Xəbər lenti
Reklam
Tehran təlimdən təşvişə düşüb: “Bundan İrana nə?”

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin cənub sərhədlərində hərbi təlimlər keçirməsi İranda təşvişə səbəb olub. 
Belə ki, İran mediası hazırda bu məsələni geniş şəkildə müzakirə edir. Hətta Azərbaycanın hərbi təliminə qərəzli münasibət göstərilir. İran mediası Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfəri ərəfəsində Azərbaycanın cənub sərhədində hərbi təlimlər keçirməsini öz aləmlərində “təxribat” adlandırmaq cəsarəti göstərir. Görünən odur ki, onlar qısa müddət əvvəl Azərbaycanla sərhəddə etdiklərini unutmağa başlayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 20 oktyabr tarixində Azərbaycanın Zəngilan şəhərinə səfər etdiyi zaman İran sərhədlərimizdə təlimlərə başlamışdı. Maraqlıdır ki, İran o tarixdə özünün etdiyini görməzdən gələrək, hətta hədələyici bəyanatlara qədər irəli getmişdi. 
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın hərbi təlimləri davam etməlidir: 


“Düşünürəm ki, davam da edəcək. Amma başa düşmürəm, biz təlim keçirə bilmərik ki? Bundan İrana nə? Hələ bundan sonra başqa hərbi təlimlərimiz də olacaq. Hərbi Hava Qüvvələrinin, tank qoşunlarının təlimi olacaq və Türkiyənin Xüsusi Təyinatlı Qoşunları da bura gələcək. Yəni İran mediası nə yazır-yazsın, Azərbaycan öz işini görəcək. Bu hərbi təlimlər planlı xarakter daşıyır, plan üzrə keçirilir. Biz bu hərbi təlimləri Bakıda da, işğaldan azad olunmuş ərazilərdə də, Arazboyu ərazilərdə də keçirə bilərik. 
Burada qəribə heç nə yoxdur. Hesab edirəm ki, hərbi təlimlərimiz davam edəcək. Hətta Türkiyə hərbçilərinin də burada təlimləri keçirilə bilər”. 
Elmir 

Tarix: 03 noyabr 2022
Baxış: 461

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş