"Bu addım atılsa, Azərbaycanda ərzaq məhsullarının və dərmanların qiyməti ucuzlaşacaq" - EKSPERT
Statistika komitəsinin açıqladığı məlumata görə, ölkədə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti bahalaşıb. Xüsusən ət və ət məhsullarının, gündəlik tələbat mallarının qiymətində dəyişiklik müşahidə edilib. Bəs görəsən, bu bahalaşmanın səbəbi nədir? Qiymət artımı dünyadakı siyasi-iqtisadi hadisələrlə əlaqədardır, yoxsa süni şəkildə baş verən prosesdir? Ümumiyyətlə, bahalaşmanın qarşısını almaq üçün nə etməliyik?
Mövzunu Konkret.Az-a şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda inflyasiya son üç ildə kifayət qədər sürətlə artır: “Yəni bu tendensiya 2020-ci ildən başlanıb və indi də davam edir. Əsasən ərzaq məhsullarının və dərman pereparatlarının qiymətindəki artım əhalinin narahatçılığına səbəb olur. Çünki insanlar öz qazanclarının yarısını ərzağa xərcləyir. Yeri gəlmişkən, bu, heç də yaxşı göstərici sayılmır. Çünki inkişaf etmiş ölkələrdə əhali qazancının yalnız 8-10 faizini ərzağa xərcləyir. Bizdə isə bu rəqəm 50 faizdən yuxarıdır. Qiymət artımının səbəbləri isə çoxdur. Burada idxal inflyasiyasının da təsiri var. Yəni asılılıq o qədər güclüdür ki, xaricdə qiymətlərin dəyişməsi bizə də təsir göstərir. Çünki Avropada, ABŞ-da, eləcə də dünyanın bir çox ölkələrində inflyasiya prosesləri hökm sürür”.

Natiq Cəfərlinin sözlərinə görə, qiymət artımının bizdə asılı olan səbəbləri də mövcuddur: “Belə ki, yerli istehsalın zəif olması, rəqabətsizlik mühitinin hökm sürməsi qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bundan başqa doğru olmayan gömrük və vergi siyasətini də səbəb kimi göstərmək mümkündür. Azərbaycanda ərzaq məhsulları və dərman vasitələri hələ də əlavə dəyər vergisindən (ƏDV) azad edilməyib. Halbuki 18 faizlik ƏDV azalsa, bu, qiymət artımını tənzimləməyə imkan yaradar. Hətta qiymətləri müəyyən dərəcədə ucuzlaşdıra bilər”.
Müşviq Tofiqoğlu