"Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
"Bu il doqquzillik bazadan orta ixtisas təhsil müəssisələrinə, yəni kolleclərə qəbul zamanı olduqca ciddi və çətin bir vəziyyət yaranıb. Əsas səbəblərdən biri plan yerlərinin azaldılmasıdır. Burada ötən illə müqayisələndirsək, 2786 plan yeri azalıb. Əgər ötən il bu pillə üzrə ümumilikdə 10 930, yəni təxminən 11 000-ə yaxın plan yeri ayrılmışdısa, bu il cəmi 8144 yer təqdim olunub. Bu yerlər həm Azərbaycan, həm də rus bölmələri üzrə bölüşdürülür".
Bu fikirləri Redaktor.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev doqquzillik bazadan kolleclərə qəbul zamanı yarana biləcək risklərdən danışarkən bildirdi.
"Hazırda 32 000-dən çox şagird doqquzillik bazadan kolleclərə qəbul üçün elektron ərizəsini təqdim və təsdiq edib. Bu isə o deməkdir ki, hər dörd nəfərdən yalnız biri qəbul olmaq şansı əldə edəcək. Bu mərhələdə qəbul faizi kifayət qədər aşağıdır. Əgər Dövlət İmtahan Mərkəzi əlavə bir mərhələ elan edərsə və əvvəlki illərin məzunlarına yenidən ərizələrini təsdiqləmək və ixtisas seçimi imkanı verərsə, bu zaman ərizə verənlərin sayı təxminən 40 000-ə qədər arta bilər. Belə olduğu halda isə 40000 nəfər 8144 yerə qarşı rəqabət aparacaq. Rəqabət daha da güclənəcək və qəbul şansı hər beş nəfərdən birinə düşəcək".
Ekspertin fikrincə, bu amillər onu göstərir ki, bu il doqquzillik bazada formalaşacaq keçid balları ötən illə müqayisədə əhəmiyyətli dərəcədə yüksələcək.
"Minimal olaraq 10-15 bal, bəzi ixtisaslarda isə 30-40 bala qədər artım gözlənilir. Bu baxımdan abituriyentlər və valideynlər seçim prosesində son dərəcə diqqətli olmalı, ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməməlidirlər. Əvvəlki illə müqayisədə azalan plan yerləri və artan abituriyent sayı nəzərə alınmaqla, uğurlu seçim üçün daha dəqiq analiz və strateji yanaşma tələb olunur. Əks halda, uğur qazanmaq ehtimalı aşağı olacaq və bir çox abituriyent təhsil alma fürsətindən kənarda qala bilər", - deyə Elçin Əfəndiyev vurğuladı.
Xədicə BAXIŞLI