Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Psixi pozuntusu olan şəxsləri necə müəyyən etmək olar? - Həkim simptomları AÇIQLADI

Öz fikirlərini düzgün şəkildə ifadə etməyi bacaran, haqqlarının pozulmasına etiraz edən 3 saylı uşaq evinin sakini Məhəmmədin “psixi pozuntusu var” adıyla psixiatriya xəstəxanasına yerləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, böyük kütlə 17 yaşlı uşağın tam sağlam olduğunu, öz haqq və hüquqlarını bildiyini, normal davranış sərgilədiyini əsas gətirərək onun heç bir psixi pozuntusunun olmadığını bildiriblər. Bu məsələ həmçinin “psixi pozuntusu olan şəxsin davranışları” ilə bağlı mövzunu da gündəmə gətirib. Maraqlıdır, görəsən psixi problemi olan şəxsləri necə və hansı simptomlardan müəyyən etmək mümkündür? 
Mövzunu Konkret.Az-a şərh edən həkim-psixiatr Abdulla Şıxlinski bildirib ki, psixiatriya təbabətin çox mürəkkəb bir bölməsidir: “Psixi xəstəliklərin həddindən artıq çox simptomları mövcuddur. Psixi xəstəliklərin özü iki böyük qrupa (nevrotik – yüngül və psixiatik – ağır) bölünür. Ümumiyyətlə, psixi xəstələrin hansısa qısamüddətli psixi pozuntudan əziyyət çəkdiyini bilmək üçün ətrafdakı insanlardan böyük diqqət tələb olunur. Təbii ki, mütəxəssislər bunu ilk baxışdan sezmək qabiliyyətinə malikdir. Hazırda yaz aylarıdır. Bütün psixi xəstəliklər kəskinləşir. Hətta sağlam insanlarda da yeni psixi xəstəliklər formalaşa bilər. Yəni mart-aprel ayları bu baxımdan çox təhlükəli hesab edilir. Ona görə də insanlara qarşı çox diqqətli olmaq vacibdir”.


Abdulla Şıxlinskinin sözlərinə görə, psixi xəstə insanlar ətraf aləmi ya hissəvi, ya da bütünlüklə real qəbul etmədikləri üçün onların davranışlarında, düşüncə və danışıqlarında müəyyən dəyişikliklər baş verir: “Məsələn, uzun illər sakit təbiəti və xeyirxahlığı ilə seçilən bir insan qəfildən aqressivləşir, ətrafdakılara qarşı laqeydləşir və qəddarlaşır. Bundan əlavə insanlarda özünəqapanma baş verir. Yəni insanın ətrafdakılara qarşı ünsiyyəti azalır. Bir şəxs özünə qapanır və günlərlə küçəyə çıxmır. Ağır hallarda bu cür insanları məcburi xəstəxanaya da yerləşdirirlər ki, özünə qəsdə cəhd etməsin. Bundan əlavə, psixi xəstələri tanımaq üçün onlarla söhbətləşmək lazımdır. Çünki bəzən onların danışdıqları fantastik xarakter daşıyır və sayıqlama dərəcəsinə qədər gəlib çatır. Digər tərəfdən bu cür insanlar  həqiqətdə baş verməyən əhvalatları nəql edirlər. Hansı ki, buna “yalançı xatirələr” deyilir. Həmçinin, psixi xəstə insanlarda anidən və səbəbsiz yerə aqressiya yaranır. Yəni onların gözlədikləri hadisə olmadıqda ətrafdakılara qarşı aqressiya püskürürlər. Bu zaman ətrafdakılara hücum edə, əllərindəki əşyaları sındıra bilərlər”.
Həkim-psixiatr əlavə edib ki, insanın psixi xəstəlikdən əziyyət çəkməsindən şübhələnmək üçün onun keçmiş həyatı haqqında müəyyən informasiya yığmaq lazımdır: “Yəni harada yaşaması, hansı şəraitdə böyüməsi, nəslində bu cür xəstələrin olub-olmaması müəyyənləşdirilməlidir. İstənilən ruhi xəstə ətraf aləmi qeyri-real qavrayır. Bunun nəticəsində isə psixi xəstələrdə insanlara şübhə ilə yanaşmaq, adamlardan qaçmaq, hətta onları öldürmək haqda plan qurmaq, özünə qapanmaq kimi xüsusiyyətlər yaranır. Psixi xəstələr çox vaxt həyəcanlı vəziyyətdə görünürlər, öz yerlərində dayana bilmirlər, baxışları isə bir nöqtəyə dikilir. Ən əsası isə onlar ətraf mühitdə olan insanların arzu və maraqlarını, eləcə də cəmiyyətin qanunlarını nəzərə almırlar. Əsasən öz sayıqlama ideyalarının nəzarəti altında hərəkət edirlər”.

Müşviq Tofiqoğlu
Tarix: 06 aprel 2023
Baxış: 224

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş