Son illər yol qəzalarının artması hələ də aktual problem kimi qalmaqdadır. Bu gün Bakı şəhəri və Abşeron rayonunda elə yollar və küçələr var ki, orada sürət həddi müəyyənləşdirilsə də, sürücülər buna riayət etmir. Belə ki, həmin yollarda nəzarət kameralarının quraşdırılmaması bir növ sürücülərin məsuliyyətsiz davranmasına yol açır. Bəs görəsən, problemin qarşısını necə almaq olar?
Gender.Az bildirir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, yollarda sürət rejiminə nəzarət xüsusi texniki vasitələr tərəfindən həyata keçirilir.
Onun sözlərinə görə, bəzi hallarda yol patrul əməkdaşları da dayandıqları ərazidə sürət ölçən cihaz vasitəsilə sürətə nəzarət edə bilirlər:
"Təəssüf ki, bu nəzarəti şəhərin bütün küçə və yollarında həyata keçirmək mümkün olmur. Nəticədə bir sıra sürücülər məhəllədaxili yollarda çox təhlükəli formada avtomobil idarə edirlər. Bu, düzgün olmayan hərəkətdir. Sürücülər avtomobil idarəetməsinə bu şəkildə yanaşmamalıdır. Sürücülər düşünməməlidir ki, polis və nəzarət kameraları hər yerdə onları izləməlidir".
E.Muradlı hesab edir ki, bu problemin qarşısını almaq vətəndaşlardan asılıdır: "Bütün küçə və yollarda sürət rejiminə nəzarət olunması üçün gərək hər yerdə polis və nəzarət kameraları quraşdırılsın. Bu isə məhəllədaxili yollar üçün mümkün deyil. Bu baxımdan problemin başlıca çıxış yolu sürücülərin normal həyat şərtlərinə uyğun davranmasıdır".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə açıqlamasında bildirib ki, bəzən sürücülər məhəllədaxili yollardan məhz tranzit yol kimi istifadə edirlər. Onun sözlərinə görə, bəzi yollarda tramplin olsa da, əksər yollarda sürət həddi təyin olunmayıb:
"Yəni kim necə gəldisə, o yollarda avtomobil idarə edir. Bu baxımdan lazımi təyinat nöqtələrinə nəzarət kameralarının quraşdırılmasına ehtiyac var. Bu addım sürət həddinə nəzarət etməyən sürücülərin aşkarlanmasına səbəb olacaq. Nəticədə piyadaların həyatı da təhlükə altına düşməyəcək".
Qeyd edək ki, paytaxtın küçə və prospektlərində mütəmadi olaraq yol-nəqliyyat hadisələrinə rast gəlinir. Bu qəzalar həm məsuliyyətsiz sürücülərin, həm də məsuliyyətsiz piyadalar tərəfindən törədilir. Sürət həddi aşağı olan küçələrdə nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək faciələrə səbəb olur. Bəzi sürücülərin yol nişanlarına, nəzərdə tutulan sürət həddinə məhəl qoymaması problemin birdəfəlik həlli üçün məsələni gündəmə gətirir.