Netanyahu Türkiyəyə niyə gəlmir? – 13 İLLİK TİLSİM...
İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 28-də Türkiyəyə gələcəyi gözlənilirdi. Lakin o, səhhəti ilə əlaqədar Türkiyə və Kiprə səfərlərini təxirə salmağa məcbur oldu. Hazırda Baş nazirin ofisi səfərlərin sentyabr ayına keçirilməsi haqda danışıqlar aparır.
İsrail baş nazirinin Türkiyəyə səfəri indiki məqamda olduqca vacibdir. Bu səfərdə həm Ankara, həm də Təl-Əviv maraqlıdır. Məsələ ondadır ki, Netanyahu 2010-cu ildə baş verən “Mavi Mərmərə” olayından sonra Türkiyəyə səfər etməyib. Hazırda Təl-Əviv və Ankara arasında münasibətlər 2010-cu ildən əvvəlki kimi olmasa da, qənaətbəxş hesab etmək olar. Yəni münasibətlərin normallaşması və əvvəlki səviyyəyə qayıtması baxımdan Netanyahunun Türkiyəyə səfəri vacibdir.
İsrail üçün hazırda regionda potensial təhdid İrandır. Rəsmi Tehranın uranı zənginləşdirməsi və nüvə silahı əldə etməyə çox yaxın olması, habelə radikal silahlı qruplaşmaları maliyyələşdirməsi Təl-Əviv üçün ciddi riskdir. Bu risk qarşısında İsrailin regionda əməkdaşlıq edə biləcəyi ən etibarlı ölkə, şübhəsiz Türkiyədir.
İsrailin Türkiyə ilə əməkdaşlığa ehtiyacı olduğu kimi, Türkiyənin də İsraillə əməkdaşlığa ehtiyacı var. Belə ki, lirə-dollar və lirə-avro balansı qurula bilmir. Rəsmi Ankara ölkəyə xarici investor və maliyyə cəlb etmək üçün səylər göstərir. “Mavi mərmərə” olaylarından əvvəl Türkiyədə iri yəhudi biznesmenlər, investorlar fəaliyyət göstərirdi. Ankara yenidən onları ölkəyə cəlb etmək istəyir.
Bütün bunlara baxmayaraq, Ankaranın Fələstin məsələsində mövqeyi dəyişməz qalır. Türkiyə Qüdsü “qırmızı xətt”i olaraq qəbul edir. Bundan başqa, İsrailin genişlənməsi, aqressiv mövqeyi də Ankara tərəfindən xoş qarşılanmır.
Ankara tərəfləri bir araya gətirməkdə və problemləri həll etməkdə maraqlıdır. Təsadüfi deyil ki, Fələstin Prezidenti Mahmud Abbas iyulun 24-də Türkiyəyə səfər etdi. Əgər İsrail Baş naziri Benyamin Netanyahu iyulun 28-də Türkiyəyə səfər etsəydi, sentyabr, ya da oktyabrda üçtərəfli görüş baş tuta bilərdi.
Bununla belə, Netanyahunun sentyabrda Türkiyəyə səfəri fonunda bu məsələnin müzakirə edilməsi, 2023-cü ilin sonu və ya 2024-cü ilin birinci yarısında görüş keçirilməsi mümküdür.
Turan Rzayev
Gender.Az