“Eyvandan “Yusif” deyə çağırsaq, 10 baş çönüb bizə baxacaq...” – Uşaqlarımıza hansı adları qoyaq?
Bəzi sahibkarlar hansısa yeni obyekt açan zaman və ya bəzi valideynlər övladlarına ad qoyanda daha çox xarici adlara üstünlük verirlər. Küçələrdə ingilis, fransız və ya başqa dillərdə olan mağaza, şadlıq sarayı, restoran adlarını az görməmişik.
Maraqlıdır, ad seçimi zamanı xarici sözlərdən istifadə edilməsi dilimizə nə kimi zərər verir? Yaxud, Azərbaycan həm də turizm ölkəsi olduğuna görə, digər dillərdən istifadəyə də şərait yaratmalıyıqmı?
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva Sfera.az-a açıqlamasında qeyd edib ki, hər hansı müəssisə, ictimai iaşə obyekti açılanda sahibkarı ilk növbədə həmin yerin cəlbedici olması düşündürür:
"İstər ad baxımından, istərsə də görünüş baxımından. Amma məsələnin bir neçə cəhəti var və son dərəcədə aktualdır. Hər hansı müəssisənin adı ilə bağlı iki şeyi unutmaq olmaz – Reklam haqqında və Dövlət Dili haqqında qanun. Reklam haqqında qanuna görə, sahibkar istənilən adı qoya bilər. Amma hər iki qanuna əsasən, hər hansı obyektin adında Azərbaycan dilində olan sərlövhə həcmcə üstünlük təşkil etməlidir. Yalnız bundan sonra xarici dildə sərlöhvə mümkündür, lakin həcmcə kiçik. Yaxud, hər hansı brendin adından istifadə edilir. Bu zaman da mütləq öz dilimizdə sərlövhə olmalıdır. Belə olmadığı təqdirdə, Dövlət dili və Reklam haqqında qanun pozulur. Digər tərəfdən təbii ki, Azərbaycan dünya ölkələrinə inteqrasiya edir, turizm ölkəsidir, xarici dillərdə adın verilməsi qadağan oluna bilməz. Sadəcə olaraq, iki qanun mütləq götürülməlidir. 3-4 uşaq paltarını qoyub, üzərinə "Baby shop” yazmaqla deyil. Düşünürəm ki, həmin mağazaya öz dilimizdə olan hər hansı oğlan və ya qız adını, satışı özündə əks etdirən sərlövhəni qoyaraq fəaliyyət göstərmək olar”.
Müsahibimiz həmçinin valideynlərin övladlarına qoyduğu əcnəbi adlar məsələsinə də toxunub:
"Azərbaycanda Milli Elmlər Akademiyasının Terminologiya komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyası fəaliyyət göstərir. Birinci növbədə məqsəd təbliğat səciyyəsi daşıyır. Yəni, övladlarımıza ad qoyarkən azərbaycanlı olduğumuzu unutmayaq. Yaxud, tematik cəhətdən zəngin olan, bizim milli-mənəvi dəyərlərimizi əks etdirən adları birinci növbədə nəzərdə saxlamalıyıq. Təəssüf ki, bu gün ərəb dünyasında müqəddəs hesab edilən adlardan istifadə halları çoxdur. Hətta mən demişdim ki, eyvandan "Yusif” adında birini çağırsaq, bəlkə də 10 baş çönüb bizə baxacaq. Halbuki Azərbaycan dilinə xas olan elə gözəl adlarımız var ki. Məsələn, Cəfər Cabbarlının əsərləri başdan-ayağa Azərbaycan adlarına bir çağırışdır. Övladlarımıza elə ad qoymalıyıq ki, gələcəkdə həm də utanmasınlar. İnsan öz adı ilə tanınır, çağırılır. O adın səslənişindən tutmuş semantikasına qədər böyük əhəmiyyət daşıyır. Bunu nəzərdə saxlamaq lazımdır”. \\Sfera.az