Xəbər lenti
Reklam
Evini sığorta etdirməyən cəriməni də ödəməsə, nə baş verəcək? - Deputatdan AÇIQLAMA

Bir neçə gündür ki, Azərbaycanda iyunun 1-dən etibarən daşınmaz əmlakın sığortalanmamasına görə cərimə tətbiqinin işə düşəcəyi barədə məlumatlar yayılır. 
Maraqlıdır, bəs vətəndaş cəriməni ödəməsə və yenə də daşınmaz əmlakını sığorta etdirməsə, ona qarşı hansı tədbir görüləcək? Yəni cərimənin ödənməməsinə görə hansı mexanizm işə düşəcək? Bəlkə mənzilini əlindən alacaqlar? Vətəndaş öz mənzilini sığorta etdirmirsə, nəyə görə cərimə olunmalıdır? 
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.Az-a danışıb.
Deputat bildirdi ki, icbari sığorta haqqında qanunda cərimələr nəzərdə tutulsa da, ümumiyyətlə bu qanuna son dövrlər dəyişiklik edilməyib:
“Yəni belə cərimələrin tətbiq edilməsi uzun müddətdir qanunvericilikdə öz əksini tapsa da, cərimənin tətbiqi mexanizmi praktik olaraq işlənib hazırlanmayıb. Ona görə də məhz bunun iyundan tətbiq ediləcəyi ilə bağlı açıqlamaların haradan qaynaqlandığını demək çətindir. Çünki qanunvericilikdə həm icbari sığorta ödənişlərinin məbləği paytaxt və regionlar üzrə, həm də ödəniş olmadığı halda hansı cərimələrin olması xeyli müddətdir nəzərdə tutulub. Amma reallıq ondan ibarətdir ki, əmlakın icbari sığortasının yığılmasında problemlər var. Əmlakın icbari sığortasının yığılması faizi kifayət qədər aşağıdır. Ona görə də biz təklif edirik ki, burada diferensial yanaşma olsun. Xüsusən ki, o mənzillərdə sığorta hadisəsi ardıcıl olaraq bir neçə il baş vermir. Həmin mənzillər üçün güzəştlərin tətbiq edilməsi daha məqsədəuyğundur. Güzəşt sisteminin tətbiqinə ehtiyac var. O diferensial yanaşma bütövlükdə əmlakın icbari sığortasına marağı artıra bilər”.

Humay İSGƏNDƏRLİ

Tarix: 01 iyun 2023
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş