Bu gün səhər saat 07:00 radələrində Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından BQXK-nin yük avtomobillərinin eyni vaxtda keçidi təmin edilib.
Bu, rəsmi Bakının növbəti diplomatik qələbəsidir:
Birincisi, keçid rəsmi Bakının tələb etdiyi kimi Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda paralel olaraq gerçəkləşib. Bu o baxımdan vacibdir ki, ermənilər bundan sonra həmin yoldan yüklərin daşınmasına etiraz edə bilməyəcək. Hər hansı etiraz rəsmi Bakıya Laçın-Xankəndi yolunu bağlaması üçün real əsas verəcək.
Bakının şərti bir və dəyişməzdir: Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan istifadə edildiyi təqdirdə istifadə edilə bilər.
İkincisi, BQXK-nin yük avtomobilləri hər iki yoldan eyni anda keçid edib. Bu nüans çox vacibdir. Məsələ ondadır ki, BQXK Cənubi Qafqazda 1992-ci ildən etibarən fəaliyyət göstərir və Laçın yolu ilə daşınmalar həyata keçirən yeganə beynəlxalq təşkilatdır.
Təşkilatın yük avtomobillərinin bu gün eyni anda hər iki yoldan keçməsi o mənaya gəlir ki, BQXK Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarını eyni kontekstdə görür.
Ağdam-Xankəndi yolundan bundan öncə yalnız Rusiyanın keçidi baş tutmuşdu. Bu, yoldan istifadə baxımda ilk addım idi. Lakin Qərb dairələri üçün bu yolun legitimliyinə şübhə etmək imkanı qalırdı. BQXK-nin prosesə qoşulması isə Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir.
Üçüncüsü və ən önəmlisi, BQXK Laçın yolundan daşınmaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirdi. Mümkündür ki, yük maşınları Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq gömrük yoxlamasından keçirilib.
Nəticə etibarilə bu hadisəni Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar. Lakin bu o demək deyil ki, separatçılar rahat nəfəs ala bilərlər.
Rəsmi Bakı humanist davranış sərgiləsə də, ən kiçik təxribat, silahlı insident, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına maneənin törədilməsi Laçın yolunun da yenidən bağlanmasına gətirib çıxaracaq.
Laçın sərhəd-buraxılış məntəqəsində gömrük qaydalarının tətbiqi vacibdir. Burada sərhəd qaydalarına əməl edilməli, gömrük rüsumu ödənilməlidir. XİN-in son açıqlamasında sözügedən qaydaların yenidən vurğulanması da Bakının yeni hədəfinin bu olduğunu göstərir.
Turan Rzayev
Gender.Az