Mövcud vəziyyət bir neçə sual ortaya çıxarır. Müharibə olacaq yoxsa yox? Olacaqsa nə vaxt? Nəticələri necə olacaq? və sair. Hazırda hər kəsi bu suallar maraqlandırır.
Vəziyyətin müharibəyə gətirdiyi doğrudur. Ancaq sualların cavabları barədə isə konkret nəsə demək mümkün deyil. Çünki, Paşinyan hər variantı yoxlaraq sülh prosesindən yayınmağa çalışıb. O reinteqrasiyaya mane oldu, danışıqlar prosesinin maksimum uzanmasına şərait yaratdı, ölkəsini Qərblə Rusiya arasında qarşıdurma obyektinə çevirdi. Aydın məsələdir ki vəziyyətin bu həddə gəlib çatmasının səbəbi onun ard-arda etdiyi səhvlərdir ki, o yenə bundan dərs çıxarmır.
Ermənistan bəzi dövlətlərə arxalanaraq, beynəlxalq təşkilatlardan sui-istifadə edərək bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur. Ermənistan tərəfi sülhə yönəlmiş real addımlardan yayınır.
Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntüləri də yayılıb. Bütün bunlar Ermənistanın sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşdığını göstərir. Onların məqsədi aydındır, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək istəyir.
"Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb"
Bu fikirlər eməni ekspert Avetik İşxanyana məxsusdur. O, sərhəddə baş verən gərginlik barədə danışarkən deyib ki, Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb.
"Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır".
Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.
Politoloq Asif Nərimanlının fikrincə Ermənistan bir neçə istiqamətlərdə təxribatlara əl ata bilər. Bunlar Kəlbəcər, Sədərək, Laçın və Zəngilandır.
Düşmən əsas hərbi əməliyyatları Ermənistanla şərti sərhədimizdə keçirəcək. Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrini yüksək döyüş hazırlığı səviyyəsinə çatdırıb. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatda olan on minə qədər hərbçi çağırılıb.
Rəsmi Bakının bu məsələdə mövqeyi qətidir. XİN-dən verilən məlumatda bildirilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.
Müharibənin nəticələri barədə düşünmək tezdir. Əsas məqsəd müharibənin olmaması, məsələnin sülh yolu ilə həllidir. Amma, nəticələrin Ermənistanın ziyanına olacağı dəqiqdir. \\Milli.Az