İlkin Süleymanovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR - Mayın 24-ü saat 16:00-da...
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə mayın 17-nə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Gender.Az bildirir ki, bu barədə Referans.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov məlumat verib. O, növbəti məhkəmə prosesinin mayın 24-ü saat 16:00-da keçiriləcəyin bildirib.
Qeyd edək ki, artıq cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb, prokuror İlkin Süleymanova 20 il həbs cəzası istəyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
Aqil Taleh