Son dövrlər palma yağından istifadə bəzi ölkələrdə qadağan edilsə də, hələ də istifadəsi azalmayıb. Ekspertlər də palma yağının orqanizm üçün təhlükəli olduğunu deyirlər. Daxili bazarda satılan yağlarla bağlı məsələyə dəfələrlə toxunulsa da, görünən odur ki, vəziyyət hələ də dəyişməyib.
Rusiya-Ukrayna müharibəsinin başlaması və bütün ölkələri təhid edən qlobal ərzaq böhranı proqnozları digər məhsullarla yanaşı, yağın da qiymətinin artmasına səbəb olub. Bazarda peyda olan və digərlərinə nisbətdə ucuz olan yağlar isə palma yağının təhlükəsini yenidən gündəmə gətirir. Bu isə əhalinin təhlükədə olması anlamına gəlir. Gəlirləri kərə yağı almağa imkan verməyən insanlar digər yağlara üstünlük vermək məcburiyyətindədir ki, hazırda da mağazalarda marqarin, palma, soya, günəbaxan, qarğıdalı yağı kifayət qədərdir.
Ölkəmizdə son dövrlər yağın bahalaşması ilə yanaşı, onun keyfiyyətindən də narazılıqlar mövcuddur. Hazırda mağazalarda kərə yağı adı ilə təklif edilən məhsulların bir kiloqramını müxtəlif qiymətlərə - 6-7 manatdan başlayaraq 20-25 manata qədər almaq mümkündür. Dünyanın bir sıra yağ istehsalçısı olan ölkələrində kərə yağları baha satılır. Bu isə Azərbaycanda təklif edilən bəzi kərə yağlarının saxta olması və onların tərkibinə daha çox palma yağlarının qarışdırılıb satılması şübhəsi yaradır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin ilk 7 ayında xarici ölkələrdən Azərbaycana 12 031.63 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib.
Bu ilin ilk iki ayında Azərbaycana gətirilən palma yağı 54 dəfə artıb
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 25,19 milyon ABŞ dolları dəyərində 16 min 226 ton palma yağı gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət olaraq 54,4 dəfə çoxdur. Cari il ərzində İndoneziyadan 21,76 milyon ABŞ dolları dəyərində 14 min 413 ton, Malayziyadan 3,43 milyon ABŞ dolları dəyərində 1 min 813 ton belə məhsul alınıb.
Daha öncəki illə müqayisədə Malayziyadan idxalda 7 dəfəyədək artım olub. 2021-ci ildə Azərbaycanın idxal etdiyi 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.
Rəsmi məlumatlara əsasən, Azərbaycana 2019-cu ildə 40,85 milyon dollar dəyərində 59 350 ton, 2020-ci ildə 55 milyon dollar dəyərində 64 500 ton palma yağı idxal edilib.
Bu rəqəmlər göstərir ki, hər il ölkəyə daha çox palma yağları idxal olunur.
Avropada qadağa
Palma yağları əsasən müsəlman ölkələri olan İndoneziya və Malayziyada istehsal olunur. Palma yağı bitki yağı olaraq çox ucuz qiymətədir və ölkəyə daxil olan zaman duru yağ biznesinə ciddi təsir edir. Adətən kərə və bitki yağlarının tərkibinə qatqı olaraq əlavə edilməsinə dair iddialar da müzakirə olunur.
Bir çox Avropa ölkələrində - Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub. Rəsmi məlumata görə, 2023-cü ildə Avropa İttifaqına daxil olan digər ölkələr də palma yağının idxalını tamamilə dayandıracaqlar. Eyni zamanda Aİ palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə bir qanun da çıxarıb.
Azərbaycanda palma yağının idxalı niyə çoxalıb?
Ölkənin daxili yağ bazarında emal edilən və ya qablaşdırılan bitki və kərə yağlarının tərkibinə palma və digər texniki yağ qatqılarının qarışdırılıb satılması məsələsi hər zaman müzakirə olunur.
Bəs istehlak bazarına nəzarəti təmin etməli qurum olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) buna necə nəzarət edir?
Suallarımıza cavab almaq üçün Agentliyin mətbuat katibi Aysel Fərziyeva ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz nəticəsiz qaldı.
Azərbaycanda da qanunvericilik qida məhsulları istehsalçılarına məhsulun tərkibindəki bütün inqrediyentlər barədə məlumatın onun qablaşdırmasına qeyd olunması tələbini qoyur. Lakin hələlik ölkədə bu tələbə əməl olunub-olunmamasına effektiv nəzarət mexanizminin yaradıldığını söyləmək mümkün deyil.
Məsələ ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov bildirib ki, palma yağı ilə bağlı məsələ bir neçə dəfə İndoneziyada konqresə çıxarılıb və bu növ yağlar iki cür olur: dənələrindən və gövdələrindən hazırlanan:
"Gövdəsindən hazırlanan yağlar sənaye məqsədi ilə istifadə olunur, qida sənayesində isə yararsızdır. Avropa ölkələrində palma yağı kifayət qədər satılır. MDB məkanında isə palma yağı ucuz yağ kimi bazara daxil olub. Bu ucuz məhsulun bazarda yer tutması duru (maye) yağ bazarında normal qarşılanmır. Çünki dünya duru yağ bazarında qiymət siyasətinə ciddi təsir göstərir. Buna görə də MDB məkanında duru yağ bazarına qiymət məsələsində ciddi təsir etdiyi üçün palma yağlarına qarşı illərdir anti-reklam aparılır və istehlakçıları bu yağlardan uzaqlaşdırmaq məsələsi ön plana çəkilir. Palma yağı tam şəkildə bu bazara daxil olarsa, duru yağ bazarında ciddi rəqabət mühiti yaradar. İndoneziyada Konqresdə olan zaman da oranın dövlət rəsmiləri tərəfindən də bu fikirləri eşitdim. Amma bu kampaniyalara baxmayaraq, palma yağı dünyanın hər yerində alınır və istifadə olunur".
Vacib məqam ondan ibarətdir ki, Azərbaycana idxal olunan palma yağları niyə açıq satılmır?
E.Hüseynov deyir ki, palma yağı satılarkən açıq satılmalı və məhsulun üzərində yazılmalıdır. Onun sözlərinə görə palma yağı məsələsində şəffaflığın yaradılmasına ehtiyac var.
AİB sədrinin sözlərinə görə, sənaye məqsədilə Azərbaycana gətirilən yağlar qida üçün satışa çıxarılırsa, bu, yolverilməzdir:
"Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məsələyə ciddi nəzarət edir. Mən AQTA-da ictimai şuranın üzvü olaraq bu məsələsini qaldıracam ki, açıqlıq olsun. MDB mühitində ciddi rəqabət yaratdığı üçün bu informasiya nə üçün Azərbaycanda gizlədilməlidir?! Əgər qida üçün gətirilirsə açıq olsun, əksidirsə, mütləq şəkildə qarşısı alınmalıdır. Sənaye üçün nəzərdə tutulan yağlar qida üçün yararlı deyil. Bu paradoksu aradan qaldırmaq lazımdır. Bu məsələdə şəffaflığın yaradılmasının tərəfdarıyıq. Bir şey gözlədilirsə, o deməkdir ki, orada problem mövcuddur. Biz çağırış edirik ki, bu məsələdə açıqlıq yaradılsın. Təmiz yağdırsa, niyə gizlədirlər, qarışıqdırsa, niyə qarşısı alınmır? Bizim suallarımız hökumətə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və uyğun təşkilatlaradır".
Palma yağının insan orqanizminə hansı zərərləri var?
Qida texnoloqu, qidaelmi.az saytının təsisçisi Ağa Salamov deyir ki, tam təmizlənməmiş palma yağından yalnız texniki məqsədlərlə istifadə olunmalıdır - söhbət kosmetik vasitələrin hazırlanmasından gedir:
"Ölkəyə gətirilən palma yağları kosmetik məhsulların hazırlanmasında istifadə olunursa, faydaları var Müəyyən miqdarda rafinə olunmamış palma yağları kosmetik məhsulların istehsalında istifadə olunur. Palma yağı əgər transa çevrilmirsə, onu hidrogen püskürdüb doydurmurlarsa, tərkibinə rəngləndirici qatqılar vurulmursa, süni kərə yağına çevirmirlərsə, o zaman faydalı ola bilər. O da miqdar nəzərə alınmaqla istehlak olunmalıdır. Eyni zamanda digər bitki yağlarını da trans yağa çevirib istehlak etmək yolverilməzdir".
Ekspert qeyd edib ki, ölkəyə gətirilən palma yağlarını hidrogenlə doydurub marqarinlərə çevirirlər:
"Bu isə insan orqanizmi üçün olduqca zərərlidir. Bunu elm də təsdiq edir. Qeyd olunur ki, insan bədənində əriməyən, ərimə temperaturuna malik olmayan, sovrulmayan və bədənə yad olan yağlar insan orqanizmində olan xərçəng hüceyrələrinin qarşını almır, əksinə şişlərə çevirir ki, bu da gələcəkdə ölümlə nəticələnir.
İnsan orqanizmində əvəzolunmaz yağ turşuları var. Onları heyvan mənşəli yağlardan almalıyıq. Əvəzolunmaz yağ turşularını bitki mənşəli yağlardan, balıqlardan, ətdən də almaq mümkündür. Məsələn, Omega-3 zeytun yağında var, amma palma yağında yoxdur. Palma yağını rafinə etmədən istehlak etmək mümkün deyil. Onun gərək rəngini və qoxusunu dəyişsinlər, belə olanda isə tempratur 250 dərəcəyə qədər qalxır. Bu temperatura qalxan yeganə yağ zeytun yağıdır ki, trans yağa çevrilmir. Palmanı 250 dərəcəyə qaldırıb doydurmaq istəyəndə artıq hidrogen bağlarının yeri dəyişir və həmin yağ trans yağa çevirilir".
A.Salamov zərərli yağlarla bağlı hökumətin ciddi nəzərətinə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu yağlar bazardan çıxarılmalıdır:
"Dövlətin bu məsələni ciddi şəkildə nəzarətə götürəcəyini düşünürəm. Əgər bir yağa ehtiyac yoxdursa, onun translaşdırıb satmaq doğru deyil. Dünya standartlarında bu hal mövcuddur, amma bəşəriyyət üçün cinayət hesab olunur. Yaşı mindən çox olan ağacları kəsib yerində palma əkirlər ki, onun da 25 il ömrü var. Yer kürəsinin ağciyərlərini palma yağına görə məhv edirlər. Dünya miqyasında bunun qarşısı alınmalıdır. Bu, düşünülmüş siyasətdir və təkcə Azərbaycanın problemi deyil. Ölkəmizdə AQTA buna nəzarət etməlidir. Ancaq qurumlar bu məsələyə göz yumur".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur. Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər. Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.
Qeyd: Materialda qeyd olunan fikirlərlə bağlı Dövlət Gömrük Komitəsinin (DGK), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Akqabay Mıradov