Xəbər lenti
Reklam
Söz ilə əməlin vəhdəti: strateji prioritetlər reallaşdırılır

Aydın Hüseynov
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı dünyanın diqqət mərkəzindədir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədləri baxımdan çox mühüm tarixi-siyasi hadisədir. Tədbirdə müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etdilər. Qeyd edilib ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb. Xüsusilə vurğulayaq ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır.  Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir.
BMT-də ciddi islahatların aparılması qaçılmazdır
Xüsusilə vurğulamaq lazımdır ki, Prezident cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlər demək olar ki, bir çox xarici mətbuatın diqqət mərkəzində olub. Dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq, Bakıda keçirilən tədbirdə çoxsaylı ölkə nümayəndələrinin iştirakına, beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlara geniş yer verilib.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı deyib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub. Prezident İlham Əliyev Pandemiya prosesində qlobal səyləri birləşdirib məhz Qoşulmama Hərəkatı çərçivəsində Pandemiya ilə səmərəli mübarizəni təşkil etdi. BMT və ÜST cənab Prezidentin rəhbərliyi ilə formalaşan data bazaya istinadən hərəkət etdi.
Dövlət başçısı İlham Əliyev nazirlər görüşündə yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi.  BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamlara işıq saldı. “Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir.
Separatizmə dəstək verən Fransa
Tədbirdə Azərbaycan Prezidenti onu da qeyd edib ki, “neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır”. Dövlət başçısı Parisi həm Azərbaycanın daxili işlərinə kobudcasına müdaxilə etdiyinə, həm də neokolonializm, islamofobiya siyasətinə görə üzr istəməyə çağırıb. O, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında vurğulayıb ki, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır: “Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş və alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”. Tədbirdə eyni zamanda qeyd olundu ki, Fransa Yaxın Şərqdə vətən müharibələrinin əsas qızışdırıcı ölkələrindən biridir. Bu deməyə əsas verir ki, Fransa müasir dövrdə insan hüquqlarının qorunmasını biganə yanaşan dövlətdir.
“Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”, – deyən Prezident İlham Əliyev rəsmi Parisin təxminən 1,5 milyon əlcəzairlinin qətlə yetirilməsinə, müstəmləkə keçmişinə və soyqırımı aktlarına görə üzr istəməli olduğunu bildirib. O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını da ifadə edib. Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir”. Prezident İlham Əliyev  bu görüşdə bir daha hamıya göstərdi ki, Fransa Prezidenti artıq qlobal müstəvidə uğursuz personadır. Bizi görməzdən gələnlər, dinləmək istəməyənlər artıq özləri etiraf edirlər ki, Azərbaycan artıq qlobal oyunçudur.
Qətiyyətli mövqe
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi ən mühüm və tarixi uğur isə 2020-ci ildə Vətən müharibəsində qələbəsi oldu. Cəmi 44 gün ərzində Ermənistanı hərb meydanında məğlubiyyətə uğradan Azərbaycan torpaqlarını işğaldan azad etdi. Xüsusi bir məqamı qeyd edək ki, həm işğal zamanı, həm də işğaldan sonra Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Tədbirdə də bu məqama xüsusi toxunuldu. Prezident cənab İlham Əliyev münaqişə başa çatdıqdan az sonra Azərbaycanın Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. O əlavə edib ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir.
Ölkəmiz Qoşulmama Hərəkatına üçillik sədrliyi dövründəki səmərəli fəaliyyətinin  bariz nümunəsini bu tədbirdə də göstərdi. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Azərbaycanın Hərəkata  sədrlik səlahiyyətlərinə layiq görülməsi ölkəmizin  öz funksiyasını layiqincə  yerinə yetirməsi, etimadı doğrultmasıdır.
Dünya mediasında Azərbaycanın sədrliyi dövründə təşkilatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük işlərin görüldüyü dəfələrlə vurğulandı. Şübhəsiz ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışıb.

Mənbə: Yap.org.az

Tarix: 08 iyul 2023
Baxış: 131

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş