Azadə Balayeva: “Adam evdə kiçik bir məclis quranda onun haqq-hesabı nə qədər vaxt aparır”
“Bu nə şüvən, bu nə haray-həşir... Xalq yazışısı, gerçək ziyalı və vətənpərvərin ünvanına adını belə düzgün yaza bilməyənlərin yazdıqlarını görəndə adam utanır. Doğrudur, ortada xoşagəlməz bir hadisə var: bir həmkarımız təhqir olunub və bu təhqirə yol verənin də sevilən bir yazıçı olması ikinci üzücü məqamdır. Burada mən nə təhqir edənə, nə də təhqirə məruz qalana haqq qazandırmaq fikrindəyəm. Sadəcə, o sualın obyekti həqiqətənmi Çingiz Abdulayev idi, ona şübhəliyəm. (Hələ sualın qoyuluşu başqa bir dərddir). Adədən belə tədbirlərdə təşkilat və maliyyə məsələlərinə işlər idarəsi, maliyyə şöbəsi və təşkilati işlərlə məşğul olan digər strukturlar məşğul olur və bu sualın ünvanlanacağı obyekt də onlar ola bilərdi”.
Bunu jurnalist Azadə Balayeva bildirib.
“Bu sual təbii ki, strukturun rəhbər şəxsinə də ünvanlana bilər, amma konkret faktlarla. Məsələn, jurnalistin əlində faktlar olar ki, qurultayın təşkil oluması xərclərinə 130 min manat xərclənib. Tutaq ki, dəvət olunmuş qonaqların yerləşdirilməsinə x qədər, zalın icarəsinə y qədər və s. Və araşdırmanın sonunda müəyyən məbləğın hara olduğu bəlli olmur. Belə olduğu halda strukturun rəhbərliyinin diqqətinə faktları çatdırılmaqla bununla bağlı araşdırma aparılıb – aparılmayacağını sual etmək olar. Amma qurultayın qonaqları dağılışmamış, hələ hesab-kitab yapılmamış, əldə heç bir fakt olmadan, həm də sırf bu məslələrlə məşğul olmayan adama türklər demiş pat deyə belə bir sual vermək nə dərəcədə doğrudur? Çingiz Abdullayev vətənpərvər ziyalımızdır, dünyada tanınan yazardır, onlarla ölkədə kitabları nəşr olunur, onlarla ölkədən yüksək məbləğdə qonorarlar alır və sözügedən məbləğə ehtiyacının olduğunu da düşünmürəm. Təbii ki, dövlətə, xalqa aid hər qəpiyin hesabı verilməlidir. Amma zamanında, səlahiyyətli şəxsin dilindən və faktlarla. Qurultay bitməmiş qurultaya nə qədər vəsaitin xərcləndiyini necə söyləmək olar? Adam evdə kiçik bir məclis quranda onun haqq-hesabı nə qədər vaxt aparır, o ki, ola onlarla adamın dəvət olunduğu tədbir. Çingiz müəllim də hövsələsizliyə yol verib. Görünür, özünü qurultayın yekunları ilə bağlı suala hazırlayıb, belə bir sual onun üçün gözlənilməz olub. Ən azı bu suala indi cavab vermək üçün hazır olmadığını, və ya ona ünvanlanmalı sual olmadığını deyə bilərdi. Təhqirə nə hacət?! Amma bu gün sosial şəbəkədə xalq yazıçısını layiq olmadığı sözlərlə aşağılamaq əslində o sözləri dilə gətirən adamların özlərini hörmətdən salır. Bir az etik normalara riayət edək”, - A.Balayeva qeyd edib. \\Pravda.az