"Arıqlama çaylarının insan orqanizmi üçün mənfi təsiri çoxdur. Belə ki, həmin çaylar maddələr mübadiləsinin prosesini sürətləndirir və bağırsaqların mikroflorasını pozur.
Bu zaman bağırsaqlarda ishal başlayır, insan bədəni çoxlu maye və mikroelement itirir. Maye çox itirilsə, bədəndə susuzlaşma baş verir, bu da qanda və öddə qatılaşmaya səbəb olur".
Gender.az bildirir ki, bunu lent.az-a həkim-terapevt Vəfa Zeynalova deyib. Onun sözlərinə görə, arıqlama çayları böyrəkdə və sidik kisəsində duzların çökməsinə səbəb olur, bu da müxtəlif xəstəliklərə yol açır: "Bu vasitələr ürək fəaliyyətini pozur, sinir sisteminə təsir edir, mədə bağırsaqda xora əmələ gətirir və digər problemlərə yol açır. Arıqlamaq üçün yalnız düzgün pəhriz saxlamaq və idmanla məşğul olmaq lazımdır".
Həkim-terapevt Günel Verdiyeva da diet çaylarının ziyanlı olduğunu deyib: "Artıq çəkidən əziyyət çəkən insan mütləq həkimə müraciət edib səbəblərini bilməlidir. Çünki artıq çəki müxtəlif xəstəlikdən də xəbər verə bilər. Bu vasitələr müvəqqəti effekt verir, tərkibində işlədici otlar var ki, bu da bağırsaqlarda qıcıqlanma yaradır. Həmin çayları uzun müddət istifadə etmək olmaz, çünki bağırsaqlarda bir çox problemlərə yol açır, və istifadəsini dayandıran kimi atdığımız çəki sürətlə geri qayıdır".