Azərbaycanın 2024-cü il dövlət büdcə layihəsində minimum əməkhaqqı artırılmayıb. Gələn ilin büdcə layihəsində orta aylıq əməkhaqqı 980 manat, yaşayış minimumu 287 manat, əmək pensiyalarının ödəniş xərclərinin isə 10 faiz daha çox olması nəzərdə tutulub.
Bəs görəsən, 2024-cü ildə orta statistik Azərbaycan ailəsinin dolanması üçün minimum əməkhaqqı kifayət edəcəkmi?
Gender.Az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, 2004-cü ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artımlar nəzərdə tutulub:
"Sosial təminat və sosial müdafiə xərclərinə 4,5 milyard manatdan artıq vəsait ayrılacaq. Bu, birbaşa ayrılan vəsaitdir. Əməyin ödənilməsi üçün yeni əməkhaqlarının verilməsinə doqquz milyard manatdan artıq vəsaitin ayrılması nəzərdə tutulur. Bütövlükdə büdcə xərclərinin 45 faizi sosialyönümlü olacaq.
Bu kontekstdən, təbii, biz yanvar ayında pensiyalarda təxminən 11 faiz artım müşahidə edəcəyik. Bu artımlar bütün növ əmək pensiyalarını əhatə edəcək və məbləğindən asılı olmayaraq əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq. Yanvar ayından etibarən tətbiq olunacaq".
Millət vəkili qeyd edib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramında olanların dövlətdən aldığı yardım məbləğinin çoxalmasına gətirib çıxaracaq:
"Xüsusən, ünvanlı sosial yardım alan ailələrin gəlirlərini artıracaq. Təqaüdlər və sosial müavinətlər üçün nəzərdə tutulan məbləğ artırılır. Bu da, xüsusən də, təqaüdlərin və sosial müavinətlərin növbəti il artırılması üçün maliyyə bazası formalaşdırır.
Minimum əməkhaqqı və pensiya Prezidentin sərəncamı ilə artırılır. Əvvəlki illərdə biz minimum pensiya və əməkhaqqı artımları müşahidə etmişik. 2023-cü ildə minimum əməkhaqqı büdcə qəbul olunduqdan sonra Prezidentin imzaladığı sərəncam əsasında artırıldı".
"Ona görə də növbəti ilin maliyyə imkanlarından asılı olaraq bu istiqamətdə addımların atılacağı istisna deyil. Ümumiyyətlə, dövlət başçısının tapşırıq və göstərişləri də ondan ibarətdir ki, sosial rifah daha da genişlənsin və vətəndaşlarımızın sosial təminatı daha da güclənsin. Bu baxımdan, maliyyə imkanları kontekstində artımların reallaşacağı gözləniləndir. Amma bununla belə, bütün hallarda 2024-cü ildə sosial istiqamətə ayrılan vəsaitlərin həcminin artırılması bundan xəbər verir ki, növbəti ildə də sosial müdafiə prioritet olaraq qalacaq", - deyə V.Bayramov əlavə edib.