründən indiyə qədər siğə məsələsi mübahisəlidir. “Siğə” dedikdə, əsasən, zina, məişət pozğunluğu ağla gəlir. Təbii haldır ki, bu cür məsələlərə əhali arasında müəyyən qədər nifrət, qəzəb var.
Siğə ərəb dilində bir növ müqavilə, anlaşma deməkdir. Necə ki, ticarət, iqtisadiyyat və digər sahələrdə kontrakt bağlanılırsa, eləcə də dində bu “mutə”, yəni az məsuliyyətli dini nikah adlanır. Bu məişət pozğunluğu, zina, yaxud çoxarvadlılığa, əxlaqsızlığa dəlalət etmir.
Açıqlamamda başlıq “Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” kimi olduğundan mənə qarşı təhqirlərə yol verilir.
Bir daha qeyd edim ki, söhbət insan həyatından gedirsə, burada həkimin cinsi əhəmiyyət daşımır. Ekstremal şəraitdə, məsələn, xəstə ölüm-qalım savaşı verirsə, burada naməhrəmlikdən söhbət gedə bilməz.
Amma mən deyirəm ki, əri olan qadın ginekoloji və ya plastik əməliyyat zamanı elə bir ciddi zərurət yoxdursa, qarşılıqlı müqavilə olmalıdır ki, şəriət baxımından burada günah olmasın. Məsələn götürüb süd vəzinin implantını yerləşdirir, barmağı ilə göstərir ki, bunu belə etdim, elə etdim. Bu dərəcədə rahatçılıqdırmı ki, kiminsə arvadının sinəsini müzakirə edirlər. Mən meyxanaçı, şoumen deyiləm, ilahiyyatçıyam. Mənim fikrim ilahi nəsihət, abır-həya təbliğidir. Buna niyə don geydirib məni hədəfə alırlar. Bir dəfə də çimərliklərdə qadın məsələsi ilə bağlı məni Baş Prokurorluğa çağırmışdılar. O zaman da deyirdim ki, hamam ümumi yer deyil. Evdə kütləvi şəkildə hamama girirlər? Çimərlik də açıq hamamdır. Mən bunu izah edib başa çatana kimi söz qalmadı adıma desinlər.
İndi də bu açıqlamama görə təhqirlər səslənir. Mən onsuz da ildə bir söz deyirəm, trendə düşürəm.
Mən sadəcə öncəki fikirlərimdə qeyd etmişəm ki, islam dinində qadınların müəyyən əzaları naməhrəm sayılır. Yəni onların görüntüsünü paylaşmaq düzgün deyil. Bu səbəbdən qadınlar ginekoloji və plastik əməliyyat zamanı kişi həkimlə bu və ya digər şəkildə anlaşma bağlamalıdır. Rəylərdə yazırlar ki, əri olan qadın kişi həkimlə necə siğə edə bilər? Mənim də dediyim odur ki, evli xanımlar bu cür tibbi proseslərdən öncə həkimlə dini cəhətdən müqavilə bağlamalıdır ki, kişi həkimin qadına toxunması günah sayılmasın. Bu tələb dini cəhətdən vacib sayılır”.
Hacı Təyyar onu da əlavə edir ki, istisna hallar ola bilər ki, bir xanım məzara qoyulursa onun məhrəm kişi xeylağı yoxdursa, o zaman şəriət qadağanı aradan götürür və yad adam ona toxuna bilər: “Bunu niyə cinsi tərəfə çəkirlər?! Və yaxud da, cangüdən məsələsində istisna var. Onu mühafizə etmək üçün toxuna bilər. Bu cinsi məsələ deyil, qarşılıqlı müqavilə məsələsidir. Bu ilahi qadağanın tənzimləmə məsələsidir. Qadınlar qadın həkimlərə müraciət etsin, kişilər kişi həkimə. Bu daha rahat olar. Bir daha deyirəm, kişi ginekoloq müdaxilə edirsə, müəyyən kriteriyalar var… Siğə o deməkdir ki, onları evləndirirk, ərə veririk?! Bu elə deyil”.