İl sonuna doğru ölkədə illik infilyasiya rəqəmləri açıqlandıqca yeni ildən pensiyaların və müavinətlərin, eləcə də dövlət müəsisələrdə maaşların artırılması məsələsi gündəmə gəlir.
Bəs görəsən bütün bunların özəl müəsisələrdə çalışanların necə əmək haqqında artım gözlənilirmi?
Gender.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hər il dövlət büdcəsini müzakirə edərkən ən çox diqqət çəkən məqamlardan biri sosial layihələrin həyata keçirilməsidir. Bu da əsasən pensiya, müavinət, əməkhaqqıları və s. artırılmasıdır:
"Dövlət başçısı cənab İlham Əliyevin də ən çox vəsait ayırdığı sosial sahələr olub - təxminən dövlət büdcəsinin 42-45 faizi. Düzdür, son vaxtlar təhlükəsizlik məsələləri və Qarabağda quruculuq əsas prioritet sahələr kimi müəyyən edilir. Lakin sosial sahə hər zaman prioritet olub. Yəqin ki yeni ildən müəyyən artımlar nəzərdə tutulur. Çünki həm dünyada, həm də ölkəmizdə infilyasiya var. Buna uyğun olaraq müavinətlər, pensiyalar, şəhid ailələri və qazilər üçün olan ödənişlər və digər belə məsələlər hər zaman müzakirə edilir və müəyyən təkliflər olur. Bu səbəbdən də hesab edirəm ki büdcə müzakirələrini gözləmək lazımdır".
Deputatın sözlərinə görə, özəl müəsisələrdə artım onsuz da kifayət qədər yüksəkdir:
"Hazırda Azərbaycanda orta aylıq əmək haqqı 900 manata yaxındır. Özəl müəsisələr var ki, işçilərinə 2000-3000 maaş ödəyirlər. Özəl müəsisələrində maaş artımı onların gəlirlərindən asılıdır. Elə müəsisə var ki, orada maaş artırmaq ciddi problem deyil, eləsi də var ki, orda mümkün olmur. Ümumiyyətlə maaşların yüksək olmasına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində xüsusi bölmə var.
Onlar baxırlar ki, müəsisənin gəlirləri nə qədərdir, işçiyə hansı miqdarda maaş vermək gücünə qadirdir. Bu məsələlər həm gündəmdədir, həm də nəzarətdədir. Özəl müəsisələrin rəhbərləri də Azərbaycan vətəndaşlarıdır. Onlar da bilməlidirlər ki, ölkədə infilyasiya gedir. Buna uyğun olaraq maaşlar artırılmalıdır. Kimin imkanı var bunu edir, elə iş yerləri də var ki əməkhaqqını belə çox aşağı verir. Bu da təbii ki şirkətin gəlirlərindən asılıdır".
Xatırladaq ki, bu ilin ilk 7 ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir.