Hakim: "Bəzən vətəndaşlar kredit götürərkən müqavilə şərtlərini tam oxumadan imzalayırlar"
"Ötən ilin statistikasına əsasən, məhkəmələrdə baxılan mülki işlərin təxminən 25 faizi banklarla bağlanmış kredit müqaviləsi üzrə mübahisələr olub".
Gender.Az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Elşanə Vəliyeva Real TV-də yayımlanan "Femida vaxtı" verilişində deyib.
O bildirib ki, 2022-ci ildə məhkəmələrdə 201 min 606 mülki işə baxılıb ki, bunların da 53 min 180-i sözügedən kateqoriyadan olub.
Hakim deyib ki, bir çox hallarda kredit götürən vətəndaşlar müqavilə şərtlərini tam oxumadan imzalayırlar. Bu da sonradan müəyyən anlaşılmazlıqlara, məhkəmə mübahisələrinə gətirib çıxarır.
"Vətəndaşlar anlamalıdır ki, hər bir şəxs müqavilə üzrə öhdəliklər götürürsə, həmin öhdəlikləri icra etmək məsuliyyəti daşıyır. Məhkəmədə ilk növbədə əsas sənəd kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun şərtləri əsas götürülməklə mübahisə həll edilir. Biz tərəflərin təqdim etdikləri tələb və etirazlarını əsaslandıran sübutları tam araşdırmaqla bu mübahisəni həll etməyə çalışırıq. Tələb edilən borcun düzgünlüyünü araşdırılmasına çalışırıq. Adətən bu işlərə iddia icraatı qaydasında baxılır. Məbləğindən asılı olaraq kiçik iddialar üzrə sadələşmiş icraat qaydasında da baxıla bilər. Bu beş min manata qədər olan məbləğlər üzrədir. Eyni zamanda çox aşkar tələblər üzrə əmr icraatı qaydasında, hətta tərəflər çağrılmadan da bu işlərə əmr icraatı qaydasında da baxılb üç gün müddətində məhkəmə əmri çıxarıla bilər. Ona görə də vətəndaşları kredit götürərkən məsuliyyətli olmağa çağırıram", - deyə E.Vəliyeva qeyd edib.